BTİ Şurasına üzvlük geniş imkanlar yaradır
Digər xəbərlər

BTİ Şurasına üzvlük geniş imkanlar yaradır

Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə səlahiyyətli qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən artıq elmi təsisatı özündə cəmləşdirir.

O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığın təşviqi, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək vəzifələrini yerinə yetirir. Bu təşkilata Azərbaycan 10 aprel 1992-ci il tarixində üzv qəbul olunmuş və ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə sıx əməkdaşlıq münasibətləri başlamışdır. BTİ-nin baş katibi bir neçə dəfə (2011, 2012, 2013 və 2014-cü illər) Azərbaycanda olmuş, ölkə rəhbərliyi ilə görüşmüş, ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışlar.

Azərbaycan 20 oktyabr - 7 noyabr 2014-cü il tarixində Koreya Respublikasının Busan şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti səlahiyyətli konfransı çərçivəsində baş tutmuş seçkilərdə 94 səs toplamış və ilk dəfə olaraq 4 il müddətinə Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasına üzv seçilmişdir. BTİ ilə ölkəmiz arasında yüksək səviyyədə əməkdaşlıq, faydalı və işgüzar münasibətlərin nəticəsidir ki, 2015-ci ildə BTİ-nin 150-ci ildönümü münasibətilə Azərbaycan 3 “Qızıl Tərəfdaş”ından biri seçilmişdir.

Qeyd edək ki, 4 ildən bir keçirilən Səlahiyyətli Konfrans BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi təsisatdır. BTİ-nin Şurası Səlahiyyətli Konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək və İttifaqın fəaliyyəti, siyasəti və strategiyasının günümüzün dinamik və sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə cavab verməsini təmin etməkdən ibarətdir. Bunun üçün 4 illik müddətdə hər il toplanaraq cari fəaliyyət və maliyyə hesablarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi, maliyyə və xərclərin monitorinqi təmin edilir. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına 119 səslə 5 noyabr 2018-ci il tarixində üzv seçilməsi də böyük müvəffəqiyyət oldu. Ölkəmiz bu gün Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasında təmsil olunan 48 ölkədən biridir.

Bu gün ölkəmizdə telekommunikasiya, İKT-nin geniş tətbiq olunması, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi, eyni zamanda, rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyalar tətbiq edilir. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlüyü dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Azərbaycan əhalisinin 80 faizindən çoxu bu gün internet istifadəçisidir. Mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayı artırılır, “4G” texnologiyalarının tətbiqi genişləndirilir. BTİ üzv ölkələr arasında dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şəraitin yaradılması, İKT sektorunun inkişafının daha da təmin edilməsi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmaq, eləcə də sahə üzrə gender balansını yaratmaq əsas vəzifələrdəndir.

Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurlara imza atılıb, çoxsaylı nailiyyətlər əldə edilib. “Trans-Asiya Super İnformasiya Magistralı”nın yaradılması təşəbbüsü ilə beynəlxalq səviyyədə İKT-nin inkişafına öz töhfəsini verir. Avrasiya regionunda, eləcə də dünyanın digər ərazilərində də informasiya-kommunikasiya texnologiyalarının inkişafını dəstəkləmək üçün Azərbaycan mühüm işlər görür. Bu gün ölkəmiz BTİ Şurasının üzvü kimi bəzi problemlərin aradan qaldırılması məqsədilə Şuranın üzvləri ilə fəal əməkdaşlıq, həm də özü bu sahədə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. İKT sahəsində yüksək nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin böyük dəstəyi, bu sahənin inkişafına diqqət və qayğısı dayanır.

Əli SADIQOV,

“Respublika”.