BƏDNAM QONŞUMUZUN İDEOLOJİ ÇƏTİRİ YIRTILIR
Siyasət

BƏDNAM QONŞUMUZUN İDEOLOJİ ÇƏTİRİ YIRTILIR

Ermənistanın təkcə faşist ideologiyası deyil, həm də qondarma rejimi də iflasa uğrayır

Qarabağ münaqişəsinin başa çatması və Ermənistanın hərbi məğlubiyyəti Azərbaycanın ləyaqətlə yerinə yetirdiyi tarixi missiyadır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin əhəmiyyəti dünya tərəfindən getdikcə daha aydın şəkildə dərk ediləcək.

Otuz illik yalan və iftiralardan ibarət erməni təbliğatının nəticələri hələ də qüvvədədir və dünya tam dərk etmir ki, Azərbaycan nəinki öz torpaqlarını azad edib, obrazlı desək, erməni faşizminin belini qırıb. Təəssüf ki, qonşu dövlətimiz həqiqətən də nasistlərin milli və irqi üstünlük ideyalarını, başqa xalqlara hörmətsizlik və bunun nəticəsində icazə verilən və hətta alqışlanan zorakılığı təbliğ edir. Birinci Qarabağ müharibəsi və işğal illərində bu ideologiya praktiki olaraq tətbiq edildi, nəticədə minlərlə günahsız qurban verildi, bu torpağın əsl sahiblərinin izlərinin məhv edilməsi istiqamətində ağlasığmaz vəhşiliklər, vandallıqlar törədildi.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, erməni faşizmini, onların antibəşəri ideoloji maşınını məhv etmək Azərbaycanın tarixi missiyası olub. Bu fikri o, işğaldan azad edilmiş ərazilərdə və ya beynəlxalq forum və sammitlərin keçirildiyi ölkələrdə çıxış edərək bir neçə dəfə ifadə edib. Və xəbərdarlıq edib ki, Azərbaycan erməni faşizminin yenidən başını qaldırmasına, erməni ideoloqları tərəfindən ifraz edilən şovinist və millətçi ideologiyanın vüsət almasına imkan verməyəcək.

Dövlət başçısı həmişə təəssüflə qeyd edirdi ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, düşmənin xisləti, ideologiyası, mahiyyəti dəyişməyib. Hadisələrə obyektiv yanaşan hər bir insana tam aydındır ki, ermənilərin canına hopmuş azərbaycanofobiya, islamofobiya ruhi xəstəlik, kütləvi psixoz səviyyəsinə çatıb. Ermənilərin bütün vəhşilikləri azərbaycanlılara qarşı rəsmi ideologiya səviyyəsinə qaldırılmış nifrət zəminində törədilib.

Prezident haqlı olaraq bildirib ki, azad edilmiş torpaqlara gələn hər kəsi dəhşət bürüyür - bunu qeyri-insanlar edib. Həqiqətən, ermənilərin törətdiyi əməlləri heç heyvanlar, yırtıcılar da etməzdi. Bunu azğın, qəzəbli azərbaycanofobiya ilə zəhərlənmiş kütlə, tayfa edib, buna başqa ad qoymaq mümkün deyil. Bütün dünya bunu görməlidir. Ermənistanın himayədarları da görməlidirlər və görəcəklər, onlar görmək istəməsələr belə, biz göstərəcəyik. Dövlətimiz bütün regionu böyük bəladan, şər qüvvələrdən xilas edib. Prezident İlham Əliyev həmişə bəyan edib ki, ermənilər xalqımız üçün yeni təhlükə mənbəyi yaradarsa, biz heç bir tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik.

Heç kimə sirr deyil ki, faşist əlaltısı Qaregin Njdenin ideologiyası əslində Ermənistanda milli ideyaya çevrilmişdir. Və bu, təkcə Ermənistanı deyil, bütün regionumuzu dalana, çıxılmaz vəziyyətə, yeni qurbanlara, faciələrə doğru aparan bir yoldur. Ermənistanda rejimlər dəyişir, digər xalqlar üzərində hökmranlıq arzuları isə daha da pisləşir, getdikcə eybəcərləşir.

Ermənilər Azərbaycan, türk, yəhudi, gürcü və digər xalqlara qarşı sırf düşmən mövqe tutaraq, hər fürsətdə bu xalqların nümayəndələrinə böhtan atmaqla, ya da vaxtaşırı bu və ya digər xalqa qarşı silsilə soyqırımları həyata keçirməklə məşğul idi. Bunu onlar həm Cənubi Qafqazda, həm də Türkiyə Respublikasında edirdilər. Ermənilərin və erməni ideoloqlarının Azərbaycan xalqına qarşı davamlı, tarixi əsasdan və sosial-iqtisadi səbəblərdən məhrum olan ideoloji və informasiya müharibəsi dəfələrlə soyqırımı aktları ilə yekunlaşıb. Bunun üçün 1905-1907, 1918, 1948-1953, 1989-1993-cü illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri bir sıra mərhələli soyqırımlarını xatırlatmaq kifayətdir.

Müxtəlif ölkələrin çoxsaylı arxiv sənədləri, xüsusi dövlət komissiyalarının rəyləri, o cümlədən ən zəngin memuar ədəbiyyatı təkzibedilməz şəkildə sübut edir ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı soyqırımı aktları əvvəlcədən hazırlanmış planlara və ideoloji əsasa uyğun olaraq, erməni ideoloqları tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilib. XIX əsrin sonlarında yaranmış "Hnçak" kimi sırf faşist təmayüllü mürtəce təşkilatların ideologiyası və siyasi oriyentasiyası, Avropa, Amerika və Rusiyaya azərbaycanlılara və türklərə qarşı nifrət və iftiralarla dolu ideyaları yayan bədnam Daşnaksütyun partiyası yüzminlərlə azərbaycanlının və türkün kədəri və iztirablarına səbəb oldu. Ən ağrılı və dəhşətli məqam isə bundan ibarətdir ki, XX əsrdə ermənilər Hitler və Göbbelsin faşizm ideyalarını böyük hörmət və rəğbətlə qarşılayırdı.

Bütün dünyada erməni ideologiyası bu toplumun nümayəndələrini zəhmətkeş, qabiliyyətli "insanlar" kimi təqdim etməyə çalışır. Lakin beynəlxalq birliyə yaxşı məlumdur ki, onlar bir çox ölkələrdə elə-belə "sığınacaq" tapmayıblar. Bundan əlavə, onlara təkcə tamhüquqlu dövlət qurmaq şansı deyil, həm də dövlətin özü hazır vəziyyətdə verildi, lakin onlar xüsusi bir hiylə ilə bundan yararlandılar. Ermənilər öz siyasətini qonşularına nifrət prinsipləri üzərində qurdular, bunun nəticələrini düşünmədən etdilər, hətta qonşuları ilə praqmatik münasibətlər qurmağa, dövlətlərini inkişaf etdirməyə belə cəhd göstərmədilər. Bir sözlə, erməni dövlətçiliyi iflasa uğrayır. İrəvan siyasətçiləri intriqaları davam etdirir və ermənilərə hansısa qisas və üstünlük üçün əsassız ümidlər bəsləyirlər. Belə davam edərsə, o zaman Ermənistan adlı ölkənin varlığına birdəfəlik son qoyulacaq.

 Emin QASIMOV,

"Respublika".