Rusiya Prezidenti Vladimir Putinin avqustun sonuna Türkiyəyə planlaşdırılan səfəri təxirə salınıb. Diplomatların və Kreml rəsmilərinin müzakirə və koordinasiyasından sonra V.Putin R.T.Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlməməyə qərar verib. Beləliklə, tarixi səfər baş tutmayıb...
Rusiya liderinin Türkiyəyə səfərə getməyəcəyini "RİA Novosti"nin Ankaradakı mənbələri də artıq təsdiqləyiblər. Xatırladaq ki, V.Putinin "Rosatom"un inşa etdiyi "Akkuyu" AES-in açılışı üçün Türkiyəyə səfər etməsi də əvvəlcədən elan edilmişdi. Amma son anda bu səfər də təxirə salındı.
Rusiya mümkün görüşdə mövzuların əhatə dairəsini bilir və indi bu müzakirələrə ehtiyac olmadığını düşünür. Ərdoğanın isə mövqeyi bəllidir. "Taxıl sazişi"nə qayıtmaq və Ukrayna ilə bağlı sülh danışıqlarını müzakirə etmək. Türkiyə lideri üçün "Taxıl sazişi" vacibdir. O, ümid edir ki, hələ də "Taxıl sazişi"ndə kompromis tapıla bilər. Türkiyə Rumıniya limanları vasitəsilə Ukrayna taxılının ixracı üzrə Amerika planının hazırlanmasında iştirak etməklə yanaşı, Rusiya və Qətərlə alternativ razılaşmanın mümkünlüyünü müzakirə edə bilər.
Xatırladaq ki, "Taxıl sazişi" iyulun 18-də dayandırılıb, Rusiya Türkiyə, Ukrayna və BMT-yə onun uzadılmasına etiraz etdiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü həyata keçirilməyib.
Son günlər Rusiya-Türkiyə münasibətlərini gərginləşdirən başqa xəbərlər də var. Belə ki, Türkiyə gəmiqayırma zavodlarının birində Ukrayna Hərbi Dəniz Qüvvələri üçün "Ada" tipli ikinci gəmi hazırlanıb. Gəmilərin tikintisini İstanbul şirkətlərindən biri həyata keçirib. Hazırda Ukraynada donanma qalmayıb, baxmayaraq ki, sırf nominal Hərbi Dəniz Qüvvələri, eləcə də onların komandiri var. Türkiyənin bu məsələdə Ukraynaya dəstəyi isə Moskvanın narazılığını artırır. Hətta Putinin Ərdoğanın yaxın günlərdə Rusiyaya planlaşdırılan səfərinə o qədər də isti baxmadığı bildirilir.
Bütün bunlara baxmayaraq, Türkiyə Qara Dəniz "Taxıl sazişi"ni bərpa etmək üçün səylərini davam etdirir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Krım Platforması"nın iclasına videomüraciəti zamanı bildirib. O qeyd edib ki, bu məsələdə prosesə xələl gətirəcək istənilən addımdan çəkinmək lazımdır: "Müharibənin bitməsi, Qara dəniz hövzəsində sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün rahatlıq gətirəcək. Ukraynanın Krım da daxil olmaqla, ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bildirirəm və ümid edirəm ki, regionumuz tezliklə sülhə qovuşacaq". 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaqını xatırladan Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqelərini davam etdirdiklərini deyib. "Krımın ilhaqını tanımayan Türkiyə ilk gündən bu addımın qeyri-qanuni olduğunu qətiyyətlə müdafiə edir. Başda BMT olmaqla Krımın Ukraynanın bir parçası olduğunu hər platformada ifadə edirik. Krım tatar türklərinin təhlükəsizliyi prioritetlərimizdəndir", - deyə Ərdoğan əlavə edib. Prezident Rusiya-Ukrayna müharibəsinin ədalətli və davamlı sülhlə sona çatmasının vacibliyini bildirib və tərəfləri danışıqlar masasına hazırlamaq üçün böyük səy göstərdiklərini vurğulayıb.
Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Rusiyaya səfər edəcəyi və Vladimir Putinlə "Taxıl sazişi"ni müzakirə edəcəyi bildirilir. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. "Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, Prezident Ərdoğanın Rusiyaya gözlənilən səfəri razılığa gəlmək üçün çox vacibdir. Digər tərəfdən, Türkiyənin Rusiyasız yeni marşrutu qeyri-sağlam hesab etdiyi bildirilir. Prezidentin müşaviri Akif Çağatay Kılıç Ukraynaya səfər edəcək, xarici işlər naziri Hakan Fidanın isə Ukrayna və Rusiyaya səfəri gözlənilir. Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyada Putinlə görüşü planlaşdırılır. Prezident mənbələrindən alınan məlumatda bildirilir ki, Ərdoğanın səfəri taxıl dəhlizi ilə bağlı sazişin icrasının davam etdirilməsi üçün ən mühüm addım olacaq.
Esmira YAZKAN ASLANOVA,
''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.