Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. dövlət-özəl tərəfdaşlığı – dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyəti;
1.1.2. dövlət-özəl tərəfdaşlığı layihəsi – ümumi dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdən yuxarı olan dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsinə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusu;
1.1.3. dövlət-özəl tərəfdaşlığı qaydaları – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən və dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsini tənzimləyən sənəd;
1.1.4. iddiaçı – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak edən və ya özəl təşəbbüs irəli sürən fiziki və ya hüquqi şəxs;
1.1.5. dövlət tərəfdaşı – özəl tərəfdaşla dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri;
1.1.6. özəl tərəfdaş – dövlət tərəfdaşı ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan, müsabiqə və ya birbaşa danışıqlar əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün seçilmiş fiziki və ya hüquqi şəxs;
1.1.7. dövlət xidmətləri – dövlət orqanları (qurumları) tərəfindən istehsal edilən mal, göstərilən xidmət, görülən iş, habelə dövlət əmlakının, o cümlədən dövlətin iştirak payı olan hüquqi şəxslərin idarə edilməsi;
1.1.8. infrastruktur – dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş maddi və qeyri-maddi aktivlər;
1.1.9. strateji sənədlər – dövlət-özəl tərəfdaşlığı layihələrini özündə ehtiva edən dövlət proqramları, strategiyaları, konsepsiyaları və milli fəaliyyət planları;
1.1.10. səlahiyyətli orqan – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.11. layihə şirkəti – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasını təmin etmək məqsədilə özəl tərəfdaş tərəfindən yaradılan hüquqi şəxs.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Dövlət-özəl tərəfdaşlığına dair qanunvericilik
Dövlət-özəl tərəfdaşlığına dair Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “İnvestisiya fəaliyyəti haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarından və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Bu Qanunun tətbiq dairəsi
3.1. Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
3.2. “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir.
3.3. Bu Qanunun müddəaları “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq neft-qaz sahəsində fəaliyyətə şamil edilmir.
3.4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3.5. Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 4. Dövlət-özəl tərəfdaşlığının əsas prinsipləri
4.1. Dövlət-özəl tərəfdaşlığı aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.1.1. qanunun aliliyi;
4.1.2. azad rəqabətin qorunması;
4.1.3. şəffaflıq və səmərəliliyin artırılması;
4.1.4. iddiaçıların hüquq bərabərliyi;
4.1.5. tərəflər arasında maraq və risk balansının qorunması.
Maddə 5. Dövlət-özəl tərəfdaşlığı layihələrində dövlətin iştirakı
5.1. Dövlət-özəl tərəfdaşlığı layihələri Azərbaycan Respublikasının qanunları ilə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir.
5.2. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən edilir və müsabiqənin şərtlər toplusunda qeyd olunur.
5.3. Dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması və üsulları (səlahiyyətli orqanın razılığı əsasında iqtisadi və (və ya) maliyyə əsaslandırmaları olduğu hallar istisna olmaqla) dövlət-özəl tərəfdaşlığı müqaviləsinin bağlanılmasından sonra dəyişdirilə bilməz.
5.4. Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlət öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən edilir.
2-ci fəsil
Dövlət-özəl tərəfdaşlığının tənzimlənməsi
Maddə 6. Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasəti
6.1. Dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin məqsədləri aşağıdakılardır:
6.1.1. dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması;
6.1.2. dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması;
6.1.3. iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması;
6.1.4. iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması;
6.1.5. sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi;
6.1.6. yeni iş yerlərinin yaradılması, habelə regionların tarazlı inkişaf imkanlarının təmin olunması;
6.1.7. rəqabətqabiliyyətli məhsul ixracının artırılması;
6.1.8. iqtisadiyyatda səmərəliliyin və şəffaflığın yüksəldilməsi.
Maddə 7. Səlahiyyətli orqan
7.1. Dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
7.2. Səlahiyyətli orqan:
7.2.1. dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir;
7.2.2. dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üzrə müsabiqə sənədlərinin və müqavilələrin layihəsini və ya müqavilələrin əsas şərtlərini hazırlayır;
7.2.3. özəl tərəfdaşın müəyyən edilməsi məqsədilə müsabiqəni və ya birbaşa danışıqları təşkil edir;
7.2.4. dövlət-özəl tərəfdaşlığı ilə bağlı layihə təkliflərinin qiymətləndirilməsini və bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasının yaradılmasını təmin edir;
7.2.5. müsabiqənin şərtlər toplusunun hazırlanmasını və layihə üzrə dövlət tərəfdaşı ilə razılaşdırılmasını, dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə çıxarılmasını və ya birbaşa danışıqlar əsasında müqavilənin bağlanılmasını, habelə müqaviləyə dəyişiklik edilməsini təşkil edir;
7.2.6. hər bir layihə üzrə müsabiqə iştirakçılarına dair tələbləri müəyyən edir;
7.2.7. bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan layihələrin siyahısını təsdiq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir;
7.2.8. müsabiqə üzrə layihə təkliflərinə baxılması və qalibin seçilməsi müddətini müəyyən edir;
7.2.9. dövlət-özəl tərəfdaşlığı müsabiqəsinə təqdim edilmiş hər bir layihə üzrə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun fəaliyyət göstərən işçi qruplar yaradır;
7.2.10. dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasının bu Qanunun 36-cı maddəsinə uyğun olaraq monitorinqini aparır və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat təqdim edir;
7.2.11. bu Qanunun 36-cı maddəsinə uyğun olaraq aparılan monitorinqin nəticələri əsasında dövlət resurslarının effektiv istifadə olunmasının qiymətləndirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər təqdim edir.
3-cü fəsil
Dövlət-özəl tərəfdaşlığı layihələri, onların seçilməsi qaydası və iddiaçılara dair tələblər
Maddə 8. Dövlət-özəl tərəfdaşlığı layihəsi
8.1. Səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını qüvvədə olan strateji sənədlər əsasında hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra hər il üzrə bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir.
8.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi birdən çox dövlət tərəfdaşının səlahiyyətinə aid olduğu hallarda, səlahiyyətli orqan dövlət tərəfdaşını müəyyən edir və ya dövlət-özəl tərəfdaşlığı layihəsinin onlar tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir.
8.3. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı layihələri aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edilir:
8.3.1. layihənin əhəmiyyəti;
8.3.2. layihənin iqtisadi səmərəliliyi;
8.3.3. layihənin icrası zamanı yarana biləcək maliyyə riskləri və bu risklərin tərəflər arasında bölgüsü.
8.4. Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir. Bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:
8.4.1. dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun yararlılıq müddəti;
8.4.2. özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik.
8.5. Dövlət-özəl tərəfdaşlığı layihələri bu Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər.
Maddə 9. Dövlət-özəl tərəfdaşlığı üçün layihələrin seçilməsi
9.1. Səlahiyyətli orqan tərəfindən bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan siyahı səlahiyyətli orqanın rəsmi internet səhifəsində, bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında yerləşdirildikdən və ya mediada dərc edildikdən sonra layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər bu barədə niyyətlərini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq səlahiyyətli orqana bildirmək hüququna malikdirlər.
9.2. Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə, bu Qanunun 24-cü maddəsi nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsini bu Qanunun 12-ci maddəsinə uyğun olaraq müsabiqəyə hazırlayır.
Maddə 10. İddiaçının özəl təşəbbüsü
10.1. İddiaçı bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş siyahıdan əlavə özəl təşəbbüs irəli sürə bilər.
10.2. Səlahiyyətli orqan iddiaçının özəl təşəbbüsünün bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulan meyarlara uyğunluğunu yoxlayır.
10.3. Səlahiyyətli orqan 60 (altmış) gün müddətində iddiaçının özəl təşəbbüsünün növbəti mərhələyə qəbul edilməsi, növbəti mərhələyə qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edilməsi və ya bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmadıqda rədd edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində iddiaçını məlumatlandırır.
10.4. İddiaçının özəl təşəbbüsü növbəti mərhələyə qəbul edildikdə, səlahiyyətli orqan 10 (on) gün müddətində həmin özəl təşəbbüsün xülasəsini özünün rəsmi internet səhifəsində, bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasında yerləşdirir və ya mediada dərc etdirir.
10.5. İddiaçının özəl təşəbbüsü növbəti mərhələyə qeyd-şərtlə (dəyişikliklərlə) qəbul edilərsə, səlahiyyətli orqanla iddiaçı arasında, bu Qanunun 10.3-cü maddəsinə uyğun olaraq, məlumat göndərildiyi tarixdən 30 (otuz) gün müddətində həmin qeyd-şərtlərlə (dəyişikliklərlə) bağlı danışıqlar aparılır. Səlahiyyətli orqanla iddiaçı arasında qeyd-şərtlərə (dəyişikliklərə) dair razılıq əldə edildikdə, bu Qanunun 10.6-cı maddəsinə uyğun tədbirlər görülür.
10.6. Səlahiyyətli orqan özəl təşəbbüs qaydasında verilmiş təklifin xülasəsini dərc etdikdən sonra 60 (altmış) gün müddətində digər şəxslər səlahiyyətli orqana müraciət etməklə həmin dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində özəl tərəfdaş qismində iştirak etmək niyyətlərini bildirə bilərlər. Azı iki digər şəxs tərəfindən səlahiyyətli orqana belə niyyət bildirildiyi halda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsini bu Qanunun 12-ci maddəsinə uyğun olaraq müsabiqəyə hazırlayır.
10.7. Bu Qanunun 10.6-cı maddəsinə uyğun olaraq azı iki digər şəxs tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək niyyəti bildirilmədiyi halda səlahiyyətli orqan müsabiqə keçirmədən dövlət tərəfdaşının, bu Qanunun 24-cü maddəsinə uyğun olaraq, özəl tərəfdaşla 45 (qırx beş) gün müddətində müqavilə bağlamasını təşkil edir.
10.8. İddiaçının özəl təşəbbüs qaydasında təqdim etdiyi təklif müsabiqəyə çıxarıldıqdan sonra həmin iddiaçının müsabiqədə iştirak etməkdən imtina etdiyi və ya müsabiqədə qalib gəlmədiyi hallarda, səlahiyyətli orqan özəl təşəbbüs irəli sürmüş iddiaçının hazırladığı sənəd və məlumatlardan istifadə etdiyi halda həmin sənədlərin hazırlanması və məlumatların əldə edilməsi üçün iddiaçının çəkdiyi xərcləri ödəməlidir. Bu zaman səlahiyyətli orqan bu xərclərin müsabiqənin qalibi tərəfindən özəl təşəbbüsü irəli sürən, lakin müsabiqədə iştirak etməkdən imtina edən və ya müsabiqədə qalib gəlməyən iddiaçıya ödənilməsini müsabiqənin şərti kimi müəyyən edir.
Maddə 11. İddiaçılara dair tələblər
11.1. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün iddiaçılara dair tələblər aşağıdakılar nəzərə alınmaqla dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyən edilir:
11.1.1. iddiaçı müvafiq fəaliyyət və ya oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olmalı;
11.1.2. iddiaçı dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün maliyyə resurslarına və (və ya) həmin maliyyə resurslarını cəlb etmək imkanına malik olmalı;
11.1.3. iddiaçı maddi və (və ya) qeyri-maddi aktivlərə və ya həmin aktivlərin cəlb edilməsi imkanına malik olmalı;
11.1.4. iddiaçı idarəetmə imkanlarına, bilik, innovasiyaya və texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olmalı;
11.1.5. fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvlərinin korrupsiya, dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ya onlar barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması faktı olmamalı;
11.1.6. fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində beynəlxalq sanksiyalar mövcud olmamalı, habelə vətəndaşı və ya rezidenti olduğu ölkədə həmin şəxsin dövlət-özəl tərəfdaşlığı layihəsində iştirakını məhdudlaşdıran və ya qadağan edən məhdudiyyətlər tətbiq edilməməli;
11.1.7. fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində dövlət-özəl tərəfdaşlığı layihəsində nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qoyulan məhdudiyyət və ya qadağa olmamalı;
11.1.8. iddiaçı barəsində onun iflası haqqında icraat, hüquqi şəxs olduğu təqdirdə isə həmçinin ləğvi haqqında icraat olmamalı.
11.2. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici iddiaçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici iddiaçıların müsabiqədə iştirak etməsinə, özəl təşəbbüs qaydasında təklif verməsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə birbaşa danışıqlarda iştirak etməsinə məhdudiyyətlər qoyula bilər. Səlahiyyətli orqan belə məhdudiyyətin müəyyən olunduğunu müsabiqənin şərtlər toplusunda və müsabiqə barədə elanda göstərməlidir.
11.3. Bu Qanunun 11.1-ci və 11.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığı layihəsinin məqsədi, strukturu və xüsusiyyətlərindən asılı olaraq özəl tərəfdaşa dair tələblər səlahiyyətli orqan tərəfindən müsabiqənin şərtlər toplusunun hazırlanması mərhələsində dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq müəyyən edilir.
4-cü fəsil
Dövlət-özəl tərəfdaşlığı müsabiqəsi
Maddə 12. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müsabiqəyə hazırlanması
12.1. Səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihələrinin müsabiqəyə hazırlanması mərhələləri aşağıdakılardır:
12.1.1. dövlət tərəfdaşı tərəfindən layihə üzrə müfəssəl texniki-iqtisadi əsaslandırmanın hazırlanması və səlahiyyətli orqana təqdim edilməsi;
12.1.2. müsabiqənin şərtlər toplusunun hazırlanması;
12.1.3. iddiaçının özəl təşəbbüsünə münasibətdə dövlət tərəfdaşının müəyyən edilməsi (tələb olunduqda);
12.1.4. dövlət-özəl tərəfdaşlığı müqaviləsinin layihəsinin və ya müqavilənin əsas şərtlərinin hazırlanması.
12.2. Dövlət-özəl tərəfdaşlığı layihəsinin müfəssəl texniki-iqtisadi əsaslandırması aşağıdakıları əhatə etməlidir:
12.2.1. dövlət-özəl tərəfdaşlığı layihəsinin ətraflı təsviri;
12.2.2. dövlət-özəl tərəfdaşlığı layihəsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun Əlavəsində nəzərdə tutulan fəaliyyətlə bağlı olduqda həmin Qanuna uyğun olaraq ətraf mühitə təsirinin qiymətləndirilməsi nəticələrini təsdiq edən sənəd;
12.2.3. xarici investorların və kreditorların cəlb edilməsi nəzərdə tutulduğu halda işgüzar adətlərlə tələb olunan məlumat və sənədlər;
12.2.4. dövlət-özəl tərəfdaşlığı layihəsinin riskləri, onların qiymətləndirilməsi və tərəflər arasında bölüşdürülməsi;
12.2.5. dövlət tərəfindən veriləcək dəstək və təminatların müəyyən edilməsi.
12.3. Bu Qanunun 12.1.1 – 12.1.4-cü maddələrində nəzərdə tutulmuş işlər başa çatdıqdan sonra səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsini müsabiqəyə çıxarır.
Maddə 13. Dövlət-özəl tərəfdaşlığı müsabiqəsinin mərhələləri
13.1. Dövlət-özəl tərəfdaşlığına dair müsabiqə aşağıdakı mərhələlərdən ibarət olmaqla açıq formada keçirilir:
13.1.1. müsabiqə barədə elanın verilməsi;
13.1.2. iddiaçılar tərəfindən müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi;
13.1.3. müsabiqədə iştirak üçün müraciət etmiş iddiaçıların bu Qanunun 16.1-ci maddəsinə uyğun olaraq ixtisas uyğunluğunun qiymətləndirilməsi;
13.1.4. ixtisas uyğunluğundan keçmiş iddiaçılara müsabiqənin şərtlər toplusunun təqdim edilməsi, ixtisas uyğunluğundan keçməmiş iddiaçılara bu barədə yazılı bildirişin göndərilməsi;
13.1.5. iddiaçılar tərəfindən təqdim olunmuş layihə təkliflərinin qiymətləndirilməsi;
13.1.6. müsabiqə qalibinin, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçıların seçilməsi.
13.2. Hər bir müsabiqə iştirakçısı eyni müsabiqəyə birdən çox layihə təklifi verə bilməz. Müsabiqə iştirakçısı öz layihə təklifini təkliflərin təqdim edilməsi üçün müəyyən edilmiş son müddət başa çatanadək istənilən vaxt dəyişdirə bilər.
Maddə 14. Müsabiqənin elan edilməsi
14.1. Müsabiqənin keçirilməsi barədə elan, layihənin xüsusiyyətindən asılı olaraq, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş müddətdə səlahiyyətli orqanın rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin mediada dərc edilir.
14.2. Dövlət-özəl tərəfdaşlığı layihəsi haqqında aşağıdakı məlumatlar səlahiyyətli orqanın və dövlət tərəfdaşının rəsmi internet səhifəsində, habelə bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş məlumat bazasında yerləşdirilir:
14.2.1. layihənin qısa təsviri və həyata keçiriləcəyi yer;
14.2.2. layihə üzrə dövlət dəstəyi və təminatlar (olduğu halda);
14.2.3. müsabiqənin şərtlər toplusunun qısa məzmunu.
14.3. Bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş elanda bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş tələblər və müsabiqədə iştirakla bağlı müraciətlərin təqdim edilməsi müddəti göstərilməlidir.
Maddə 15. İddiaçıların müsabiqədə iştirakı
15.1. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər və bu Qanunun 10-cu maddəsinə uyğun olaraq özəl təşəbbüs irəli sürmüş iddiaçılar, eləcə də digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq keçirilən müsabiqədə iştirak etmək ü