Dünyanı sarsıdan terror
Digər xəbərlər

Dünyanı sarsıdan terror

2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində irimiqyaslı terror hadisəsi törədilmişdir. Terrorçular qaçırdıqları sərnişin təyyarələrini Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpmışdılar. Daha bir təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə vurulmuşdu. Məlumatlarda bu təyyarənin hədəfinin Ağ ev olduğu deyilirdi. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnmişdi. Həyatını itirənlərin 343-ü isə xilasedicilər idi. Terror aktı nəticəsində Nyu-York şəhərinə 36 milyard dollar həcmində zərər dəymiş, "Əkiz" qüllələrin dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparmışdır.

O dövrün rəsmi məlumatlarına görə, bu dəhşətli terroru "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürmüşdür. "American Airlines" və "United Airlines" aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir. Federal Təhqiqat Bürosu 3 gün ərzində təyyarə oğrularının siyahısını tərtib edir. Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başlayır. 72 saat aparılan araşdırma nəticəsində "Əl-Qaidə" ilə bağlılığı olan 19 terroristin şəxsiyyəti müəyyənləşdirilir. "Əl-Qaidə" lideri Üsame Bin Ladeni tutmaq üçün ABŞ Əfqanıstanda hərbi əməliyyatlara başlayır. Məhz bu hadisələr bütün dünyanı ciddi qorxuya salır. Çünki qüdrətli dövlət olan ABŞ-da bu miqyasda terror hadisəsinin baş verməsi inanılmaz idi.

Xatırladaq ki, 12 sentyabr 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında baş vermiş terror aktlarının günahsız qurbanlarının xatirəsinin yad edilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamda qeyd olunurdu ki, 2001-ci il sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Nyu-York şəhərlərində minlərlə dinc və günahsız insanların ölümünə səbəb olmuş dəhşətli terror aktları həyata keçirilmişdir. Terrorizmin və dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğının nə olduğunu Azərbaycan xalqı dəfələrlə öz üzərində hiss etmişdir. Odur ki, bu gün Amerika xalqının keçirdiyi hissləri, yaşanan bu ağır faciənin nəticələrini Azərbaycan xalqı yaxşı anlayır. Amerikada törədilmiş bu müdhiş terror aktını insanlıq əleyhinə və sülhsevər bəşəriyyətə qarşı ağır cinayət kimi qiymətləndirərək öz hiddətimizi bildiririk.

2001-ci il sentyabrın 20-də prezident Corc Buş ABŞ Konqresinin birgə sessiyasında 11 sentyabr günü baş verən hadisələr, 9 günlük xilasetmə və bərpa cəhdləri və 11 sentyabr terroruna qarşı cavab tədbirləri haqqında danışmışdı. Zərərçəkənlərin ailələrini və həyatda qalanları maliyyə yardımı ilə təmin etmək, hücumlara məruz qalmış insanlara yardım etmək üçün böyük miqdarda pul ayrılmış, xeyriyyə cəmiyyətləri yaradılmışdı. 2002-ci il martın 11-də Ümumdünya Ticarət Mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulmuş, bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucaldılmışdır. Terror aktının onuncu ildönümündə isə "Əkiz" qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olmuşdur. 2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşən muzey fəaliyyətə başlamışdır. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur. Hər il 11 sentyabr hadisələri ilə əlaqədar ABŞ-da "Vətənpərvərlik günü" və "Dualar günü" kimi qeyd olunur. Bütün ölkə ərazisində terror qurbanları ehtiramla anılır. Hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial tədbirlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2001-ci ilin 11 sentyabr hadisələri dünya dövlətlərinin beynəlxalq terrorizmə və təcavüzkar separatizmə daha həssaslıqla yanaşması, terrora və onu dəstəkləyən dövlətlərə qarşı barışmaz mövqenin təşəkkül tapması, qlobal cinayətlər əleyhinə mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsi üçün zəmin yaratmışdır.

Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan Respublikası öz hava məkanını və hava limanlarını Əfqanıstanda Əl-Qaidə və Talibana qarşı mübarizə aparan beynəlxalq antiterror koalisiyasının üzvlərinə açmışdır.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilmiş və xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən öz xeyriyyə və qeyri-kommersiya statuslarından sui-istifadə edilərək suveren ərazilərimizdə terror fəaliyyətlərinin maliyyələşdirilməsi üçün külli miqdarda ianə toplanmışdır. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə aidiyyəti dövlət qurumlarının təqdim etdiyi və açıq mənbələrdən əldə edilmiş məlumatlar əsasında Azərbaycan hökuməti tərəfindən müfəssəl hesabat hazırlanmış, mütəmadi olaraq yenilənmiş və BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilmişdir.

Ölkəmiz terrorçuluğa qarşı mübarizə sahəsində öz daxili qanunvericiliyini mövcud beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirir və zəruri əlavə və dəyişikliklər edir. Azərbaycan hazırda terrorçuluğa qarşı mübarizə üzrə bütün mövcud konvensiyalara qoşulmuşdur.

Mustafa KAMAL,

"Respublika".