Erməni xalqının 5 il əvvəl etdikləri səhv bu gün özlərinə qayıtmağa başlayıb. 2018-ci il mayın 8-də keçirilən səsvermədə "Yelk" (Çıxış) fraksiyasının rəhbəri, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan baş nazir seçilib. Elə qara günlər də bu tarixdən başlayıb. Paşinyanın davamlı olaraq qərəzli çıxışları, onun heç bir siyasi fikrinin olmadığının sübutudur. Xarici mətbuatda "Paşinyandan uçuruma doğru növbəti addım" başlıqlı məqalə dərc edilib. Məqalədə ötən il BMT-nin Baş Assambleyasının növbəti toplantısında Nikol Paşinyanın çıxışı təhlil edilib. Müttəfiqləri ilə bağlı səsləndirdiyi fikirlərdə birmənalı olaraq Rusiyanın qurduğu hərbi və siyasi təsisatlara onun komandasının və erməni cəmiyyətinin inamsızlığını, artıq Ermənistanın üzünü Qərbə çevirdiyini etiraf edib. Bunun qarşısında erməniyönlü politoloq Yevgeni Satanovski ermənilərin öz taleyi ilə barışmalı olduqlarını deyib: "Erməni xalqı Paşinyanı seçibmi? Seçib! Qoy, indi ondan inciməsinlər. Əvvəldən bəlli idi ki, o kimdir və nə istəyir. Qarabağda baş verənlər isə hələ başlanğıcdır".
Şübhəsiz ki, erməniyönlü politoloqun sözlərində həqiqət var. Məhkum olmuş şəxs ölkəyə liderlik edə bilərmi? Lakin erməni xalqı Paşinyanın hakimiyyətə gəlməzdən qabaq dediyi pafoslu cümlələrə, yalanlara, xülyalara inanmağı seçib. Vaxtilə baş nazirləri, prezidentləri çox tənqid edən Paşinyan bu gün eyni vəziyyətdədir. Kənardan rəy bildirmək əlbəttə ki, rahatdır. Lakin əsas məsələ elə hadisənin içində olub, onu idarə etməkdir. Aydın məsələdir ki, bu xüsusiyyətlər Paşinyanda yoxdur. Dara düşən kimi "gizlənmək" baş nazirin ən çox bilinən xüsusiyyətidir. Belə ki, 2008-ci ildə seçkilər zamanı etiraz aksiyalarına başçılıq edən Paşinyan "kütləvi iğtişaşlar təşkil etməkdə" təqsirli bilinib. Elə buna görə də 2009-cu ilin ortalarına qədər gizlənib. 7 il həbs cəzasına məhkum olan Paşinyan ümumi amnistiya çərçivəsində 2011-ci ilin may ayında azadlığa buraxılıb. Daha sonra bir sıra müxalif partiyalara üzv olub və nəhayət öz partiyasını qurub. Bundan sonra riyakar Paşinyan hakimiyyətə gəlmək üçün xalqa bir çox vədlər verib.
İkili siyasəti özünə prioritet seçən Ermənistan hakimiyyətinə qarşı xalqın heç bir inamı yoxdur. Nə qədər inkar etməyə çalışsalar da, hər şey göz önündədir. Şübhəsiz ki, Ermənistanda da həqiqətləri üzə çıxarmağa çalışan vətəndaşlar mövcuddur. Belə ki, ötən günlərdə erməni sosial media istifadəçisi Roman Baqdasaryan 30 il müddətində Qarabağ ərazisində vəhşiliklər törətmiş hakimiyyət nümayəndələri haqqında videoçarx hazırlayıb. Orada bildirilir ki, Qarabağ separatçılarının "eks-prezidenti" Arkadi Qukasyan 30 il ərzində böyük var-dövlət, həmçinin Sankt-Peterburqda bir neçə otelin sahibi olub. Daha sonra isə qondarma, "Dağlıq Qarabağ respublikası"nın keçmiş "rəhbəri" Araik Arutyunyan və onun sərvəti haqqında məlumat verilir. Belə ki, Arutyunyanın Ermənistanda və xaricdə xeyli mülkləri mövcuddur. Təkcə Rusiyanın Stavropolsk vilayətində ona məxsus böyük otellər şəbəkəsi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində, Parisdə mənzilləri var. Araik kimi bir çox "nazir"in, oliqarxın adını çəkən erməni bloger sonda vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda böyük quruculuq işləri görəndə bu ermənilər xalqı sonu görünməyən fəlakətə sürükləyirdi. İkinci Qarabağ müharibəsində ermənilərin əsas məğlubiyyəti də məhz onların adları ilə bağlıdır.
Bundan başqa, Ermənistanda populyar olan yumoristik SOS teleproqramının müəllifi, həmçinin ictimai fəal Hayk Barsegyan Azərbaycana səfər etmək istədiyini bildirib. O deyib: "Mən azərbaycanlılarla normal münasibətdə olmaq, Azərbaycana getmək, onlarla ünsiyyət qurmaq istəyirəm və istəyirəm ki, azərbaycanlılar da bura gəlsinlər. İstəyirəm ki, xalqlarımız düşmən yox, dost olsun".
Bu sözlərə görə təhqirə uğrayan Hayk Barsegyan ötən günlərdə erməni qızı müdafiə etdiyi üçün də tənqid edilib. Belə ki, hazırda Gürcüstanda olan Asya Xaçatryan adlı xanım orada azərbaycanlı Tehran Bayramovla dostluq etdiyi üçün erməni xalqı tərəfindən sözün əsl mənasında təhdid edilir. Lakin Asya Xaçatryan da Barsegyan kimi, müharibə yox, sülh və məhəbbət, həmçinin Azərbaycan dilini öyrənmək istəyir. Görünür, erməni gəncləri həqiqəti görmək, reallığı dünyaya çatdırmaq üçün cəhd edir, lakin hakimiyyət və rəsmi qurumlar tərəfindən susdurulur. Belə ki, hələ doğma Qarabağımız vandal ermənilərin zəhərli caynaqları arasında olan zaman Asya Xaçatryan mövqeyinə görə polislər tərəfindən saxlanılıb. Baş Prokurorluğun saxlamaqda əsas məqsədi isə Asyanın "mavi saçlı qız" olması imiş. Əlbəttə, məlum məsələdir ki, bu səbəb absurddur. Həqiqətləri deməyə çalışan hər bir erməni vətəndaşı rəsmilər tərəfindən zor tətbiq edilərək işgəncələrə məruz qalır.
Ötən illərdə digər erməni sosial media istifadəçisi İşixan Verdiyan da hayların adından açıqlama verib. O bildirib ki, erməni xalqının böyük əksəriyyəti Qarabağı istəmir: "Xalqın mütləq əksəriyyəti deyir ki, biz Qarabağ üçün övladlarımızı verdik, əvəzində isə Ermənistanı idarə edənlər bütün Ermənistanı işğal etdi. İnsanlar övladlarının ölməsini, əsir düşməsini istəmir". Verdiyan Ermənistanın revanşist mətbuatını da tənqid edib. O qeyd edib ki, erməni xalqı sakit, müharibəsiz yaşamaq istəyir. Medianın və rəsmilərin bildirdiyi revanşist yazı və görüntülər erməni vətəndaşlarının mövqeyini əks etdirmir".
Artıq yüzlərlə erməni vətəndaşı həqiqətlərə gözünü açıb. Bunun nəticəsidir ki, Qarabağda yaşayan erməni sakinlər üçün ötən il dekabrın 16-da yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın zəng gəlib. Onlar Azərbaycan vətəndaşlığına keçmək üçün etməli olduqları və keçdikdən sonra onlara hansı hüquqların verilməsi ilə bağlı məlumat almaq məqsədilə müraciət edirlər. Erməni xalqı yavaş-yavaş reallığı qəbul edir. Şübhəsiz ki, qısa zaman kəsiyində Ermənistan hakimiyyəti də vətəndaşların etriazlarına qarşı çıxa bilməyib, sənəd üzərində də "Qarabağ Azərbaycandır!" həqiqətini qəbul edəcək.
Töhfə SƏMƏDOVA,
"Respublika".