Otuz il torpaqlarımızı işğal altında saxlayan, təbii sərvətlərimizi talan edən, şəhərləri, kəndləri dağıdan, etnik nifrət üzərində azərbaycanlılara qarşı soyqırımı törədən, 4 min nəfərə yaxın azərbaycanlı əsiri qətlə yetirən, bir milyona yaxın soydaşımızın əmlakını qarət edən, qədim yurd yerimiz Xankəndini və ətraf əraziləri terror yuvasına çevirən Ermənistan və bir ovuc erməni toplumu beynəlxalq təşkilatların gözünün içinə baxaraq yenə yalan danışır.
Azərbaycan əleyhinə şər və böhtan yayır, hulqumu ələ keçdiyi üçün çabalayır, ikiyüzillik paxır bağlamış xəyallarının puç olduğunu hiss etdikləri üçün həyasız bəyanatlar verirlər. Havadarları və qoltuğuna sığındıqları bəzi dövlət rəsmiləri də "zavallı", "yazıq" ermənilərə züy tutur, torpaqlarımızda ağalıq etmək niyyətlərindən əlləri çıxdığı üçün bədbəxt topluma toxtaqlıq verir, ermənidən çox ermənilik edirlər. Xankəndi-Laçın yolunda dörd aydan çoxdur ki, Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsinə qarşı davam edən ekofəalların etiraz aksiyasına "blokada" donu geyindirməyə çalışan ermənilər və onların xaricdəki havadarları gənclərin iradəsi qarşısında aciz qaldıqlarını anlayaraq qan çanağına çevirdikləri Xankəndiyə silah-sursat daşımaq üçün alternativ torpaq yollardan istifadə etməyə başladılar. Halbuki etiraz aksiyasının keçirildiyi yoldan hər gün Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə, eləcə də mülki ermənilərə məxsus yüzlərlə maşın maneəsiz olaraq İrəvan istiqamətinə keçir və əks istiqamətdə də geri qayıdır. Elə isə Xankəndidəki xunta rejimini, oradakı qeyri-qanuni erməni silahlı dəstələrini, onlara "qorxmayın biz burdayıq", deyən sülhməramlıların komandirlərini təşvişə salan və narahat edən nədir?!.
Çirkli biznes, Qarabağda qanunsuz olaraq pusquda dayanan 10 minə yaxın terrorçunu silahlandırmaq, onların təminatını yaratmaq. Çünki Xankəndidəki terrorçuların bütün təminatı Ermənistandan gəlir. Atalar məsəlində deyildiyi kimi, daş qayaya rast gəlib, hərbi və siyasi üstünlük əldə edən Azərbaycan ərazi bütövlüyünün və suverenliyin bərpasında çox israrlıdır, xalqımızı və dövlətimizi erməni bəlasından birdəfəlik xilas etmək üçün Prezidentimizin, xalqımızın siyasi iradəsi ortadadır. Bütün xəbərdarlıqlara baxmayaraq, Rusiya sülhməramlılarının birbaşa köməyi və dəstəyi ilə erməni xunta rejimi dalda yollardan istifadə edərək Xankəndiyə silah-sursat, mina və digər partlayıcı qurğular daşımaqdadır. Əlbəttə, bu təxribatlar uzun müddət davam edə bilməzdi. Azərbaycan Müdafiə Nazirliyinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarət tam təmin edilib. Belə ki, ordumuzun bölmələri Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib. Ermənilərin cınqırı çıxmamış ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya hərbi kontingenti məlumat yayıb ki, "böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür". Adama sual verərlər ki, könlündə biclik yoxdursa, bəs dünən bu təxribatın qarşısını niyə almırdın?!. Ruslar da, ermənilər də, okeanın o tayındakı havadarları da yaxşı başa düşürlər ki, Azərbaycan öz ərazisində yaşayan erməni vətəndaşlarına sahib çıxır, habelə ermənilərə sülhü, əmin-amanlığı, xoşbəxt həyatı, gələcək inkişafı özündə ehtiva edən barışıq əlini uzadır, Xankəndidə yaşayan erməni nümayəndələrini Bakıya dəvət edir. Azərbaycan çox güclü siyasət və dəmir iradə ilə bütün xarici müdaxilələrin qarşısını alır, öz erməni vətəndaşlarını yaşadıqları ölkənin konstitusiyasının tələblərinə əməl etməyə çağırır. Söz yox ki, əməl edən ermənilər öz evlərində rahat və asudə yaşayacaqlar, əməl etməyənlər, xunta rejimi, qanunsuz silahlı dəstələr bu torpaqlardan mütləq qovulacaqlar. Göründüyü kimi, tərk-silah prosesi artıq başlayıb. Bu vacib prosesə müdaxilə etmək istəyən bəzi dövlətlər Azərbaycanın gücünü, xalqın iradəsini və hərbi peşəkarlığını yaxşı bilirlər, sadəcə erməniləri əllərində alətə çevirib oynadırlar.
Yuxarıda qeyd etdiyimiz kimi, Xankəndidə və başqa yerlərdəki ermənilər Xankəndi-Laçın