Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. Bölgədəki destabil vəziyyəti sürdürməyə çalışan hayların ekofəallarımıza qarşı həyata keçirdiyi qarayaxma kampaniyası dünyanın qlobal güc mərkəzlərində çaşqınlığa səbəb olur. Daha dəqiq desək, erməni lobbisinin fəaliyyəti Avropadakı Ermənistan havadarlarını bu məsələyə qarşı ikili standart sərgiləməyə təşviq edir. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə heç bir əngəl törətməyən, humanitar məqsədlər üçün yolu açıq saxlayan ekofəallar artıq 138 gündür ki, Laçın-Xankəndi yolunda etiraz aksiyasını davam etdirirlər.
Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin minlərlə nəqliyyat vasitəsinin, səhhətində problemlər olan şəxslərin və onları müşayiət edənlərin keçidinə nəinki maneə yaradılmamış, əksinə, lazım gəldikdə kömək göstərilmişdir. Yolun humanitar məqsədlər üçün tam açıq olması Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddiaların saxta olduğunu bir daha sübut edir.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarı ekoloji fəsadlar törətməkdədir. Baş verənlərlə bağlı Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər, vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Bu aksiya həm də Azərbaycan xalqının separatizmə qarşı mübarizəsini, erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcəyini göstərir. Qarabağda keçirilən etiraz aksiyası ötən il dekabrın 12-dən davam edir. Aksiya iştirakçıları düşmən ölkəni Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun fəaliyyət göstərməyə dəvət edir. Bir məsələni də xüsusilə vurğulayaq ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına qarşı fikirlər səsləndirərək beynəlxalq aləmdə mənfi fikir yaratmağa çalışır. Belə ki, növbəti təxribat xarakterli iddia guya aksiyada hərbçilərimizin iştirak etməsi yalanıdır. Lakin Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi-hərbi məqsəd daşımır. İctimaiyyət nümayəndələri haqlı olaraq separatçı rejimin təbii ehtiyatlarımızın qanunsuz istismarına son qoyulmasını tələb edirlər.
Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Aksiya iştirakçıları Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını böyük sevinc və fərəh hissi ilə qarşılayıblar.
Nurlan ABDALOV,
"Respublika".