Hər bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq istiqlaliyyət ideyasına və məfkurəsinə sadiqliyini, mübarizə əzmini, siyasi potensialını, zəngin dövlətçilik ənənələrini, eləcə də unikal, bənzərsiz milli dəyərlərini dünyaya nümayiş etdirən, tarixin ictimai-siyasi yaddaşına əbədi həkk etdirən Azərbaycan xalqı da bu baxımdan istisna deyil.
Azərbaycanın timsalında strateji dönüş nöqtəsi adlandırılan, milli inkişafı, intibahı, tərəqqini və yüksəlişi təmin edən bir çox mühüm amil, tarixi an və məqam var, amma həlledici faktorlar sırasında liderlik fenomeni xüsusi yer tutur. Xüsusilə də, 1991-ci ildə formal müstəqillik əldə etsə də, ilk illərdə suverenliyini təmin etməmiş, dövlətçiliyin ictimai-siyasi dayaqlarını gücləndirməmiş Azərbaycanın öz siyasi taleyinin sahibi olan qüdrətli dövlətə çevrilməsini, tarixi nailiyyətlər qazanaraq tərəqqi və qələbə zirvəsinə yüksəlməsini mümkün edən amil liderlik fenomeni olmuşdur. Başqa sözlə, güclü, nüfuzlu, qətiyyətli, milli maraqlara və milli-mənəvi dəyərlərə əsaslanan siyasət yürüdən liderlər - Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin strateji fəaliyyəti sayəsində Azərbaycanın adı inkişaf etmiş dövlətlər sırasında çəkilməyə başlamış, üçrəngli bayrağımız qələbə zirvəsində qürurla və əzəmətlə dalğalanmış, qalib dövlətin vətəndaşları - müzəffər xalqın nümayəndələri olmaq milli qürurunu yaşamışıq. Ümummilli Liderimizin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı artıq hər birimizin milli şüarına çevrilmiş, milli-siyasi şüurumuza əbədi yazılmışdır.
Çox vacib məqamlardan biri Böyük yolun - Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin bu tarixi, möhtəşəm, bənzərsiz və şanlı qələbəyə necə nail olması - milli Zəfərin necə qazanılmasıdır. Şübhəsiz ki, torpaqlarımız döyüş meydanında Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olundu. Lakin məsələnin mahiyyəti daha dərin, məzmunu daha genişdir. Daha dəqiq desək, Prezident İlham Əliyevin milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət konsepsiyası Azərbaycanı tarixi Zəfərə aparan amil oldu. Yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müstəqillik illərində həyata keçirilən uğurlu və ardıcıl strateji kursun məntiqi nəticəsidir.
Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasət Azərbaycanın milli gücünün və iqtisadi potensialının artırılmasına, torpaqların işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu.
Paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın milli maraqlarını, suverenliyini döyüş meydanında - hərb səhnəsində təmin etməsini şərtləndirdi.
Azərbaycan öz hədəfinə - ərazi bütövlüyünün bərpasına doğru hücum xarakterli, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə irəlilədi. Müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, sürətli yüksəlişin təmin edilməsi Azərbaycanın haqq işində qətiyyətli və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Qərəzli dairələrin məkrli planlarının iflasa uğradılması, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması münaqişənin həlli istiqamətində ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Hücum diplomatiyasının tərkib hissəsi kimi uğurlu informasiya strategiyasının tətbiq olunması, mərkəzlərin Azərbaycana qarşı qara piar kampaniyasının fiaskoya uğradılması da mövqeyimizi möhkəmləndirən və təsir imkanlarımızı artıran önəmli amillərdən biri oldu.
Bütün bunlar Azərbaycana ərazi bütövlüyünün bərpası üçün çox mühüm üstünlüklər qazandırdı və son sözü döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu dedi.
Şübhəsiz ki, qalib xalq olaraq yaşamaq məğlub toplum kimi siyasi varlığını süründürməkdən şərəfli olmaqla yanaşı, daha çətin və daha məsuliyyətlidir. O səbəbdən, hərb meydanında qazanılmış Zəfəri strateji prosesə çevirmək və Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirmək vacibdir, tarixi zərurətdir. Xüsusilə də, nəzərə almaq gərəkdir ki, bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması - Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası deyil, eyni zamanda milli tərəqqinin yeni mərhələsinin başlanğıcı, yeni şanslar, fürsətlər, perspektivlər deməkdir. Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparılması, həmin torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması üçün Böyük Qayıdışın həyata keçirilməsidir. Bu istiqamətdə mühüm addımlar atılır, həmin ərazilərdə müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir, yeni infrastruktur yaradılır, beynəlxalq əməkdaşlıq çərçivəsində investisiya cəlb olunur. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" müvafiq fərmanından irəli gələn vəzifələrin icrası da diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə ardıcıl işlərin görülməsi, iqtisadi potensialdan səmərəli istifadə olunması milli inkişafın sürətlənməsinə əlavə təkan olacaq.
Bununla yanaşı, regionda kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Bu, Azərbaycanın həm tranzit, həm də ixracatçı ölkə kimi mövqeyini möhkəmləndirəcək, Şərqdən Qərbə, Asiyadan Avropaya doğru geniş coğrafiyada Azərbaycanın geosiyasi nüfuz zonasının, işbirliyi və inteqrasiya dairəsinin genişlənməsini təmin edəcək.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri, ikitərəfli münasibətlər formatında və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər zamanı qətiyyətli mövqe sərgiləməsi göstərir ki, ölkəmizin mövqeyi dəyişməzdir, respublikamız bütün strateji hədəflərinə doğru addım-addım irəliləyir, öz gücü ilə milli məqsədlərə nail olmaq iqtidarında olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev tarix yazmağa davam edir, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir çağırışlara adekvat cavab verən suveren ölkə kimi irəliləməsini təmin edir. Nəzər yetirdiyimiz faktlar - istinad etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət edilən 20 illik şanlı məsafə, qazanılan nailiyyətlər göstərir ki, qüdrətli, söz, nüfuz sahibi olan Azərbaycan reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Əsrə bərabər inkişaf və Zəfər yolu isə Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni strateji nailiyyətlərə və zirvələrə doğru aparır.
Kamran Behbudov,
Azərbaycan Universiteti,
siyasi elmlər kafedrasının müəllimi, politoloq.