Cənubi Qafqazda destabil vəziyyət
Siyasət

Cənubi Qafqazda destabil vəziyyət

Şərq və Qərbin ziddiyyəti, Rusiya-Ukrayna müharibəsi, eləcə də Azərbaycan-Ermənistan əlaqələrinin illər boyu davam edən barışmaz mövqeyi regionu ciddi təhdid altında qoyur. Müasir dövrümüzün lider dövləti olan Azərbaycan Cənubi Qafqazda olduğu kimi, dünyada da sülhün və sabitliyin yaradılmasına səy göstərir. Lakin hər şeydən öncə Cənubi Qafqazdakı destabil vəziyyət aradan qaldırılmalıdır.

Şübhəsiz ki, Rusiyanın ümumi maraq dairəsi Cənubi Qafqazda cəmləşir. Lakin rəsmi Moskva indi öz savaşı ilə məşğuldur və regionda sabitliyin bərpası üçün həlledici rola sahib deyil. Ermənistanın siyasi, iqtisadi və regional tərəfdaşı ərazisinə və hərbi gücünə görə dünyanın ən böyük dövlətlərindən biri kimi Rusiya bütün diplomatik cəhdlərini Ukrayna ilə aparılan müharibəyə yönəldib. Danılmaz faktdır ki, Avropa və ABŞ-ın Rusiyanın nüfuz dairəsinin zəiflədiyi bir məkanda - Cənubi Qafqazda söz sahibi olmaq istəməsi gözlənilən idi. Bəs bu, region üçün nə dərəcədə əhəmiyyətlidir?

İlk növbədə, rəsmi Moskvanın Cənubi Qafqazdakı siyasi gücünü itirməsi özünü Ermənistanda büruzə verdi. Erməni əhali və hakim dairələrin anti-Rusiya hərəkatı artıq reallıqdır. Bu məsələ, eyni zamanda Ermənistanı Avropa ilə siyasi cəhətdən yaxınlaşdırdı. Elə Avropanın və bölgədə marağı olan dövlətlərin istəyi də bu idi. Onlara siyasi yöndən çökmüş, müharibədən məğlub ayrılmış və ən əsası yeni himayədar axtarışında olan bir "dövlət" lazım idi ki, Rusiya ilə yeni cəbhə açılsın və Avropada olduğu kimi, mübarizəni burada da davam etdirə bilsinlər. Bu siyasi gediş Cənubi Qafqaz üçün böyük zərbə ola bilər. Rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, mövcud ziddiyyətləri daha da kəskinləşdirməyə çalışan Ermənistanın xain planları dövlətimiz tərəfindən izlənilir və buna əngəl olunur. Siyasi iflasa uğramış, kapitulyasiya aktı imzalamış bir dövlət kimi Ermənistanın atdığı qeyri-müəyyən addımlar regionun gələcəyini sual altına qoyur. Belə ki, Ermənistan hakim dairələrinin qətiyyətsiz addımları, ölkədə davam edən iqtidar-müxalifət çəkişmələri və Avropanın sülhməramlı kontingentinin də ərazilərimizə cəlb olunma istəyi bundan xəbər verir. Görünür, xain düşmən sözün əsl mənasında "əl-ayağa düşüb". Buna səbəb kimi, həm də 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbinin beynəlxalq arenada təsdiqini də göstərmək olar. Cənubi Qafqazdakı sabitliyin bərpa olunmamasının başlıca səbəbkarı olan Ermənistanın regional təhlükə olması isə beynəlxalq nəzərdən hələ ki, yayınmağa davam edir. Bu cür destabil vəziyyətin aradan qaldırılması üçün yaxın günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclas da keçirildi və cənab Prezident İlham Əliyevin regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı əlaqələrin inkişafı barədə çağırışları Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən cavabsız qaldı. O, yenə tarixi təhrif etdi və müxtəlif ssenarilər uyduraraq beynəlxalq diqqəti başqa yönə çəkmək istədi.

Qeyd etmək lazımdır ki, son yüzillikdə dünyanın siyasi mənada "böyüməsi" bir çox qlobal problemlərlə yanaşı, beynəlxalq və regional problemlərin də yaranmasına səbəb olmuşdur. Cənubi Qafqazda təhlükəsizlik məsələləri dünya miqyasında mövcud olan bu problemlərlə birbaşa əlaqəlidir. Odur ki, Azərbaycanın geniş mənada təhlükəsizliyi bu problemlərin həllindən və qlobal təhlükələrin qarşısının alınmasından asılıdır. Regionda hər hansı bir hərbi gedişin və bu addımların nəticəsi kimi müəyyən sanksiyaların tətbiq olunma ehtimalı birmənalı qarşılanmamalıdır. Şübhəsiz ki, Avropadakı nüfuz dairəmizin genişliyi və Qərb ölkələrinin ən böyük enerji təminatçılarından biri olmağımız baş verə biləcək hadisələrin önünə keçir. Məhz Azərbaycanın uğurlu siyasi gedişi regionu dirçəltməklə yanaşı, həm də ərazilərimizdəki sabitliyin bərpasına xidmət edir.

Nurlan ABDALOV,

"Respublika".