Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini hələ də qəbul edə bilməyən Fransa hər zaman olduğu kimi, bu gün də ədalətsiz və simasız mövqeyi ilə diqqət mərkəzində olmağa davam edir. 44 günlük Vətən müharibəsində Ermənistanın məğlub olmaması üçün hər cür cildə girən Paris rəsmiləri Emmanuel Makron başda olmaqla əllərindən gələni etdilər ki, beynəlxalq aləm Silahlı Qüvvələrimizin uğurlarının qarşısına sədd çəksin. Lakin dövlətimizin başçısının qətiyyəti Makron kimilərinin çağırış və bəyanatlarını havada qoydu. Onlar yalnız mənasız və mahiyyətsiz bəyanatlar qəbul etməklə bir daha hansı xislətin sahibi olduqlarını bütün dünyaya göstərdilər.
Bu gün Ermənistanda bəzi siyasilər Qarabağın və ətraf ərazilərin əbədi olaraq Azərbaycanın suverenliyi altında olmasını qəbul etsələr belə Fransanın bunu həzm edə bilməməsi məsələnin digər maraq doğuran tərəfidir. Buradan da yalnız bu qənaətə gəlmək olur ki, nekolonialist ölkə Cənubi Qafqazda münaqişənin başa çatmasında maraqlı deyil və iki ölkə arasında yeni qarşıdurma yaratmaqla öz çirkin niyyətlərini regionda tətbiq etməyə çalışır. Ermənistanı yeni müharibəyə həvəsləndirməyin də tək səbəbinin buradan qaynaqlandığı heç kimə sirr deyil.
Fransa hər zaman Ermənistan-Azərbaycan münasibətlərində danışıqlar aparan tərəf olmağa can atıb. Guya burada tək maraq sülh istiqamətində atılan addımları dəstəkləmək və buna təşviq etmək olub. Lakin praktikaya gəldikdə bunun əksinin şahidi olmuşuq. Ölkənin müdafiə naziri Sebastyan Lekornyunun son açıqlamaları da buna dəlalət edir: "Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident Makron şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir". Bundan əlavə o, bildirib ki, onlar üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir. Fransa müdafiə nazirinin səsləndirdiyi bu fikirlər bir daha bu ölkənin hansı prinsiplərlə dövlət idarə etdiyini göstərir.
Paris ötən ilin oktyabr ayından etibar
ən İrəvana hərbi dəstək verməyə başlayıb. Ermənistanda hərbi attaşe açmaqla hərbi əməkdaşlığını daha da genişləndirən Fransa onlarla zirehli texnikanı (BTR) işğalçı ölkəyə ərməğan edib. Bu ilin may ayında Ermənistan-Azərbaycan şərti sərhədində baş verən toqquşmada yerli mətbuatda maraqlı kadrlar yayılmışdı. Belə ki, Ermənistanın hücum PUA-larının idarə edilməsində istifadə olunan mülki avtomobilin zərərsizləşdirilməsi zamanı baş verən partlayışdan sonra mülki geyimdə olan şəxsin erməni əsgərlərindən fərqli olaraq NATO standartlarına uyğun peşəkar hərəkətləri videogörüntülərlə qeydə alınmışdı. Bu şəxsin fransalı hərbçi olması heç bir şübhə doğurmadı. Bu baxımdan deyə bilərik ki, Fransa nəinki Ermənistanı Azərbaycana qarşı silahlandırır, hətta ölkəmizə qarşı proksi müharibə aparıb.
Fransa müdafiə nazirinin bu cür açıqlamaları Azərbaycanın geriyə addım atmasına hesablansa da, belə sərsəmləmələrə diqqət verən ölkə olsaydıq, heç İkinci Qarabağ müharibəsini aparmaq cəsarətini özümüzdə tapmazdıq. Sadəcə olaraq bəzi qərb ölkələrinin özünü bu qədər ikiüzlü və saxtakar aparması hər bir azərbaycanlıda və haqq-ədalət keşiyində duranlarda hiddət doğurur. Verilən açıqlamaların mətnindən də görünür ki, məsələyə yanaşma sırf ermənipərəst ritorika sərgiləməkdir. Yəni bir ölkəni Azərbaycandan müdafiə etməyə çalışdığını söyləmək ən böyük ağılsızlıqdır. Çünki biz yalnız öz ərazilərimiz uğrunda müharibə aparmışıq və heç bir halda qonşu və digər ölkələrin sərhədlərinə hücum etməmişik. Ermənistana gəldikdə isə bu, tamam fərqlidir. İşğalçı ölkə 30 il Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxlayıb və bundan başqa, qonşu olduğu bütün dövlətlərə ərazi iddiaları edib.
Afrikada sürətlə nüfuzdan düşən Fransanın müstəmləkə siyasətini Cənubi Qafqazda davam etdirməyə çalışması qərəzli yanaşmanın digər səbəbidir. Buna görə də iri dövlətlərin əlində oyuncağa çevrilən Ermənistan bu məqsədlə hər zaman istifadə edilib. Ümumiyyətlə, psevdodövlət olan Ermənistan müstəqillik qazandığı gündən etibarən imperialistlərin forpostu rolunu oynayır və bu səbəbdən də Fransanın İrəvana üz tutması əbəs yerə deyil. Lakin Ermənistan rəhbəri anlamalıdır ki, belə ölkələrin maraqlarında iqtisadi dirçəliş və inkişaf yox, yalnız müharibə və qırğınlar dayanır. Məhz bu səbəbdən uzun illərdir ki, bədxah qonşumuz siyasi dincliyə həsrət qalıb.
Ermənistandan heç cür imtina edə bilməyən Fransanın nəinki indiki rəhbəri, hətta sabiq dövlət başçıları da açıq-aşkar bu məsələdə eyni mövqedə yer alır. Fransanın keçmiş dövlət başçısı Fransua Oland da ölkəmizə qarşı qərəzli mövqeyini aktivləşdirib. O, Ermənistanın sərhədlərini özləri üçün müqəddəs olaraq bəyan etməyin vaxtının çatdığını bildirərək xristian təəssübkeşliyini ortaya qoyub.
Bütün bu proseslərin əsas günahkarı olan Ermənistan isə Cənubi Qafqaza sülhün və əmin-amanlığın gəlməsi üçün belə çağırışlara həvəs göstərməməlidir. Artıq İrəvan hərbi-siyasi rəhbərlikləri anlamalıdırlar ki, Azərbaycan torpaqlarını tamamilə işğaldan azad edən, ərazi bütövlüyünü təmin edən və bütün ərazilərində suverenliyini bərpa edə bilən güclü ölkədir. Ermənistanın üzərinə düşən isə revanşist hissləri kənara qoyub, bütün bu olanlardan dərs çıxarıb Azərbaycanın barışıq əlini tutmaqdır. Yalnız bu amil regionun inkişafına səbəb ola bilər.
Musa BAĞIRLI,
"Respublika".