10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra əsas hədəf Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına hesablansa da, Ermənistanın siyasi rəhbərliyi sülh müqaviləsinin imzalanmasından boyun qaçırır, rəsmi İrəvan xain üzünü hər fürsətdə göstərməyə çalışır. Üçtərəfli Bəyanatın ən vacib müddəalarından birinə əsasən, Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel şəkildə qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu müddəa hələ də təmin olunmur. Təəssüf ki, bütün bunlar da sülhməramlıların gözü qarşısında baş verir. Beləliklə, sözügedən müddəa məhz Rusiya və Ermənistanın özü tərəfindən kobud şəkildə pozulur.
Belə ki, iyunun 27-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutuldu. Atəş nəticəsində hərbi qulluqçumuz yaralandı. Azərbaycan Ordusu yaralanmış əsgərimizin qisasını almaq üçün elə həmin gecə cavab tədbirlərinə başladı. "Qisas-2" adı altında keçirilən bu əməliyyatda qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi.
Baş verənlər Ermənistanın riyakar siyasətinin isbatıdır. Ermənistan üzdə sülh müqaviləsində maraqlı olduğunu, hətta Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan etsə də, əməldə tam fərqli mövqe sərgiləyir, hərbi-siyasi təxribatlarını davam etdirir. Görünən odur ki, Ermənistan bu cür təxribatlarla sülh prosesinə xələl gətirməyə çalışır. Bəzi məlumatlar da onu deməyə əsas verir ki, qanunsuz hərbi birləşmələr yeni təxribatlar hazırlayır. Təbii ki, yeni təxribatlar baş verərsə, Azərbaycan Ordusu "Qisas-3" əməliyyatına başlayacaq və Azərbaycan öz ərazilərində qanunsuz silahlı birləşmələrin mövcudluğuna göz yummayacaq...
''Ermənilər Azərbaycanın Qarabağda "Qisas-3" əməliyyatından qorxurlar. Xankəndidə işğalçı qüvvələrin yenidən silahlanması, Naxçıvan istiqamətində mütəmadi təxribatlar törətməsi fonunda Azərbaycanın "Qisas-3" əməliyyatına başlayacağı ilə bağlı fikirlər formalaşıb. Qanunsuz erməni silahlı dəstələrin təxribatına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi "Qisas-2" əməliyyatından sonra bunun davamı olacağı qaçılmazdır''. Bu fikri siyasi ekspert Volkan Aydemir açıqlamasında bildirib. O deyib ki, Bakının əsas tələbi qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, o cümlədən separatçıların terrorçu dəstələrinin tərk-silah edilməsidir: "Bu, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqqıdır və tələb icra edilməsə, hərbi müstəvidə addımlar atıla bilər. 10 noyabr sazişinin imzalanmasından sonra Ermənistan verdiyi sözlərin böyük əksəriyyətini yerinə yetirmədi. Paşinyan atdığı imzanın arxasında olduğunu Brüsseldə, Vaşinqtonda, Moskvada göstərməli idi. Ermənilər sazişə əməl etməyərək davamlı olaraq terror fəaliyyətləri, təxribatlar törətdilər. Separatçılar son zamanlar sərhəddə, Naxçıvan istiqamətində fəallaşdılar. Xankəndidəki işğalçı statusu daşıyan qüvvələrin silahlandırılması davam etdi, onlar silah-sursat yığaraq Azərbaycanı münaqişəyə təhrik etməyə çalışdılar. Azərbaycan hər törədilən təxribatın cavabını artıqlaması ilə verdi və bütün bu çirkin fəaliyyətlərə baxmayaraq, Ermənistana sülh əlini uzatdı. Lakin İrəvan terror fəaliyyəti ilə sülhsevər və xoş niyyətli olmadığını göstərdi".
Siyasi ekspert deyib ki, Ermənistanın 2023-cü il başlayandan bəri fərqli bir siyasət izlədiyinə şahidik. 2022-ci ildə Azərbaycanla sülh imzalamaqda maraqlı olan Ermənistanın son aylarda bundan imtina etdiyini görürük. Bu da o deməkdir ki, Ermənistan müstəqil deyil, onu idarə edən bəzi güclər, dövlətlər var. Burada Fransanın rolunu qeyd edə bilərik. Ermənistana bir tərəfdən diaspor, bir tərəfdən kilsə, Fransa, müəyyən qədər Avropa İttifaqının idarə etdiyi bir şəhər deyə bilərik. Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirsəydi, bu gün Ermənistan fərqli prizmada olardı. Ermənistan getdikcə itirməkdədir. Azərbaycanın əvvəlki ölkə olmadığını da çox yaxşı anlamalıdırlar. Azərbaycan ordusu daha təcrübəli, daha uğurludur. 44 günlük müharibəni qazanmış Azərbaycanın başında qəhrəman və dünyada xüsusi yeri olan Ali Baş Komandanı və rəşadətli ordusu var. Bunları Ermənistanın diqqətə alması lazımdır: "Azərbaycan Xankəndidəki separatçıların fəaliyyətlərinə, Naxçıvana yönəlik olan davranışlarına qarşılıq olaraq onlara beynəlxalq hüquq çərçivəsində cavab verəcək. Beynəlxalq hüquq Azərbaycana imkan verir ki, torpaqlarında yerləşən qanunsuz erməni silahlı ünsürləri tərk-silah etmək üçün yeni bir "Qisas" əməliyyatı keçirsin. Azərbaycanın bunun üçün gücü və imkanı var. Separatçıların bölgədən çıxarılması üçtərəfli Bəyanatda da əksini tapıb. Bu, sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün çox vacibdir. Tələblər yerinə yetirilməsə, Azərbaycan tam şəkildə beynəlxalq hüquq və qanunlara uyğun olaraq antiterror əməliyyatı başlada bilər".
Esmira Yazkan ASLANOVA,
''Respublika'' qəzetinin
Türkiyə üzrə müxbiri.