Cənubi Qafqaz geosiyasi proseslərin ən çox cərəyan etdiyi regionlardan biridir. İndiyədək baş vermiş hadisələrə nəzər yetirsək, bir sıra güc mərkəzlərinin regionda sabitliyi pozmaq cəhdlərini görərik. Belə ki, Ermənistan və onu dəstəkləyən havadarları vəziyyəti daim gərginləşdirmiş, sülhü təhdid etmişlər.
Bütün bunlara baxmayaraq, ölkəmizin formalaşdırdığı yeni geosiyasi vəziyyət regional güc balansının dəyişməsində, qlobal güclərin Cənubi Qafqazda illərdir davam edən qeyri-obyektiv siyasətinin ifşasında müstəsna rol oynamışdır. Bəs geosiyasi nizam necə yaranır? Dünyanın qlobal siyasi proseslərində baş verən mövqe savaşlarının rolu əsasdır. Bütün bunların əksinə, ölkəmiz sabitliyə zidd təsirləri neytrallaşdırmış, milli maraqlarımızı daim qorumuşdur. Azərbaycan hazırda Cənubi Qafqazda baş verən proseslərdə birmənalı şəkildə əsas aktorlardan biri kimi çıxış edir. Bu isə respublikamızın təşəbbüskarı olduğu və reallaşdırdığı layihələrlə bağlıdır. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə də Cənubi Qafqazdakı vəziyyətin sabitləşməsinə mühüm töhfələr vermişdir. Zəfər nəticəsində bütün dünya situasiyanı mürəkkəbləşdirən tərəfin məhz Ermənistan olduğunu görmüş, düşmən öz məğlubiyyətini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Vətən müharibəsindəki qələbə Azərbaycanın 30 il ərzində siyasi, iqtisadi, hərbi və geosiyasi manevrinin nəticəsidir. Xüsusi vurğulamaq lazımdır ki, müharibə zamanı Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstəyi də münaqişəyə təsirsiz ötməmişdir. Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 15-də Türkiyənin NTV kanalına verdiyi müsahibəsi zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Real durumu düzgün təhlil etmək, analiz etmək, öz maraqlarımızı düzgün təsbit etmək, bu maraqlara necə nail olacağımızı düşünmək, taktikamızı müəyyən etmək, strateji baxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək, ancaq bununla bərabər olaraq, prinsipial mövqeyimizdən dönməmək. Bu siyasət bu gün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni düzəninə daha tez adaptasiya olmuş ölkələr sırasındadır və eyni zamanda Türkiyə bu gün dünya miqyasında böyük güc kimi dünyanın yeni düzəninin formalaşmasında çox fəal rol oynayır".
Sadaladığımız reallıqları nəzərə alsaq, Azərbaycanın 30 il kağız üzərində qalmış BMT qətnamələrini təkbaşına icra etməklə siyasi vəziyyəti dəyişdiyini görmək mümkündür. Bundan başqa, 44 günlük Vətən müharibəsində qazandığımız uğurlar, neft ixracatı ilə bağlı razılaşmalar, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, TANAP, TAP qaz boru kəmərlərinin, Azerspace-1, Azerspace-2 telekommunikasiya peykləri və "Azerisky" yeri müşahidə peykləri və digər layihələrin də əhəmiyyəti böyükdür.
Siyasi cəhətdən mürəkkəb bir dönəmdə Qoşulmama Hərəkatı (QH) ölkələrarası əlaqələrin tənzimlənməsində mühüm rol oynayan təsisatlardan biridir. Azərbaycanın bu təşkilata sədrlik etdiyi vaxtdan - 2019-cu ildən etibarən QH dünyada baş verən proseslərə fəal müdaxilə etməyə başlamışdır. Hələ pandemiya zamanı, bəşəriyyət üçün müharibə qədər təhlükəli hesab olunan bir şəraitdə Azərbaycanın bu vəzifəni qəbul etməsi hərəkata, o cümlədən onun fəaliyyətinə canlanma gətirmişdir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması da respublikamızın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi mürəkkəb bir dövrdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Belə ki, Rusiya bir sıra Avropa ölkələrinə mavi qaz ixracatını məhdudlaşdırmışdır. Bu isə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolunun artmasına, ölkənin regional geosiyasi mövqeyinin daha da güclənməsinə səbəb olmuşdur. Təkcə keçən il Avropaya ölkəmiz tərəfindən ixrac olunan qazın miqdarı 8,3 milyard kubmetr olmuşdur. Bütün bunlar ölkəmizin dəyişən şəraitə ən tez adaptasiya olan dövlətlərdən biri olduğunun göstəricisidir.
Nəzrin ELDARQIZI,
"Respublika".