Bakının inkişafı Baş plana əsaslanacaq
İqtisadiyyat

Bakının inkişafı Baş plana əsaslanacaq

Paytaxt Bakı hələ çar Rusiyası dönəmində neft hasilatçısı, liman şəhəri olduğundan sənaye mərkəzinə çevrilmişdi. Elə həmin illərdən etibarən Bakının genişlənməsi şəhərin Baş plan əsasında inkişafını şərtləndirirdi. Bu məsələ ilə bağlı ilk sənəd XIX əsrin sonunda hərbi mühəndis polkovnik Nikolay fon der Nonnen tərəfindən tərtib olundu. Neftin istehsalı ilə bağlı şəhər əhalisi varlanması və şəhərin kortəbii şəkildə genişlənməsinin qarşısı məhz bu plan əsasında alındı.

Sonrakı Baş plan isə AXC qurulmadan öncə tərtib olundu. Onun müəllifi Məhəmməd Həsən Hacinski idi. O, Bakı Şəhər İdarəsinə başçılıq edirdi. Həmin sənəd demək olar ki, birinci plana əsasən hazırlanmışdı. İnqilabdan sonra Bakı birinci paytaxt idi ki, yeni Baş planı tərtib olunmuşdu. Bu, 20-ci illərin ortasına, daha sonra 30 və 50-ci illərə təsadüf edirdi. Baş plan həm də sovet məkanında Bakının əhəmiyyətinin yüksək olduğunun göstəricisi idi.

1971-ci ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə paytaxtın Baş planının tərtibi məsələsi müzakirəyə qoyuldu. Çünki yeni yaşayış rayonları tikilməli, Əhmədli, Günəşli qəsəbələrinin tikintisi planlı həllini tapmalı idi. Sonuncu Baş plan isə 1987-ci ildə təsdiq olundu. Lakin bir müddət sonra sovet rejimi süquta uğradığından layihələr icra olunmadı. Müttəfiq respublikaların müstəqilliyə qovuşması həm siyasi, həm sosial münasibətləri dəyişdi. Həmin Baş plan SSRİ dövrü üçün nəzərdə tutulduğundan yeni planların hazırlanması zərurəti hələ müstəqilliyin ilk illərindən gündəmə gətirilmişdi. Amma o illərdə iqtisadiyyatı iflic vəziyyətində olan respublikada yeni şəhərsalma planları hazırlayıb icra etmək qeyri-mümkün idi.

Zaman keçdikcə iqtisadi baxımdan  qabaqcıl ölkələrdən birinə çevrilən Azərbaycan Bakının perspektiv inkişafı, paytaxtda memarlıq və şəhərsalma normalarının gözlənilməsinə daha ciddi şəkildə yanaşır: "Şəhərsalma qaydaları, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, memarlıq prinsipləri, Bakı şəhərinə uyğun memarlıq üslubunun qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər amillər daim diqqət mərkəzində olmalıdır", - deyən dövlət başçısı paytaxtımızın dünyanın ən gözəl, ən müasir şəhərlərindən birinə çevrilməsi üçün vacib addımların atılmasını hər zaman dəstəkləyir. Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Baş Planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli Qərarı ilə təsdiqlənib. Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Bu ildən etibarən respublikanın inkişafı xüsusi sənədə əsaslanaraq Baş plana uyğun həyata keçiriləcək. Yeni Baş planda Bakının əsas dörd hədəf  prioritet istiqaməti müəyyənləşib ki,  bura şəhərin  dayanıqlı  inkişafı, şəhər və ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması və tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatı daxildir. Eyni zamanda layihənin əsas məqsədi hazırda vahid mərkəzli aqlomerasiya olan Bakının çoxmərkəzli və dayanıqlı şəhərə çevrilməsi, paytaxt iqtisadiyyatının yeni prioritet sahələrinin davamlı inkişafı üçün əlverişli şəraitin yaradılmasıdır ki, bu da özlüyündə Baş plan çərçivəsində əsas şəhər mərkəzi, regional mərkəzlər və alt-mərkəzlər kateqoriyasına bölünüb.

Baş plana əsasən 1 031,4 hektar ərazidə Bakının Mərkəzi Planlaşdırma Rayonunun yaradılması da təklif olunur. Bu rayon Bakının tarixi ərazilərini əhatə edəcək və burada tikintilər qadağan olunacaq. Həmçinin Bakının əsas problemi olan nəqliyyatın həllinə xüsusi diqqət göstərilir. Metro və dəmir yolu, küçə-yol şəbəkəsinin təkmilləşdirilməsi və genişləndirilməsi ictimai nəqliyyat marşrutlarının, velosiped şəbəkəsinin tətbiqi və inkişafı,  mübadilə qovşaqlarının tətbiqi və inkişafı nəzərdə tutulur.  Bundan başqa, sənəddə keçmiş sənaye dövrünün mirası olan  ətraf mühitin çirklənməsinə qarşı tədbirlər də yer alıb. Belə ki, Bakının Baş planında göllər və torpaqların rekultivasiyası ilə bağlı növbəti 20 ildə ekoloji reabilitasiya üçün prioritet istiqamətlər müəyyən edilib.

Bakıda yaşıl enerji modeli tətbiq olunacaq.  Paytaxt Bakı yenilənərək funksional rayonlara bölünəcək. Yeni nəqliyyat planında xeyli sayda yaşıllıq zolaqları salınacaq,  həmçinin velosiped yollarının sayı artırılacaq, 54 kilometr tramvay xətti çəkiləcək, eyni zamanda  metro stansiyalarının sayı 47-yə yüksələcək. Bununla da Bakı ən müasir şəhərlər sırasına daxil olacaq. İş mərkəzləri, istirahət guşələri, fabrik və zavodlar, eləcə də turizm obyektləri mərkəzləşdirələcək. Görülən işlərin nəticəsi olaraq şəhər əhalisinin rahatlığı təmin ediləcək.

Musa BAĞIRLI,

Respublika.