Azərbaycanla Gürcüstan arasında münasibətlərdə humanitar sahədə əməkdaşlıq əhəmiyyətli rol oynayır
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Bu baxımdan, ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı hər zaman diqqət mərkəzindədir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri bu münasibətlərin hazırkı yüksək səviyyəsini əks etdirir.
Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri mövcud əlaqələrin davamlı xarakter daşıdığını göstərir. Bu, Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Həmçinin, bölgədə gedən proseslərin, təhlükəsizliklə bağlı məsələlərin birgə müzakirələri əməkdaşlığı yeni müstəviyə yüksəldəcək. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili görüş çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə etdilər. Gürcüstanın Baş naziri bu il Azərbaycanda ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunduğunu vurğuladı, ümummilli liderin əziz xatirəsinin gürcü xalqı tərəfindən də böyük hörmət və ehtiramla anıldığını, onun gürcü xalqının böyük dostu olduğunu qeyd etdi.
Liderlərin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev qeyd edib ki, Gürcüstanla Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir, biz dostuq, müttəfiqik, xalqlarımızı qardaşlıq əlaqələri bağlayır. Müzakirə olunan bütün məsələlər bir məqsədi güdür ki, ikitərəfli əməkdaşlığı dərinləşdirək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları ataq. Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri birləşdirir. Həmçinin xalqlarımız arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq mövcuddur. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" strateji tərəfdaşlığın təməlini qoyub. Ümummilli lider Heydər Əliyevin və sabiq Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərarası əlaqələrimizin inkişafına əhəmiyyətli dərəcədə təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, indiyədək 118-dən çox sənəd imzalanıb.
Humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu Gürcüstanda yaşayan soydaşlarımızın durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında borçalılara böyük dəstək olur. Xüsusən, məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fond tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, kənddə XVI əsrə aid qədim məscid bərpa olunub, Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib, Qardabani şəhərindəki 3 saylı, Tbilisi şəhərində M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəblərinin, Dmanisi şəhərindəki 2 saylı məktəbin və bu rayonun Kirovisi kəndində məktəbin, Marneuli şəhərində 3 və 7 saylı məktəblərin binaları əsaslı təmir olunub, Qardabani rayonunun Qaracalar kəndində məktəb binası inşa edilib və Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb.
Fond "Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın azərbaycanlıların yaşadıqları regionlarında təhsilin, məktəb infrastrukturunun inkişafı üçün çox mühüm işlər görür. 2004-cü ildən etibarən soydaşlarımızı yeni dərs ili ərəfəsində hədiyyə etdiyi dərs ləvazimatı ilə sevindirir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il Gürcüstanın Azərbaycan dilində olan məktəblərinə dərslik