Zəngəzur dəhlizi: Qlobal güclərin diqqət mərkəzi
Gündəm

Zəngəzur dəhlizi: Qlobal güclərin diqqət mərkəzi

2020 -ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan bir sıra öhdəlikləri yerinə yetirməli idi. Belə ki, Bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi reallığa çevrilməli, bütün kommunikasiyalar bərpa olunmalıydı. Əfsuslar olsun ki, düşmən tərəf öhdəliklərini yerinə yetirmir, daim regionda destabilliyi saxlamağa cəhd edir. Halbuki Zəngəzur dəhlizi Mərkəzi Asiya və Avropanın inteqrasiyası, iqtisadi dividendlərin əldə edilməsi üçün olduqca mühüm layihədir. Bununla yanaşı, sülh müqaviləsinin imzalanması ilə Ermənistan da dəhlizdən yararlana bilər. Lakin bunun üçün regional sabitliyə önəm verilməli, müsbət qonşuluq əlaqələri formalaşdırılmalıdır ki, bu proses reallığa çevrilsin. İstənilən halda, bütün türk dünyasının və qlobal güclərin marağında olan Zəngəzur dəhlizi reallığa çevriləcək.

Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu ideya hələ Sovet İttifaqı dönəmində, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində gündəmə gəlmişdir. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu o dövrdə ermənilərin ciddi narazılığı ilə qarşılanmışdı. Ermənilər bu layihəyə türklərin birləşməməsi üçün qarşı çıxır, "Böyük Turan"ın qurulmasında əsas predmet hesab edirdilər. Elə indi olduğu kimi... Ölkə başçımızın mövqeyi isə olduqca qətidir. Suverenliyimizin tam bərpasından sonra növbəti hədəflərdən başlıcası məhz Zəngəzur dəhlizini reallaşdırmaqdır. Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə nail olmaq növbəti dəfə bütün Azərbaycan xalqını qürurlandıracaq. Digər tərəfdən, qardaş Türkiyənin də mövqeyi məsələdə həlledici rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı deyib: "Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik...".

Həm Rusiyanın vasitəçiliyi ilə keçirilən Soçi görüşündə, həm də Brüssel danışıqlarında müzakirə predmetlərindən biri kommunikasiyaların, ən əsası da Zəngəzur dəhlizinin açılması məsələsi olub ki, bu məsələ qlobal gündəlikdə ön sırada qərarlaşır. Zəngəzur dəhlizinin açılması qlobal güclərin də marağındadır. Və gərginləşən geosiyasi vəziyyətdə Rusiyadan yan keçməklə alternativ yolların axtarışı qlobal məsələdir. Azərbaycanın logistik mərkəzə çevrilməsi yolunda bu ciddi bir addımdır. Bu vasitə ilə Azərbaycan şərq, qərb, cənub, şimal yollarının mərkəzində yerləşən ölkə kimi həm iqtisadi, həm də geosiyasi dividendlər qazanacaq. Bunu şərtləndirən bir sıra amillər mövcuddur. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin əsas seqmenti qismində çıxış edə bilər. Həmçinin dəhliz Cənubi Qafqaz regionu, Uzaq Şərq, Mərkəzi Asiya və Avropa üçün önəmli tranzit yoludur. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna quru nəqliyyat dəhlizinin formalaşdırılması bu məsələnin qloballığını daha da qabardır.

Zəngəzur dəhlizinin bir parçası olacaq həm dəmir yolunun, həm də avtomobil yolunun inşasına dair işlər sürətlə reallaşdırılmaqdadır. Zəngəzur dəhlizi ilə bağlı digər vacib olan məqamlardan biri də Aşqabad müqaviləsinin ölkələrin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmasıdır. Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanmışdır. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər. Zəngəzur dəhlizinin açılması ilə formalaşan yeni iqtisadi qovşaq Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.

Dünyanın nəhəng iqtisadi güclərindən biri olan Çindən Avropaya yüklərin daşınmasında əsas seqment kimi Azərbaycanın mövqeyi danılmazdır. Zəngəzur dəhlizinin açılması nəticəsində il ərzində 400 milyard dollardan çox yüklərin transportasiyası gerçəkləşə bilər. Yükdaşıma qabiliyyəti ilə yanaşı, Azərbaycanın bu beynəlxalq layihədəki mövqeyi eyni zamanda türk dünyasının birləşməsində də rol oynayacaq. 300 milyon nəfərlik böyük bir coğrafiyanın tranzit ehtiyacının bu yol vasitəsi ilə ödənməsi olduqca əhəmiyyətli layihənin əsasını təşkil edir. Onu da vurğulamaq lazımdır ki, Şərqlə Qərb arasında körpü rolunu oynayan Zəngəzur dəhlizi vasitəsilə qurulan əlaqələr şəbəkəsi Çinin əvvəlcə "Bir nəsil, bir yol", sonra isə "Nəsil-yol" adlandırdığı XXI əsrin Yeni İpək yolu layihəsinin tərkibini təşkil edə bilər. Çünki Zəngəzur dəhlizi elə bir coğrafiyada yer alır ki, bütün dünya bu nöqtəyə "orta yol" kimi baxır. Ona görə də, bu dəhliz təkcə Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə, İran, Rusiyaya aid hesab edilməməlidir. Çin, Avropa İttifaqı kimi ölkələr də bu layihəyə cəlb olunmalıdır. Maraqlı ölkələri cəlb etmək problemin çözümündə böyük rol oynayacaq.

Vacib məqamlardan biri də odur ki, dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaq. Bu isə türk dünyasını birləşdirən ən vacib addım olacaq. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişləndirəcək və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bununla da, regionda yaranan yeni reallıqlar Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Ən əsası, uzun illərdən sonra türk dünyasını yenidən birləşəcək.

Deyə bilərik ki, layihənin reallaşdırılması üzrə vacib addımlar atılır. Belə ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Nurlan ABDALOV,

 "Respublika".