YEVLAX
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün regionlarında olduğu kimi, Yevlaxda da abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, küçələrin asfaltlanması, bordürlərin düzülməsi, yeni infrastrukturların yaradılması işləri uğurla davam etdirilir. Yolların kənarlarına həmişəyaşıl kollar əkilir, sakinlərin asudə vaxtlarını xoş keçirmələri üçün yeni parklar salınır, çoxmənzilli yaşayış binalarının həyətləri abadlaşdırılır.
Şəhərdə ənənəvi olaraq ötən il də vətəndaşların rifahına yönəlmiş bir sıra sosialyönümlü işlər həyata keçirilib. Belə ki, şəhərin Qanboy Quliyev küçəsi 3 və 4, Zərdabi küçəsi 2, Yeni Yevlax küçəsi 5, Nizami prospekti 44, 46, 48 ünvanlarda yerləşən binaları əhatə edən və 600 nəfərə yaxın sakinin yaşadığı həyət, Heydər Əliyev prospekti boyunca yeni salınan park və uzun illərdir təmirsiz olan, Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi salınmış "Dostluq" parkı yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib.
Burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə yaraşıqlı söhbətgah və oturacaqlar qoyulub, uşaqların əyləncəsi üçün müxtəlif növ uşaq oyunları və müasir idman qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb. Həmçinin abadlaşdırılan ərazidə mövcud yaşıllıqların bərpası işləri aparılaraq yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib, yeni yaşıllıq zolağı salınıb, müxtəlif növ mövsümi gül kolları əkilib, suvarma xətti çəkilib. Abadlıq-quruculuq işləri həyata keçirilən həyətdə binaların fasadları əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılmışdır. Binaların həyətinə asfalt və tamet daşı vurulub, qazon salınıb, tullantılar üçün kiçik zibil qutuları qoyulub. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır. Görülən işlərə görə sakinlər möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Zabit XƏLİLOV,
"Respublika".