Qüdrətli və böyük insan, tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki rolu danılmazdır. Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Məhz onun dərin zəkası və uzaqgörən siyasəti nəticəsində ölkəmiz bu gün dünya miqyasında sivil, demokratik dövlət kimi tanınır.
Onu da qeyd edək ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərini yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük öndərin 100 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Yubiley ərəfəsində dahi liderin xatirəsinə həsr olunmuş geniş silsilə tədbirlər keçirilir. Fəxri xiyabanda məzarı ziyarət olunur.
Ötən gün "Respublika" qəzetinin kollektivi Fəxri Xiyabanda müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi olaraq məzarı önünə tər gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət olunub.
"Respublika".