Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi gündən etibarən qarşısına qoyduğu əsas məqsədlərdən biri də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını geri almaq idi. Bunu əsasən danışıqlar masasında həll etməyə çalışan ölkə rəhbəri işğalçıların dinc yolla suveren ərazilərimizdən çıxmayacağı təqdirdə, müharibənin də qaçılmaz olduğunu dəfələrlə vurğulamışdı. Bu baxımdan, Prezident İlham Əliyev siyasi arenada olduğu kimi, Silahlı Qüvvələrin formalaşmasında da mühüm işlər görüb. Hər an baş verə biləcək müharibə üçün ordumuz müasir silah-sursatlarla təmin edilib.
Dövlət başçısı ATƏT-in keçmiş Minsk qrupunun 30 illik "fəaliyyəti" dövründə həmsədrlərə müharibə amilinin bir kənara qoyulmasının mümkünsüzlüyünü izah etsə də onlar buna çox da əhəmiyyət vermədilər. Ermənipərəst həmsədr dövlətlər hər vəchlə Azərbaycanı bu işğalla barışmağa sövq etsələr də, 2016-cı il Aprel döyüşləri və 2018-ci il Günnüt əməliyyatı heç bir kənar amilin Ali Baş Komandanın iradəsinə təsir etməyəcəyini göstərdi və Azərbaycanın bu işğalla barışmayacağını nümayiş etdirdi. Beləliklə, 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinin nəticələri işğalçı ölkə üçün çox ağır oldu. Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan münaqişənin şanlı Qələbə ilə başa çatması və 30 illik işğala son qoyulması Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətinin, siyasətçi kimi iradəsinin göstəricisi oldu. Artıq torpaqlarımızın işğaldan azad olunmasından üç ilə yaxın vaxt keçir. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində əldə etdiyimiz Qələbəyə həsr olunmuş Zəfər paradında çıxış edən dövlət başçısı bildirmişdi ki, biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı və ordumuzu gücləndirirdik. Prezident onu da vurğulamışdı ki, Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi: "Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs "Qurani-Kərim"ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi...".
Bu Qələbədən sonra hər bir azərbaycanlı böyük qürur hissi ilə deyə bilər ki, 44 günün hər günü bizim şanlı tariximizin bir səhifəsidir. Çünki Azərbaycan Ordusu Vətən müharibəsində hər gün irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Halbuki, döyüş meydanlarında bu rast gəlinən haldır. Ancaq hərbçilərimizin vətənpərvərlik ruhu onları yalnız irəli aparırdı. Baxmayaraq ki, bu 30 ildə mənfur düşmən 6-7 səddən ibarət keçilməsi çətin olan istehkam qurğuları qurmuşdu. Lakin bu da düşmənə kömək ola bilmədi. Uzun illərdir qurduqları "keçilməz" Ohanyan səddi hərbçilərimiz tərəfindən qətiyyətlə yarıldı və ordumuz qətiyyətlə qələbəyə doğru irəlilədi. Bu yolda minlərlə Azərbaycan övladı şəhid və qazi oldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi və orada Azərbaycan bayrağı qaldırıldı. Müharibə Şuşa şəhərinin işğaldan azad olunması ilə başa çatdı. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsilə düşmən kapitulyasiya aktı imzalamağa məcbur edildi. Bunun nəticəsi olaraq Laçın, Kəlbəcər və Ağdam rayonları tam olaraq geri qaytarıldı. Azərbaycan 44 günlük Vətən müharibəsində bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, digər tərəfdən Ermənistan Ordusunun saxta döyüşkənlik mifini birdəfəlik məhv etdi. İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin qazandığı qələbədən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar, Azərbaycan Ordusunun apardığı döyüşlər dünyanın hərb mərkəzləri tərəfindən hərtərəfli təhlil edilir, nəticələri öyrənilir. Xüsusilə, Şuşa və Hadrut döyüşləri Azərbaycan Ordusunun hansı gücdə olduğunu əyani göstərdi.
Artıq Qarabağ və Şərqi Zəngəzur döyüş meydanından tikinti meydanına çevrilib. İşğaldan azad olunmuş ərazilərdə sürətli bərpa quruculuq işləri gedir. Məcburi köçkün statusu ilə yaşayan həmvətənlilərimiz artıq bu ad altında yaşamır. Onların yenidən dədə-baba torpaqlarına qayıtması prosesinə başlanılıb.
Beləliklə, ədaləti döyüş meydanında bərpa edən Azərbaycan böyük bir Zəfər çaldı. Prezident İlham Əliyev Şuşada "Euronews" televiziyasına müsahibə verən zaman bu məsələ haqqında danışaraq demişdir: "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik...". Ali Baş Komandan müsahibədə onu da qeyd etdi ki, biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.
Musa BAĞIRLI,
"Respublika".