Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan erməni azlığı Azərbaycan vətəndaşlarıdır. Və onların taleyi, gələcək həyatı dövlətimizin daxili işidir. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, etnik ermənilər də həmin hüquqlara malik olacaqlar. Beynəlxalq ictimaiyyətdə isə belə bir fikir formalaşdırılırdı ki, Azərbaycan soyqırımı törədir, "humanitar blokada" yaradır. Separatçı xunta rejiminin özbaşınalığının, törədiyi təxribatların keçirilən antiterror tədbirləri nəticəsində qarşısının alınması bu tip şoulara əbədi son qoydu. Nəticədə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi. Avropa İttifaqından da, Azərbaycanın haqq işinə dəstək verildi.
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, haqq işimizin sonacan uğurla irəliləməsinə beynəlxalq ictimaiyyət də dəstək verir:
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki hərbi birləşmələrinin sentyabrın 19-da törətdikləri növbəti terror aktları nəticəsində polis əməkdaşlarımız və mülki şəxslər şəhid oldular. Azərbaycan buna lokal xarakterli antiterror tədbirləri ilə cavab verdi. Məqsəd 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliklərinin təmin olunması idi. 23 saat çəkən lokal xarakterli antiterror tədbirləri Xankəndidəki qanunsuz rejimin ağ bayraq qaldıraraq təslim olması ilə başa çatdı.
Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldıqdan sonra Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. 10 noyabr Bəyanatını imzalamaqla düşmən öz üzərinə bir çox öhdəliklər götürdü. Bu öhdəliklərdən biri də Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı birləşmələrin çıxarılması idi. Ancaq təəssüflər olsun ki, üç il ərzində Ermənistan qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisindən çıxarmadı. Əksinə, yeni silah-sursatın bu əraziyə gizli yollarla gətirilməsi, burada müdafiə sisteminin qurulması, həmçinin Azərbaycan əleyhinə mina terrorunun və digər təxribatların həyata keçirilməsi reallaşdırıldı. Bu da Azərbaycan tərəfini çox narahat edirdi və çox təəssüflər olsun ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, əksinə çoxlu sayda təxribatlar törətdilər.
19 sentyabrda düşmənin mina terroru nəticəsində biz ikisi mülki şəxs olmaqla altı şəhid verdik. Daha sonra bir çox polis əməkdaşları da yaralandı və bu təxribat demək olar ki, Azərbaycan tərəfinin səbir kasasını daşırdı və lokal antiterror tədbirlərinin keçirilməsini şərtləndirdi. Bu tədbirlər həyata keçirilərkən ən əsas məsələlərdən biri ondan ibarət idi ki, ilk növbədə Azərbaycan vətəndaşları üçün təhlükə mənbəyi olan qanunsuz erməni silahlı dəstələri, hərbi maşınları, hərbi silah-sursatı, anbarları zərərsizləşdirilsin və mülki ermənilərin zərər görməməsi üçün bütün mümkün variantlar işə salınsın. Və belə də oldu. Həmin antiterror tədbirlərinin videogörüntülərinə baxdıqda görürük ki, mülki şəxslər olan ərazilərdə hətta hərbi maşınlar, hərbçilər varsa, həmin ərazidə tədbirlərin keçirilməsi dayandırılır. Dinc sakinlərin təhlükəsizliyi təmin olunur. Nəticə etibarı ilə Azərbaycan Silahlı Qüvvələri və Azərbaycan xüsusi xidmət orqanlarının koordinasiyalı şəkildə lokal antiterror tədbirləri bir gün ərzində keçirildi. 23 saat ərzində separatçılar Azərbaycan tərəfinin şərtlərini qəbul edərək təslim oldular. Bu, demək olar ki, müasir dövrdə separatizm üzərində nadir nümunələrdəndir ki, məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həyata keçirə bildi. Bu tədbirlər zamanı mülki şəxslərin təhlükəsizliyinin nəzərə alınması və xüsusilə də humanitar hüquq qaydalarına və prinsiplərinə əməl olunması Azərbaycanın uğuru kimi dəyərləndirilməlidir.
Avropa İttifaqı tərəfindən açıqlanan bəyanatda da bu məsələlər qeyd olunmaqdadır ki, bu da bir çox Qərb dövlətlərinin və xüsusilə də insan haqlarından dəm vuran beynəlxalq təşkilatların böhtanlarını puç edir. Xankəndidə ağ bayraq qaldıraraq təslim olması, növbəti gün Yevlax şəhərində separatçıların Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla erməni əsilli vətəndaşların sakinlərin nümayəndələrinin görüşü, həmin nümayəndələrə Azərbaycan tərəfindən reinteqrasiya proqramının təqdim edilməsi və ermənilər tərəfindən yardım istəyinin dərhal reallaşdırılması Azərbaycanın hər zaman verdiyi sözə əməl etdiyinin nümunəsidir.
Azərbaycan humanitar yardımları davamlı olaraq göndərir. Hətta lokal antiterror tədbirləri zamanı da Azərbaycan Silahlı Qüvvələri tərəfindən dinc sakinlərə tibbi yardımın göstərilməsi, onların təhlükəsiz yerlərə gətirilməsi, xüsusi çadırlar quraşdırılaraq məskunlaşdırılması olduqca əlamətdardır. Digər tərəfdən, bu ərazilərdə yaşamaq istəməyən sakinlərin təxliyəsi və humanitar dəhliz vasitəsilə Ermənistana göndərilməsi də Azərbaycan sərhədçiləri tərəfindən həyata keçirilir. Ancaq Azərbaycan qanunlarının əleyhinə çıxan, azərbaycanlılara qarşı hərbi cinayətlər törədən bir çox şəxslər var ki, onların da tutularaq Azərbaycan qanunları qarşısında cavab verməsi həyata keçirilir.
Xankəndinin Azərbaycanın elektrik enerjisi şəbəkəsinə qoşulması onu deməyə imkan verir ki, ən qısa zamanda biz bütün bu ərazilərdə yeni infrastrukturun qurulması, kommunal xidmətlərdən istifadə olunmasına nail olacağıq. Mülki vətəndaşların normal həyatlarının davam etdirilməsi üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti zamanı səsləndirdiyi bütün fikirlər mərhələli şəkildə reallaşdırılacaq. Erməni əsilli sakinlər ölkəmizin qanunlarını, Azərbaycan vətəndaşlığını qəbul edərək bu ərazilərdə yaşayışlarına davam edəcəkləri təqdirdə onlar üçün bütün hüquq və qaydalar şamil ediləcək və onların sosial təminatı, təhlükəsizliyi, seçki hüququ tam olaraq təmin olunacaqdır. Azərbaycan regionda uzunmüddətli sülhün və əmin-amanlığın bərqərar olması, Qafqazda sabitliyin yaranması üçün bütün mümkün vasitələri səfərbər edib. Biz inanırıq ki, Ermənistan da Azərbaycan tərəfinin bu təşəbbüsünə müsbət yanaşacaq. Əminəm ki, Ermənistanla sülhə nail olacağıq. Beynəlxalq təşkilatlar, əsasən də Ermənistanın havadarları nəhayət ki, Cənubi Qafqazdan əllərini çəkəcək və onlar region xalqlarının birgəyaşayışına əngəl ola bilməyəcəklər. Son günlərdə görülmüş işləri nəzərdən keçirdikdə tam olaraq anlayırıq ki, Azərbaycan hökuməti planlı, proqramlı şəkildə birgəyaşayışı təşviq edir və bunun üçün bütün vasitələri işə salır. İnanırıq ki, Azərbaycan tərəfinin yaratdığı yeni reallıqlar düzgün, səmimi qəbul ediləcək və Ermənistan tərəfinin də bu proseslərə töhfə verəcəyinin şahidi olacağıq".
Nurlan ABDALOV,
"Respublika".