Cənubi Qafqaza sülh gərəkdir
Siyasət

Cənubi Qafqaza sülh gərəkdir

Bunu qəbul etməyənlər axırda bu reallıqla barışmalı olacaqlar

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan Cənubi Qafqazda sabitliyin bərqərar olması, regionun əməkdaşlıq məkanına çevrilməsi üçün əhəmiyyətli addımlar atır. 30 il boyunca Ermənistanın işğalçılıq siyasəti nəticəsində iflic vəziyyətinə düşmüş regional əlaqələrin bərpası, genişlənməsi, irimiqyaslı layihələrin reallaşması istiqamətində ciddi səyləri ölkəmizin sülhün, əmin-amanlığın tərəfdarı olduğunun bariz nümunəsidir. Bu, düşməninə sülh təklif edən qalib dövlətin simasında bir daha öz təsdiqini tapır. Belə ki, 44 günlük müharibədə möhtəşəm zəfər qazanan, humanistliyi, sülhpərvərliyi ilə beynəlxalq aləmdə nüfuzu gündən günə artan ölkəmiz regionda sülh naminə beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə Ermənistana sülh sazişi bağlamağı təklif edir, qonşuluq əlaqələri qurmaq niyyətini bildirir.

Beynəlxalq səviyyəli layihələrin həm təşəbbüskarı, həm də icraçışı kimi çıxış etməklə regionun lider dövlətinə çevrilən, Cənubi Qafqazda söz sahibi olan dövlətimiz bölgənin inkişafına yönəlmiş bütün addımları dəstəkləyir. Sentyabrın 19-20-də Qarabağda qanunsuz məskunlaşan separatçıların ərazilərimizdə varlığına son qoymaq üçün rəşadətli ordumuz tərəfindən keçirilən lokal antiterror tədbirlərindən sonra xalqa müraciətində regionda sülhün, təhlükəsizliyin vacibliyini diqqətə çatdıran ölkə başçımız demişdir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın".

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yalnız iki ölkənin deyil, ümumilikdə regionun inkişafına, iqtisadi əlaqələrin möhkəmlənməsinə imkan yaradacaq. Lakin tarixən savaşlar, münaqişələr məkanına çevrilən Cənubi Qafqazda sülhün bərqərar olması bəzi dövlətlərin maraq dairəsində deyil və onlar öz maraqlarını təmin etmək üçün Ermənistandan forpost ölkə kimi istifadə edirlər. Cənubi Qafqaza xüsusi meyil göstərən Rusiya, Avropa Birliyi, Fransa, ABŞ kimi ölkələr regionda üstünlük qazanmaq və geosiyasi, geoiqtisadi maraqları uğrunda fəal rəqabət aparırlar. Bu mənada, regional və regiondan kənar dövlətlərin Cənubi Qafqazın enerji resurslarının istifadəsi ilə bağlı geoiqtisadi maraqları toqquşur.

Bu gün ölkəmizin əleyhinə sərt mövqe sərgiləyən, anti-Azərbaycan siyasətini getdikcə daha da gücləndirən Fransa  regionda yaranan yeni reallıqları qəbul etmir və hər vəchlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur.

Cənubi Qafqazda yerləşmək istəyini Ermənistan üzərindən həyata keçirməyə çalışan rəsmi Paris iki ölkə arasında ədavətin qızışması, münaqişənin alovlanması üçün əlindən gələni edir, regionda sülhün təmin olunmasına imkan vermir. Fransa növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq Ermənistanı silahlandırmaq proqramını reallaşdırmaqla regionda sülh və sabitliyə mane olmağı hədəfləyir. Atdığı bütün addımlar həllini gözləyən sülh prosesini ləngitməyə xidmət edir.

Bu günlərdə Parisdə Ermənistan ilə Fransanın müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladıqları sənədlərə əsasən, Fransadan Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulur. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra ölkəmizə qarşı sözün əsl mənasında düşmənçilik münasibəti nümayiş etdirən müstəmləkəçi Fransanın Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi, onu silahlandırması isə yenidən təcavüzə və hərbi avantüraya çağırış, yeni müharibəyə təhrikertmə cəhdidir. Cənubi Qafqazda Afrika siyasəti yürütməyə çalışan Fransanın "Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir" kimi fikirlər səsləndirməsi işğala, terrora və separatizmə dəstək verən ölkənin əsl simasını göstərir. Qanlı müstəmləkəçilik tarixi ilə tanınan bu ölkənin proseslərə beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında deyil, öz maraqları çərçivəsində yanaşması başadüşüləndir. Müstəmləkəçinin işğalçını dəstəkləməsi də təbiidir. Amma Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olmayan bu iki cütlük bircə şeyi unudur ki, regionda yaranan yeni reallıqları qəbul etməyənlərin aqibətini elə bu reallığı yaradanlar həll edəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".