Bu il laçınlılar da öz doğma torpaqlarına dönəcəklər
"Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq". Bu fikri Prezident İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. Dövlət başçısı qeyd edib ki, avqustun 26-da - nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhərini də azad etdik və eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Bu da böyük nailiyyətdir. Artıq Laçın şəhərində genişmiqyaslı quruculuq-bərpa işlərinin aparıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: "Əminəm ki, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar".
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atılmadan Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. 2022-ci il avqustun 26-da Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin tam nəzarətimizə keçməsi məhz 44 günlük Vətən müharibəsinin nəticəsidir. 30 il sonra Laçın qayıtdı və ordumuz bu şəhərə avqustun 26-da daxil oldu. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, ölkəmizin hərbi qüdrətinin növbəti qələbəsidir. Bu, Prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" bəyanatının növbəti təsdiqi idi. Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması mərasimindəki çıxışında bildirmişdi ki, bu bayraq burada əbədi dalğalanacaq, burada əbədi yaşayacağıq. Laçın şəhərini bərpa etməyin vaxtı çatıb və artıq buna hazırlıq görülür. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin yaşayış yerlərinə qaytarılması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir.
Tarixi Zəfərimizdən sonra işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçında da bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunan həmin ərazilərdə inşa edilən üç hava limanından biri məhz Laçın rayonundadır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Ötən il sentyabrın 21-də müzəffər Ali Baş Komandan İlham Əliyev Laçına növbəti səfəri zamanı Kəlbəcər-Laçın yolunda inşa edilən tunellə tanış olmuş, Laçın şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmış, bu şəhərdə tikiləcək "Laçın" qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, böyük əhəmiyyətə malik və uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək, turizm potensialını artıracaq. Son dərəcə mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına töhfə verəcək.
Azərbaycanın səfalı guşələrindən biri hesab olunan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdəndir. Rayonun böyük turizm potensialı, aqrar, eləcə də sənaye sektorunda bir sıra mühüm üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq sahələri də inkişaf etmişdi. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal