Bizi qalib xalq kimi dünyaya tanıdan tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri dövlətimizin əzminin, iradəsinin, gələcək baxışlarının dönməzliyini, eyni zamanda hərbi, iqtisadi və maliyyə gücünü bütün dünyaya nümayiş etdirir.
Üç ildən artıqdır ki, Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən ərazilərə mütəmadi səfərlər edir, aparılan quruculuq işlərinin gedişi ilə tanış olur, tövsiyə və tapşırıqlarını verir. Eyni zamanda işğal dövründə Ermənistanın bu torpaqlarda törətdiyi vəhşiliyi, vandallığı, cinayətləri və azərbaycanlılara qarşı qəddarlığı təkzibedilməz faktlarla dünyanın, beynəlxalq təşkilatların və erməni havadarlarının diqqətinə çatdırır, işğalçı, faşist erməni mahiyyətinin iç üzünü ifşa edir. İşğaldan azad edilən torpaqların, şəhərlərin və kəndlərin dirçəldilməsi üçün mühüm dövlət sənədlərini imzalayan ölkə başçısı həm də bu ərazilərdə böyük infrastruktur layihələrin həyata keçirilməsi üçün strateji fəaliyyət Planını təsdiq edib və bölgədə bütün işlər, həyata keçirilən layihələr həmin plan əsasında aparılır. Dünyanın ən böyük şirkətləri işğaldan azad edilən ərazilərdə başlanan quruculuq işlərində iştirak etməyə həvəs göstərir və onlardan bir çoxu artıq Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayıb. Qəhrəman ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində, Vətən müharibəsinin iyirminci günündə, 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən ağır döyüşlərindən biri olub. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri ordumuzun bölmələri tərəfindən azad edildi.
Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Müzəffər Silahlı Qüvvələrimizin şəxsi heyətinin şücaəti sayəsində döyüş meydanında düşməndən xalqımızın qisası alındı və torpaq uğrunda həlak olanların qanı yerdə qalmadı. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Qalib Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb. Bu qürurverici hadisə Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. Həmin vaxtdan başlayaraq işğaldan azad edilən, düşmənlərin dağıdaraq xarabalığa çevirdiyi Füzuli şəhəri bünövrədən qurulur, burada çox əhəmiyyətli və nəhəng infrastruktur layihələr icra olunur. Onlardan ən möhtəşəmi - bölgədə analoqu olmayan Füzuli Hava Limanı səkkiz aya müasir səviyyədə inşa edilərək istifadəyə verilib. Hazırda hava limanı adi rejimdə işləyir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.
Qalib Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Vətən müharibəsində ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz dağ cığırlarının yerində Zəfər yolu çəkilib və istifadəyə verilib. 2022-ci ilin payızından tikintisinə başlanan Əhmədbəyli-Füzuli-Şuşa yolunda işlər artıq yekunlaşır. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometrdir. Hər iki yol boyunca tunellər, körpülər inşa edilib, bütün zəruri infrastruktur yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi başa çatdırılıb və istifadəyə verilib. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. Birinci texniki dərəcəli olan bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir. Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı, yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidi tikilib. Layihə üzrə yolun 6.7 kilometrində, "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində bir aşırımlı körpünün inşası aparılıb. Avtomobil körpüsünün uzunluğu 18 metr, eni isə 21 metr təşkil edir. Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.
Füzulinin Baş Planına əsasən 3 böyük kənd - Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı kəndləri rayon mərkəzinə birləşdiriləcək. Bundan başqa, bəzi kəndlər də yerli mərkəzlər kimi bərpa olunacaq. Məsələn, Horadiz, Böyük Bəhmənli, Qaraxanbəyli, Dövlətyarlı, Qarğabazar və başqa iri kəndləri daha üstün mövqedə planlaşdırmaq nəzərdə tutulur. Yəni burada adi kəndlərdən fərqli olaraq əlavə funksiyalar işə salınacaq. Bəzi kəndlərdə çoxmərtəbəli yaşayış binaları tikiləcək. Adi kəndlərdə əsasən bələdiyyə binaları, fərdi yaşayış evləri, polis, uşaq bağçası və orta məktəblər, tibb məntəqələri olacaq. Daha iri kəndlərdə isə peşə məktəbi və poliklinikalar, yanğınsöndürmə məntəqələri, məhkəmə, yaşayış məskənləri, kinoteatrlar, muzeylər olacaq. Füzulinin yeni coğrafiyası modern, ağıllı kənd konsepsiyası əsasında cızılır və uğurla tikilir. Qeyd edək ki, Baş Plana əsasən Füzuli şəhərində 10-dan artıq məktəb, 150 yerlik mərkəzi rayon xəstəxanası və poliklinikalar tikiləcək. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası başa çatana qədər Füzuli rayonunda 1 şəhər və 10 kənd inşa olunaraq təhvil verilməlidir.
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Demək olar ki, vaxtaşırı növbəti köç karvanı ilə Füzuliyə qayıdan ailələrə mənzillərin açarları təqdim olunur. Qeyd edək ki, Füzuliyə qayıdan köç karvanları respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olur. Yeni və müasir evlərlə təmin olunan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edirlər. Bu günə qədər Füzuli şəhərində 380 ailə olmaqla, 1392 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. Yeri gəlmişkən qeyd edək ki, işğaldan azad edilən torpaqlarda ikinci "ağıllı kənd" Füzuli rayonunun Dövlətyarlı kəndində salınır. Xatırladaq ki, kəndin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq və bazar inşa ediləcək. Ən əsası isə kənd sakinlərinin məşğulluğunun təmin edilməsi birinci yerdə dayanır. Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli öz tarixinin ən şərəfli günlərini yaşayır, uzun illərdən sonra işğaldan azad edilən torpaqlarda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində fəal iştirak edən füzulililər onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirirlər.
Bunu təkcə yerli sakinlər demirlər, bölgələrə səfər edən əcnəbilər də eyni fikri bölüşürlər. İşğaldan azad edilən ərazilərə əcnəbi diplomatların, qeyri-hökumət təşkilatları nümayəndələrinin, jurnalistlərin, səyyahların səfərləri təşkil edilir, onlar torpaqlarımızda törədilmiş erməni vəhşiliyinin şahidi olurlar. Əcnəbilər qeyd edirlər ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti və bərpa işlərinin intensivliyi heyranedicidir. Hökumət bərpa işlərinə, iki yeni iqtisadi regionun yaradılmasına investisiya yatırır. Qarabağa səfərlər təkcə bu regionu kəşf etməyə və onun gözəlliklərindən həzz almağa deyil, həm də ölkənin tarixini və burada baş verənləri anlamağa kömək edir. Füzuliyə qayıdan sakinlər üçün yeni iş yerləri yaradılır, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunur. İşğaldan azad edilən Füzuli həm də aqrar rayon kimi inkişaf edəcək. Düşmən tərəfindən yandırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gələcək, ermənilərdən fərqli olaraq füzulililər əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcəklər. Ölkəmizin sosial, iqtisadi, mədəni həyatında dərin iz buraxan, bir çox uğurlar qazanılan 2023-cü il arxada qaldı. Qürurla deyə bilərik ki, Azərbaycanın inkişafı, tərəqqisi davamlı və dayanıqlı xarakter alıb, bu irəliləyiş bölgələrin timsalında, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda özünü daha qabarıq büruzə verir.
Salman ALIOĞLU,
"Respublika".