Regionun hərtərəfli inkişafına verdiyi əvəzsiz töhfələr, dünyada sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər, ərsəyə gətirdiyi enerji layihələrinin əhəmiyyəti və effektiv nəticələri, həmçinin iqtisadi gücü və əlverişli coğrafi mövqeyi günü-gündən inkişaf edən ölkəmizin beynəlxalq nüfuzunu durmadan yüksəldir. Prezident İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində tamamilə iqtisadi müstəqilliyə sahib olması, balanslaşdırılmış xarici siyasət həyata keçirməsi, habelə qazandığı möhtəşəm Zəfərlə ədaləti bərpa etməsi ölkəmizə qlobal miqyasda müsbət imic qazandırıb. Eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycanın ikitərəfli münasibətlərdə də bütün məsələlər üzrə atdığı hər bir imzasına yüksək dəyər verməsi onu dünyada güvənli tərəfdaş kimi tanıdır. Məhz bu siyasətin nəticəsidir ki, həm regional və beynəlxalq təşkilatlar, həm də dünya dövlətləri Azərbaycanla əməkdaşlıqdan xeyli məmnundurlar. Qeyd edim ki, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini də ərəb ölkələri ilə münasibətlər təşkil edir və son illərdə bu dövlətlərlə əlaqələr genişlənir. Xatırladım ki, 30 il davam etmiş işğal dönəmində ərəb ölkələri Azərbaycanın haqq işini müdafiə edib, bütün platformalarda ərazi bütövlüyünə və suverenliyinə dəstək göstəriblər. Təbii ki, bu da həmin dövrdə bizim üçün həssas məqamlardan biri idi.
İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan əlaqələrimiz qarşılıqlı hörmət və səmimi dostluq zəminində inkişaf edib. Xatırladım ki, 2006-cı ildə dövlətimizin başçısı cənab İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri, iqtisadi, ticari, texniki, həmçinin investisiya və hərbi əməkdaşlıq üzrə imzalanan sazişlər ikitərəfli münasibətlərdə dinamik inkişafa səbəb olub. Eləcə də Prezident İlham Əliyevin 2016-cı ildə bu ölkəyə növbəti səfəri zamanı dəniz nəqliyyatı və informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair imzalanan sənədlər əməkdaşlığın genişlənməsinə gətirib çıxarıb. Möhkəm təməllərə söykənən ikitərəfli əlaqələr son illərdə xüsusilə energetika sahəsində daha da geniş vüsət alıb. Azərbaycanda yaradılan əlverişli investisiya mühiti BƏƏ şirkətlərinin də diqqətini çəkir. Belə ki, bu ölkənin "Masdar" şirkətinin ölkəmizdə mövcud olan siyasi sabitliyə güvənərək "yaşıl enerji" sektoruna yatırım etməsi bunun təsdiqidir.
BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə reallaşan bu səfəri, aparılan müzakirələr və yeni sahələr üzrə imzalanan sənədlər mövcud münasibətləri gücləndirəcək və əlaqələrimizin genişlənməsinə daha böyük imkanlar açacaq.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı.