Rusiya-Ukrayna münaqişəsinin yaratdığı gərginlik BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin və digər dövlətlərin müharibənin həllində necə rol oynamasını müzakirə mövzusuna çevirdi. BMT-də islahatlar istəyən Qərb dünyasının əsas məqsədi isə indi Rusiyanı Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmaq və ya onu veto hüququndan məhrum etməkdir. Belə ki, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması barədə səs çoxluğu artmaqda davam edir.
Digər tərəfdən, ABŞ da belə bir qərarı qanuniləşdirmək üçün münbit vəziyyət yaratmağa çalışır və bu məsələ ilə bağlı ABŞ konqresmenləri BMT Nizamnaməsinin Rusiya Federasiyasını BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müəyyən edən 23-cü maddəsinə düzəliş etmək üçün zəruri olan təcili tədbirlərin görülməsi yönündə qurumun rəhbərliyinə çağırış edir. Xatırladaq ki, hazırda BMT TŞ-yə 15 ölkə daxildir, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - daimi üzv statusuna və veto hüququna malikdir. Digər 10 qeyri-daimi üzv isə ikiillik müddətə seçilib.
Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib və TŞ-nin üzvlərinin sayı 11-dən 15-ə yüksəlib. Beynəlxalq aləmdə belə bir fikir formalaşıb ki, son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verib və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir. Güclü, nüfuzlu regional ölkələrin - Türkiyə, Hindistan və Yaponiyanın kənarda saxlanılması qlobal böhranları və etnik problemləri effektiv üsullarla həll etməyə imkan vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında isə bu problemə toxunub: "Xüsusilə Təhlükəsizlik Şurasının daha təsirli, demokratik, şəffaf və hesabatlı bir strukturunun yaradılması və fəaliyyət göstərməsi mühüm dönüş nöqtəsi olacaq. Bu istiqamətdə ortaq borcumuzu bizə unutdurmamaq üçün "dünya beşdən böyükdür" və "daha ədalətli dünya mümkündür" gerçəyini hər platformada, ən güclü şəkildə vurğulamağa davam edəcəyik".
Dünya üzərindəki bütün qlobal problemləri özündə əhatə etməli olan orqana Avropa qitəsindən olduğu kimi, Amerikadan da həll yolları ilə bağlı fikirlər səsləndirilib. ABŞ Prezidenti Co Bayden açıqlamasında deyib: "BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Nizamnaməsini qorumalı və veto hüququndan çox qeyri-adi vəziyyətlər istisna olmaqla istifadə etməməlidirlər. Bu yolla BMT Təhlükəsizlik Şurası etibarlı və inanılan qurum olacaq". Bayden bəyan edib ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyev də BMT TŞ-nin yenilənməsi üçün təkliflər verir və dünyada baş verən problemlərin həlli yolunda təşkilatın göstərdiyi səylərin yetərsiz olması ilə bağlı çıxışlar edir. Əlavə olaraq üzv ölkələri siyahısına İslam ölkələrindən birinin də cəlb olunmasının vacibliyini vurğulayır: "Hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir. Çünki Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü...".
Bu fikirləri BMT-nin baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasının "İslahata məruz qalmış çoxtərəfliliyin yeni istiqaməti" mövzusunda keçirilən iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiq edir. O qeyd edib ki, əksər ölkələr BMT Təhlükəsizlik Şurasının yeni geosiyasi reallıqları daha dəqiq əks etdirməsi üçün islahatların aparılmasının tərəfdarıdır. Üzv ölkələrin əksəriyyəti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zəruri olduğunu qəbul edir: "Ümidvaram ki, regional qruplar və ayrı-ayrı dövlətlər islahatların yolları və üsulları ilə bağlı geniş konsensusa nail olmaq üçün birgə işləyə biləcəklər. BMT və şəxsən mən lazımi dəstəyi verməyə hazıram". Quterreş bildirib ki, BMT Təhlükəsizlik Şurasının fəaliyyətində əsaslı iş metodları, o cümlədən açıq müzakirələr və Şuradan kənar üzv ölkələrlə təmasları gücləndirmək üçün qeyri-rəsmi proqramlardan istifadə vasitəsilə artıq irəliləmə baş verməlidir.
BMT Təhlükəsizlik Şurasının gücsüzlüyü və problemlerin həllində rolunun olmaması ölkəmizə də təsirsiz ötüşməmişdir. 1993-cü il ərzində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ və ətraf ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalını özündə əks etdirir. Bu qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələbləri irəli sürmüşdür. Təəssüf ki, BMT-nin məlum qətnamələri 30 il ərzində kağız üzərində qalmışdı. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Özünümüdafiə hüququnu əhatə edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi və 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı təcavüzkarları əzəli torpaqlarımızdan çıxardı.
Qeyd edək ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv kimi ilk dəfə 4 yanvar 2012-ci ildə iştirak etmişdir. Ölkəmiz mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik etmişdir. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra - iyunun 1-də isə Çinə ötürmüşdür. Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası 13 açıq, 16 qapalı iclas keçirmişdir. Bu müddət ərzində Təhlükəsizlik Şurasının 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnamə və mətbuat üçün 7 bəyanat qəbul edilmişdir.
Nurlan ABDALOV,
"Respublika".