Ermənistan rəhbərliyi Azərbaycana qarşı Avropa ictimaiyyətində mənfi rəy formalaşdırmağa çalışır. Baş nazir Paşinyanın söylədiyi fikirlər və təxribat xarakterli hərəkətləri sülh sazişinin imzalanmasına böyük maneələr törədir.
Bu barədə Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin iyulun 22-də "Euronews" televiziyasına Azərbaycan dövlətinin bölgədə sülhün təmin edilməsində həyata keçirdiyi siyasət, sülh prosesinə töhfə verə biləcək istənilən platformada danışıqlara müsbət yanaşması barədə verdiyi müsahibə erməni yalanlarını ifşa etdi. Müharibədən sonra regionda sülhün bərqərar olması üçün Prezident İlham Əliyevin irəli sürdüyü ölkələrin bir-birinin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin tanınmasını ifadə edən beş əsas prinsip beynəlxalq hüquqa əsaslanır. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxladı, bir milyon azərbaycanlı öz torpaqlarından məcburi şəkildə qovuldu, insanlarımız qətlə yetirildi. Azərbaycan güc və siyasi yolla torpaqlarımızı işğaldan azad etməklə ədaləti bərpa etdi, Ermənistanla sülh müqaviləsi imzalanması təklifini irəli sürdü. Bu, dövlətimizin ədalətli mövqeyinin, bölgədə əmin-amanlığın bərqərar olunmasına çalışmasının nümunəsidir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqının vasitəçilik səylərini də yüksək qiymətləndirir. Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər bir sıra məsələlərin həll olunmasına töhfə verir. Bəzi qüvvələr ATƏT-in keçmiş Minsk qrupunun vasitəçilik missiyasını yenidən bərpa etmək barədə fikirlər səsləndirir. Əvvəldən fəaliyyət göstərməyən qrupun fəaliyyətinin bərpası mümkün deyil və bu təşkilat ölmüş bir qurumdur.
2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Bəyanat imzalanmışdır. Bəyanat müharibədə Azərbaycan dövlətinin qalib, Ermənistanın isə məğlub olmasını şərtləndirən və atəşkəsin elan edilməsi barədə sənəddir. Müharibədən sonra Rusiyanın iştirakı ilə münasibətlərin normallaşdırılması üçün Moskvada görüşlər təşkil olunsa da, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra bu missiyasını Avropa İttifaqı və ABŞ öz üzərinə götürdü. Azərbaycan münasibətlərin normallaşdırılmasına töhfə verə biləcək istənilən platformada görüşlərin aparılmasına və sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu bəyan etmişdir. Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bir-birinin ərazi bütövlüyünün, suverenliyinin tanınmasına əsaslanır. Hər iki ölkə arasında bir sıra iqtisadi və ticarət əlaqələri barədə layihələr mövcuddur. Ölkəmizin Avropa İttifaqı ilə əlaqələri də arzuolunan səviyyədədir. Eyni zamanda bu gün Azərbaycan Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident İlham Əliyev müsahibəsində Laçın yolu ilə bağlı yaranmış vəziyyət barədə məlumat verdi. Müharibədən əvvəl ermənilər Laçın dəhlizi vasitəsilə Qarabağa silah-sursat da daxil olmaqla hər cür yük daşıyırdılar. 2020-ci il 10 noyabr Bəyanatından sonra Laçın yoluna Rusiya sülhməramlıları nəzarət etməyə başladı, lakin dəhlizdən keçirilən yükdaşımalarında mahiyyət dəyişmədi.
Ermənistan Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyırdı. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri və ekofəallar bu qeyri-qanuni fəaliyyətə etiraz əlaməti olaraq yola müəyyən qədər nəzarət etmək üçün dinc aksiyaya başladılar. Sonrakı dövrdə Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi təsis etməsi beynəlxalq hüquqa əsaslanır. Hər bir suveren, müstəqil dövlətin digər ölkə ilə sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmaq hüququ vardır. Ermənistan rəhbərliyinin Qarabağda yaşayan ermənilərin guya blokadada qalması barədə yaydıqları informasiyaların isə heç bir əsası yoxdur və onların qaldırdığı iddia Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də qəbul edilməmişdir. Nəzarət-buraxılış məntəqəsi təsis edildikdən sonra 2000-dən çox sakin Qarabağdan Ermənistana və əks istiqamətdə gedib-gəlib.
Ölkə başçımız müsahibəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda qanunsuz əməllərə yol verməsi barədə də məlumat verdi. Belə ki, təşkilatın avtomobillərində Qarabağa qaçaqmalçılıq yolu ilə malların keçirilməsi aşkarlanmış və onlar özləri də bu faktları etiraf etmişdilər. Ümumiyyətlə, Qarabağdakı BQXK-nın nümayəndəliyinin Bakı ofisinə deyil, İrəvandakı ofisinə tabe olması qeyri-qanunidir. 30 illik işğal zamanı ermənilər şəhər və kəndlərimizi viran qoymuş, tamamilə dağıtmışlar. Şuşada və bir neçə kəndlərimizdə xaricdən gətirilən erməniləri qeyri-qanuni məskunlaşdırmışlar. Müharibədə qələbəmizdən sonra ermənilərin Azərbaycanın Ermənistana qarşı torpaq iddiasında olması barədə iftiraları tamamilə əsassızdır. Prezident cənab İlham Əliyev çıxışlarında bölgədə sülhün bərqərar olmasını və Ermənistana qarşı heç bir ərazi iddiasında olmadığımızı vurğulamışdır. Hazırda Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə yaşayan ermənilər gələcəkdə burada yaşamaq istəsələr onların hüquqları Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları ilə eyni qaydada Konstitusiyamıza uyğun qorunacaq və heç bir ayrı-seçkiliyə yol verilməyəcək. Bu gün separatizmlə mübarizədə Qərb Ukraynaya göstərdiyi mövqeyi təəssüf ki, Azərbaycana göstərmir. Prezident cənab İlham Əliyev Ermənistandan qovulan azərbaycanlıların öz yurd yerlərinə dönmək hüquqlarının olması barədə də fikirlər söylədi. Müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistan ərazisində yaşayıb və onlar zorla bu yerlərdən qovulublar. Tarix boyu bu ərazilərdə yaşayan azərbaycanlılar etnik təmizlənməyə məruz qalıb və ermənilər azərbaycanlılara məxsus mədəni və irsi abidələri tamamilə dağıdıblar. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulduqdan sonra bu insanların da öz evlərinə dönmək hüququ olacaqdır. Ermənistan hökuməti sağlam düşüncə ilə beynəlxalq hüquqa riayət edərək azərbaycanlıların öz torpaqlarına qayıtmalarına şərait yaratmalıdır. Qarabağda yaşayan ermənilər Azərbaycanda yaşamaq arzusunda olduqlarını gizlətmirlər. Azərbaycan dövləti Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən təhsil, mədəniyyət hüquqlarının qorunmasını təmin edəcək və onlar ölkəmizdə normal şəraitdə yaşayacaqlar.
Nəzrin ELDARQIZI,
"Respublika".