Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqı üçün əlamətdar olan bir tarixdə, 28 May - Müstəqillik Günündə yenidən qurulan Laçın şəhərində öz doğma yurdlarına qayıdan əhali ilə görüşdü. Həmin gün dövlətimizin başçısı laçınlılara onların 30 il gözlədikləri, həyatlarının ən böyük və ən önəmli hədiyyələrini - Laçındakı yeni evlərinin açarlarını təqdim etdi.
Məlum olduğu kimi, birbaşa hərbi əməliyyatlar yolu ilə azad edilmiş digər rayonlardan fərqli olaraq, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm də parlaq siyasi qələbəsinin bir nümayişi oldu. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq bir daha xatırlatdı ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdamın böyük hissəsi hələ də işğal altında idi. Hələ hərbi əməliyyatların davam etdiyi vaxt cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, yalnız Ermənistan rəhbərliyi bizim torpaqlarımızdan öz qoşunlarını nə zaman çıxaracaqlarına dair dəqiq tarix göstərdikdən sonra Azərbaycan müharibəni dayandıra bilər. Şuşa işğaldan azad olunanda Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atdı. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və noyabrın 10-na qədər gedən danışıqlar, Prezident İlham Əliyevin təkidləri nəticəsində yeni yolun çəkilişindən sonra Laçın şəhərinin Azərbaycana qaytarılacağına dair razılaşma əldə olundu. Üç ilə çəkiləcəyi nəzərdə tutulan həmin yolu Azərbaycan ilyarıma inşa etdi. 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürüldü, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Həmin tarixdən sonra gedən proseslər də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra cərəyan edən bütün digər hadisələr kimi, Ermənistana bir ibrət, dərs olmalıdır. Dövlət başçımızın dediyi kimi, cari ilin 23 aprel tarixində Azərbaycanın Ermənistanla sərhəddində qoyulan sərhəd-buraxılış məntəqəsi isə həm də bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün bir dərs olmalıdır. Bu fakt separatçıların hansısa xarici qüvvələrin gəlib Azərbaycanla müharibə aparacağına və onlar üçün hansısa status almağa nail ola biləcəklərinə dair xülyalarının boş cəfəngiyyat olduğunu bir daha təsdiq edir.
İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan özünün həm iqtisadi, həm siyasi və həm də hərbi gücünü kifayət qədər nümayiş etdirdi. Bu gün həmin göstəricilər artıq dəfələrlə yüksəlib. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, əgər müharibə dövründə heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün artıq bütün ərazilərimizə yenidən sahib olandan sonra ümumiyyətlə bu barədə kimsə düşünə bilməz. Qarabağ bölgəsi bizim əzəli, tarixi torpağımızdır və bu, beynəlxalq hüquqla da təsdiq olunub. Bu torpaqlarda daimi yaşamaq istəyən insanlar yalnız Azərbaycan vətəndaşları ola bilərlər. Azərbaycan dövləti müharibədən sonra keçən iki il yarım ərzində qarşıya qoyduğu bütün məqsədlərinə planlı şəkildə nail olub və bu gün artıq həmin planların tam başa çatmasına çox az qalıb. Buna artıq heç kimin şübhəsi yoxdur. Hətta Ermənistan hökuməti özü belə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın da bu ərazinin ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir. Yəni əslində 10 noyabr Bəyanatının imzalandığı gün darmadağın olmuş "Miatsum" xülyası bu gün artıq tarixin küncünə birdəfəlik atılıb. Bu gün Ermənistanın müzakirəyə çıxarmaq istədiyi yeganə mövzu Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlıdır. Lakin bu da Azərbaycanın daxili məsələsi olduğu üçün, dövlətimiz bu mövzunu heç bir xarici ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəldikdə isə, əlbəttə ki, Azərbaycan bunu stabil və tolerant dövlət olaraq istənilən digər bir ölkədə olduğundan daha güvənli şəkildə təmin etməyə qadirdir və hazırdır. Lakin bunun üçün həmin insanlar da müvafiq addımlar atmalı