Qazaxıstana səfər ikitərəfli əlaqələrə töhfə verəcək
Digər xəbərlər

Qazaxıstana səfər ikitərəfli əlaqələrə töhfə verəcək

Məlum olduğu kimi, Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri baş tutmuş, səfər çərçivəsində bir sıra mühüm məsələlər müzakirə olunmuşdur. Bəs, sözügedən müzakirələr ikitərəfli əməkdaşlığın inkişafına hansı töhfələri verəcək? İqtisadçı ekspert Eldəniz Əmirov ölkə başçımızın Qazaxıstana səfərini son dərəcə vacib zərurətdən doğduğunu qeyd edib. Bu, təkcə siyasi-iqtisadi deyil, bütün sahələrdə strateji əməkdaşlığa ciddi töhfəsini vermiş olacaqdır. O ki, qaldı iqtisadi əməkdaşlıq formatına həm coğrafi, həm iqtisadi, həm digər kontekstdə olan göstəriciləri təhlil etdikdə ölkələr arasındakı potensialın yüksək olduğunu görə bilərik.

Dünyada ən vacib resurs torpaqdır. Bu baxımdan Qazaxıstan dünya üzrə 9-cu yerdədir. Halbuki, Azərbaycan isə ərazisinə görə 111-ci yerdədir. Yəni belə nəhəng ölkə ilə iqtisadi əməkdaşlıq çox vacibdir. Ticarət dövriyyəmizin ən yüksək göstəricisi 2008-ci ildə 490 milyon dollar olub. Bundan sonra dövriyyədə bir sıra azalmalar olsa da, 2022-ci ildə ciddi artım müşahidə edilib. Belə ki, göstəriciləri 2001-ci illə müqayisə etsək, 341 faiz, yəni 4,4 dəfə artımın olduğunu görərik. Rusiya-Ukrayna müharibəsi artıma səbəb olan amildir. Bundan əlavə, bu ilin ilk aylarında 15 faiz artım dinamikası var. Artımların bir sıra səbəblərini bildirmək istərdim. Qazaxıstan hazırda Azərbaycan bazarında satmaq üçün 304 milyon ABŞ dolları dəyərində 100-dən çox qeyri-xammal əmtəəsi təklif edir. Bu rəqəm mövcud ticarət dövriyyəsi ilə müqayisədə çox yaxşı məbləğdir. Çünki iki il əvvəl Qazaxıstan ölkəmizə cəmi 96 milyon ABŞ dəyərində mal ixrac etmişdir.

Eyni zamanda Azərbaycan Qazaxıstan hazırda 9 beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq edir. Bunlara BMT, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İƏT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti İrsi Fondu, TÜRKPA TÜRKSOY daxildir. Digər mühüm məsələ isə Qazaxıstan neftinin Azərbaycan üzərindən ixracıdır. Qazaxıstan gələcəkdəki Trans-Xəzər layihələrini gözləmədən rahat şəkildə öz neftini Avropaya sata bilir. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə 1,5 milyon neftin ixracı ilə bağlı 5 illik müqavilə bağlanıb. Amma Qazaxıstan tərəfi bu tranzit həcmin pilot olduğunu açıqlayır. Bu potensialın həqiqətən çox olduğunu göstərir. Çünki tədarük durmadan artır. Bu yerdə dəhliz məsələsini xüsusi vurğulamaq istərdim. Azərbaycan Şərq-Qərb dəhlizində Orta dəhlizə daha çox önəm verir. Orta dəhliz məhz Qazaxıstandan keçir. Bu, hər iki ölkə üçün əlavə dividendlər qazandırır.

Xəzərin bölgü məsələsində hələ digər ölkələrlə anlaşmalar əldə olunmazdan öncə Azərbaycan Qazaxıstan ilk olaraq razılığa gəlmişdirlər. Məhz 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Qazaxıstanla konvensiya da imzalanmışdır. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu məhsulları Çindən Türkiyəyə, oradan da Avropaya daşımaq imkanı verir. Bu da Qazaxıstandan keçir ki, ölkənin Avropa Asiyada mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsinə kömək edir.

Bütün hallarda Azərbaycan Qazaxıstan geniş potensiala malik ölkədirlər. Hazırda Qazaxıstanda Azərbaycan kapitallı 1200-ə qədər şirkət fəaliyyət göstərir. Hesab edirəm ki, qarşılıqlı əlaqələr nəticəsində Azərbaycanda da Qazaxıstan kapitallı şirkətlərin sayı artacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".