Azərbaycanın haqq yolundan döndərilməsi qeyri-mümkündür
Siyasət

Azərbaycanın haqq yolundan döndərilməsi qeyri-mümkündür

Vətən müharibəsində qazanılmış zəfərimizdən sonra hayların revanşist hissləri daha da artıb, məğlubiyyəti həzm edə bilməyən mənfur düşmən havadarlarının əli ilə müxtəliv qarayaxma kompaniyalarına start verib. Laçın dövlət sərhədindəki siyasi şouların əsas  səbəbi də döyüş meydanında alınan məğlubiyyətdir. Saxta beynəlxalq nəzər formalaşdırma cəhdləri isə anti-Azərbaycan dairələrinin fəallığı ilə daha da geniş vüsət almaqdadır. Elə buradan da görünür ki, "gərgin humanitar vəziyyət" və ya "blokada" tipli böhtanlar siyasi manipulyasiyadan başqa bir şey deyil.

Məsələ ilə bağlı “Respublika” ya verdiyi açıqlamada politoloq Azad Məsiyev bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsi regional məsələdən beynəlxalq müstəviyə qaldırılmış problemlər sırasındadır:

Beynəlxalq aləmdə super dövlətlərin maraqları toqquşur. Yəni başda Birləşmiş Ştatlar olmaqla, Qərb koalisiyası ilə Rusiya dövləti arasında hərbi və siyasi, eyni zamanda diplomatik bir savaş gedir. Dünyada gedən proseslər Cənubi Qafqaza, o cümlədən də Ermənistan-Azərbaycan münaqişəsinə bilavasitə təsir edir. Dediyim kimi, beynəlxalq aləmdə gedən proseslər birbaşa Cənubi Qafqaza təsir edir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Ermənistan darmadağın edildi. Məhz buna görə də, sülh çərçivəsində sona gəlmək üçün adekvat addımlar atılmalıdır. Lakin sözügedən güc dairələrinə Cənubi Qafqazdakı sülhün bərqərar olması sərf etmir. Buna görədir ki, hayların əli ilə Laçın dövlət sərhəddində şouların şahidi oluruq. Güc dairələrindən gələn reallığı əks etdirməyən bəyanatlar verilən dəstəyə əyani misaldır".

Politoloq qeyd edib ki, Ermənistandan guya humanitar yardım adı altında maşın karvanının Laçın yolunda dayanmasını bu şounun əsas tərkib hissəsi kimi qiymətləndirmək lazımdır:

"Bildiyiniz kimi, Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini Ermənistan da daxil olmaqla, digər aparacı güc mərkəzləri tanıyır. Buna görə də, Xankəndi və Xankəndi ətrafında olan bütün bölgələr Azərbaycanın tərkib hissəsi olaraq qiymətləndirilməli və Azərbaycanın daxili işinə hər hansı bir təsir mexanizmi düşünülməməlidir. Əgər blokadadan söhbət gedirsə, Naxçıvan da 30 ilə yaxındır blokadadadır və oraya heç bir quru yolu açılmır. Beynəlxalq hüquq çərçivəsində baxsaq, öz suveren ərazisində istənilən məntəqədə postların qurulması, sərhəd-keçid məntəqələrinin açılması və orada iş rejiminin beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, Azərbaycanın suveren hüququdur. Amma son vaxtlar Ermənistan Azərbaycan dövlətinin razılığı olmadan bu maşın karvanının Xankəndinə aparılması cəhdi Azərbaycanın daxili işinə, onun suverenliyinə təhdid deməkdir. Bu baxımdan Azərbaycan beynəlxalq hüquq çərçivəsində yük maşınınlarının Ağdam-Xankəndi yolundan keçirilməsini təklif edir. Azərbaycan ərazisindən keçməli olan hər bir humanitar yardım dövlətimizin nəzarəti altında şəffaf şəkildə öz ünvanına çatmalıdır. Biz belə halları çox görmüşük. Xatırlatmaq istəyirəm ki, 1980-ci illərin sonunda indiki Gümrü ərazisində baş verən zəlzələ zamanı xaricdən Ermənistana humanitar yardım altında böyük silahlar gətirilirdi və bu silahlar sonradan Azərbaycan ərazisinin işğal edilməsində istifadə olunmuşdu.

Təəssüflər olsun ki, bu gün Paşinyanı hakimiyyətə gətirən siyasi dairələr onun siyasi nüfuzunu gücləndirmək istəyirlər. Hesab edirəm ki, xarici qüvvələr Cənubi Qafqazda Ermənistan üzərindən anti-Rusiya fəaliyyətini həyata keçirməkdədirlər. Ədalət gec-tez öz yerini tapacaqdır. Bu cür təzyiqlərlə, fəaliyyətlərlə Azərbaycanın haqq yolundan döndərilməsi qeyri mümkündür.”

Nurlan ABDALOV,

"Respublika".