Rumıniyada səfərdə olan Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budainin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Görüşdə Azərbaycan və Rumıniya arasında dost münasibətlərinə əsaslanan strateji tərəfdaşlığın mövcud olduğu, ölkələrimizin ildən-ilə genişlənən əlaqələrinin sosial sahəni də əhatə etdiyi bildirilib.
Ötən dövrdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, xüsusilə keçən ilin noyabr ayında imzalanan, iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətləri üzrə tədbirləri müəyyən edən Fəaliyyət Planının sosial əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanıb.
Azərbaycanda sosial sahədə islahatlar gündəliyi barədə məlumat verilib. Rumıniyada DOST mərkəzləri modelinin tətbiqi perspektivinin qiymətləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə, həmçinin xidmətlərin avtomatlaşdırılması üzrə təcrübəmizi bölüşməyə hazır olduğumuz bildirilib.
Görüşlərdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə və böyük quruculuq işləri, həmin ərazilərin Azərbaycanın iqtisadiyyatına və sosial təminat sisteminə reinteqrasiyası üçün görülən tədbirlər, ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verilib.
“Respublika”.