Hər bir xalqın tarixinin ən mürəkkəb mərhələsində onun dövlətçilik ənənələrini formalaşdırmış milli lideri müstəsna rol oynayır. Ona görə də liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə bağlılıqları ilə milyonların qəlbində möhtəşəm abidə ucaldırlar.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi daim diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycanı müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna çıxarmaq olmuşdur.
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən xalqına bağlı olduğunu respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və qətiyyəti ilə əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsi ilə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi fəaliyyət göstərməsinə zəmin yaratdı.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq göstərərək ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Heydər Əliyev rəhbərliyi dövründə Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin inkişafı üçün mühüm addımlar atmışdır. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, sosial-iqtisadi yüksəlişə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, o cümlədən Avropa ölkələri və ABŞ, Rusiya, türkdilli dövlətlər, Türkiyə və İranla, həmçinin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirilmiş və tədricən həyata keçirilmişdir. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq qurulmuşdur. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan məqsədyönlü iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfə vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradılmışdı.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin aparılmasıdır. Bu sıraya siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində reallaşdırılan tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır.
Bu mənada, Ulu Öndər Heydər Əliyev müdrikcəsinə demişdir: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan