Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyətinin avtomobili (RQXC) Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə daşıdığı yükü Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırmaq üçün yola çıxıb. Ağdamdan Ağdərə istiqamətinə keçidi nəzərdə tutulan humanitar yük avtomobili hazırda Bərdədə dayanıb və giriş üçün icazə gözləyir.
Məsələ ilə bağlı “Respublika”-ya açıqlama verən siyasi şərhçi Elmir Səftərov bildirib ki, adından da göründüyü kimi, beynəlxalq humanitar təşkilatları digər qurumlardan fərqləndirən əsas cəhət siyasi tərəf müqabili olmaması, hər hansı dövlətlərin marağına xidmət etməməsidir: “Hazırkı mürəkkəb geosiyasi zamanda nizamnaməsində müstəqil qeyd olunan təşkilatların əksəriyyətinin Qərb təsisatlarının maraqlarına uyğun davrandığının şahidi oluruq. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də bu qəbildəndir. Belə ki, sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını (RQXC) Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə ərzaq çatdırmaq məqsədilə Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə getmək üçün yola çıxmışdı. Humanitar yükün sentyabrın 10-da Xankəndi istiqamətinə keçidi nəzərdə tutulmuşdu. Amma məlum olduğu kimi, TIR-ın göndərilən ünvana çatdırılmasına Qarabağ iqtisadi rayonunda olan separatçılar və BQXK tərəfindən süni maneələr yaradılır. Birinci məqam ondan ibarətdir ki, Qarabağda olan erməni əsilli sakinlərin əgər dedikləri kimi həqiqətən də ərzağa ehtiyacı varsa, bəs niyə Azərbaycanın 14 gündür buraxılmayan, Rusiyanın isə sentyabrın 10-da çatdırmalı olan humanitar yüklərini qəbul etmirlər?!”.
Siyasi şərhçi, bunun cavabının çox sadə olduğunu diqqətə çatdırıb: “Qarabağda ermənilərin dediyi kimi "humanitar böhran" yaşanmır. Sadəcə separatçılar "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin öz istəklərinə uyğun şəkildə açılamasını və əvvəlki kimi yoldan qanunsuz istifadə edilməsini istəyirlər. Çünki Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan qanunsuz silahlar dəstələrin maddi-texniki bazası gücləndirilməlidir ki, onların varlığı mövcud olsun. Bu da ölkəmizə qarşı birbaşa təhdid vasitəsidir və bölgədə separatçılığın davam etməsini təşviq edir. Həmin qanunsuz erməni birləşmələri öz hərbi güclərini artıraraq ərazilərimizdə minalar basdırır, mütəmadi olaraq mövqelərimizi atəşə tuturlar. Lakin dövlətimiz öz suveren ərazilərində bu cür qanunsuz hərbi birləşmələrin mövcudluğuna imkan verməyəcək. Son proseslər də Azərbaycanın bu mövzuda qətiyyətli addımlar atdığını sübut edir. Lakin belə anlaşılır ki, bu prosesdə Ermənistan tək deyil, onlara nüfuzlu Avropa dövlətləri tərəfindən güclü dəstək göstərilməkdədir”.
Elmir Səftərov diqqət çəkən digər bir məsələnin isə Ermənistanın Rusiyaya inamsız yanaşması ilə bağlı olduğunu qeyd edib: “Ermənilərin bu inamsızlığı 44 günlük Vətən müharibəsindən sonra daha da dərinləşdi və bu, hələ də davam edir. Hiss olunur ki, Ermənistan özünə yeni dayaqlar axtarır, bu istiqamətdə də ərazisində olan Rusiya hərbi bazasını və hərbiçilərini çıxarmaq niyyətindədir. Yəqin ki, Fransa başqa olmaqla bəzi Qərb dövlətlərindən şirin vədlər alan Ermənistan həmin qüvvələrin ambisiyalarını bölgəyə danışmaq niyyəti güdür. Həmçinin BQXK və onun Qərb himayədarları Ermənistana təlqin edirlər ki, Rusiyadan gələn yükləri qəbul etsən, eyni yolla Azərbaycandan göndərilən yarımdı da almaq məcburiyyətində qalacaqsan. Bu kimi səbəblərə görə və bölgədə güclü dövlətlərin maraqları kəsişdiyinə görə vəziyyət çıxılmaz xarakter alıb. Amma Rusiyanın göndərdiyi humanitar yük Ağdam-Xankəndi yolundan buraxılsa belə, bu, Azərbaycanın öz prinsiplərindən geri çəkilməsi anlamına gəlmir”.
Nəzrin ELDARQIZI,
“Respublika”.