BMT missiyasının bölgəyə səfəri ölkəmizin humanizminin göstəricisidir
Siyasət

BMT missiyasının bölgəyə səfəri ölkəmizin humanizminin göstəricisidir

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət etdi. BMT Baş Məclisinin 1992-ci il martın 2-də 46-cı sessiyası keçirildi və burada Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edildi. Onun Nyu-Yorkdakı iqamətgahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırıldı.

Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında çox önəmli rol oynadı. Qarşılıqlı səfər və görüşlər Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına öz töhfəsini verdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclasında iştirak edib və Ermənistanın Azərbaycana qarşı təcavüzü və Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələr aparılıb, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilib. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 822, 1993-cü il iyulun 29-da Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853, 1993-cü il oktyabrın 14-də ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874, 1993-cü il noyabrın 11-də 884 saylı qətnamə qəbul edib. Son qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyib, Zəngilan rayonu və Horadiz qəsəbəsindən və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edib.

Ötən illərdə Beynəlxalq aləmdə Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunması barədə çağırışlar səslənsə də, heç bir dövlət ərazi bütövlüyü prinsipinin əleyhinə gedərək oranı müstəqil dövlət kimi və orada keçirilən qondarma "prezident", "parlament" seçkilərini tanımadı.

Təəssüf ki, 30 ilə yaxın işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədi. Azərbaycanın BMT və təsisatlarından əsas gözləntisi ədalətli mövqe sərgiləmək, azad edilmiş ərazilərimizin bərpası prosesinə dəstək vermələridir. İndi növbə BMT-dədir və ən azından ərazilərin bərpa edilməsi məsələsində ölkəmizə dəstək ola bilər.

Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin bütün dünyada bərqərar olunmasının tərəfdarı kimi çıxış edib. Hazırda regionda yaranmış yeni vəziyyətlə bağlı bir sıra beynəlxalq təşkilatlar müxtəlif mövqelər sərgiləyirlər. Dövlətimiz bütün beynəlxalq təsisatlarla əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verilməsi də humanizmdən və şəffaflığın təmin edilməsinə maraqlı olmağımızdan qaynaqlanır.

Ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilir. BMT-nin missiyası 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə oktyabrın 1-də gəldi. Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəymədiyini, həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib.

BMT Missiyanın üzvləri növbəti dəfə 9 oktyabrda Ağdamdan keçib, Əsgəran-Xankəndi istiqamətində hərəkət edərək Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasında bildirib: "Beynəlxalq ekspertlər bunun şahididirlər. Yeri gəlmişkən, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub".

Röya RÜSTƏMLİ,

"Respublika".