Gündəm

"The Washington Post" anti-Azərbaycan təbliğatçısıdır

Ümumiyyətlə, "The Washington Post" qəzetini tanıyanlar bilir ki, bu nəşr heç vaxt obyektiv, reallıqları əks etdirən yazılar dərc etmir. 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktorunda "The Washington Post" heç vaxt bu həqiqətləri dilə gətirməyib.

Eyni zamanda ABŞ Dövlət Departamenti Azərbaycan əleyhinə hazırladığı qərəzli hesabatları yayarkən qəzet Ermənistanda söz azadlığının olmaması və siyasi motivli həbslərlə bağlı heç bir etiraz yazısı dərc etməyib. Ona görə də öz yazılarında obyektivliyə söykənməyən, reallığı, həqiqətləri əks etdirməyən "The Washington Post" və qlobal Qərb mediasının "New İmperialist" dayaqlarının Azərbaycan əleyhinə ittihamlarla dolu məqalələri dezinformasiya xarakteri daşıyır. Çünki bu məqalələrdə həmişə sadəcə tərəfkeş "ekspertlərin" fikirləri öyrənilir və sırf ABŞ fondları ilə işləyən, eyni zamanda müxtəlif sorosçu dairələrə bağlı olan mərkəzlərlə əməkdaşlıq edən şəxslərin mövqeləri dərc edilir. Fərqli düşünənlərə, dövlətin mövqeyindən çıxış edənlərə isə yer verilmir. "The Washington Post" qəzetində Azərbaycan əleyhinə "fake news"lar dərc edilməsi ənənəvi xarakter alıb. Bu baxımdan "The Washington Post" qəzeti və onun timsalında bir sıra media qurumlarının ölkəmizin əleyhinə qarayaxmalarının heç bir əhəmiyyəti yoxdur.

Digər tərəfdən, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Azərbaycana qarşı çoxsaylı əsassız uydurmalar səsləndirilib. Dinləmələrdə xüsusən ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn bir sıra qərəzli açıqlamalar verib. Onun sözləri son dərəcə əsassız və qəbuledilməz idi. Bu cür bəyanatlar və dinləmələr Azərbaycan-ABŞ münasibətlərini həm ikitərəfli, həm də çoxtərəfli kontekstdə kəskinləşdirdi.

Ceyms O'Brayn ümumiyyətlə siyasi fəaliyyəti boyu bir çox qalmaqallara imza atıb. Onun fəaliyyəti və siyasi karyerası Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dəqiq arqumentlər ortaya qoymaq üçün yetərsizdir. O, regionu ümumiyyətlə yaxşı tanımır və əlbəttə ki, ABŞ-Azərbaycan münasibətlərindəki son gərginliyin səbəbkarlarından biri də Ceyms O'Brayndır. Amma istənilən halda Ceyms O'Brayn Azərbaycana xahişlə gəlir. ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevin qoyduğu şərt daxilində bu prosesi həyata keçirir. Hesab edirəm ki, Ceyms O'Brayn əvvəlki açıqlamaları ilə iki ölkə arasındakı münasibətləri gərginləşdirdiyinin fərqindədir. Bütövlükdə isə səfər ABŞ-Azərbaycan münasibətləri üçün böyük əhəmiyyət kəsb edə bilər.                                                                

Tural İSMAYILOV,

politoloq.