Ən şirin nemətimiz, qürurumuz
Siyasət

Ən şirin nemətimiz, qürurumuz

Möhkəm özüllər üzərində qurulmayan Sovet İttifaqının süquta uğraması nəticəsində Azərbaycan Ali Soveti böyük tərəddüdlərdən sonra "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bu sənədə görə, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə səs verdi. Bununla da Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, 11 dekabr 1991-ci ildə Rumıniya, ondan 2 gün sonra Pakistan, həmin ilin 23 dekabrında İsveçrə, 25 dekabrında İran, 23 yanvar 1992-ci ildə Amerika Birləşmiş Ştatları, aprelin 10-da Rusiya və başqa dövlətlər tanıdı. 2 mart 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın çətin sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Sözsüz ki, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada hökm sürən acınacaqlı vəziyyət bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifahının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan vermədi. Hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması insanlarda sosializmə nostalji hisslər yaradır, ümumən milli müstəqillik idealının mahiyyətinə mənfi təsir göstərir, onun ictimai rəydə adekvat dərkinə mane olurdu. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Aparılan uğurlu siyasət nəticəsində respublikada ardıcıl islahatlar həyata keçirildi, qısa zaman ərzində keçmiş Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürüldü. Nəticədə ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu.

Zaman da göstərdi ki, əgər o vaxt xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev amili olmasaydı, Azərbaycan bir dövlət olaraq ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Ulu Öndərin "Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir" fikri XX əsr ölkə tarixinin məhz bu reallıqlarına söykənir. Heydər Əliyevin güclü siyasi iradəsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməzliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasi kurs nəticəsində xalqımız bu dəfə müstəqillik şansından davamlı olaraq bəhrələnə bildi. Ölkə başçımız Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə göstərdiyi fəaliyyətə siyasi qiymət verərkən demişdi ki, 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir. Məhz o illərdə Heydər Əliyevin rəhbərliyi ilə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdi ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etsin.

Bu gün demokratik Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Yəni yeni qanun layihəsində doğru yanaşma ortaya qoyulub. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə "İstiqlal Bəyannaməsi"nin qəbul olunduğu 28 mayın ölkəmizdə Müstəqillik Günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü hesab olunması məntiqə söykənir. Odur ki, tarixi hadisələrin düzgün tətbiqi zamanıdır. Təqvimdə 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi yenilənməsi təqdirəlayiqdir. Bu, birmənalı olaraq Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar edilməsi faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Bu gün biz həm müstəqilliyimizin bərpasının 32-ci ildönümünü, həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin üçüncü ildönümünü qeyd edirik. Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firavan gələcəyə aparır. "Xalq-Prezident-Ordu" birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər də bunu bir daha sübut etdi. Müstəqil dövlətimiz bu gün etibarlı əllərdədir. Belə ki, müstəqilliyimizin bu tarixi mərhələsində ölkəmiz yeni nəsil dövlət modelini dünyaya təqdim edir.

İndi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan beynəlxalq səviyyədə vacib aktor rolunu oynayır, mütərəqqi təşəbbüslərlə çıxış edir. Ölkəmiz 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına sədrlik edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində nüfuzlu mövqe sahibidir. Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi tolerant məkana çevrilir. Bütün sahələr üzrə həyata keçirilən və ilk növbədə insan amilinə söykənən tarixi islahatlar və genişmiqyaslı Dövlət proqramları müstəqilliyimizin əsaslarını möhkəmləndirən amil kimi ölkəmizin dinamik inkişafını hədəfləyir. Elə bu səbəbdən də İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir. Çünki Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur. Ali Baş Komandanın da vurğuladığı kimi, müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz - bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir.

Jalə QASIMZADƏ,

"Respublika".