Eyforiyaya qapılan kapitulyantların sərsəm xəyalları
Siyasət

Eyforiyaya qapılan kapitulyantların sərsəm xəyalları

Xalq-dövlət birliyinin olmadığı, dərin xaosun hökm sürdüyü, iqtidar-kilsə-müxalifət tandemi arasında idarəetmənin itirildiyi bir ölkə düşünün.

Əminəm ki, hər kəsin xəyalında uğursuz daxili və xarici siyasət yürüdən, səhvlərindən nəticə çıxarmadığı üçün bir çox sahədə iflasa məhkum olan, beynəlxalq sferada həyasızlığı ilə tanınan Ermənistan canlanır. Bu ölkə 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də 2020-ci ildə baş verənlərin təsirindən çalxalanır. Söhbət İkinci Qarabağ müharibəsində ölən hərbçilərlə bağlı qalmaqallardan gedir. Həlak olan döyüşçülərin yaxınları tez-tez müxtəlif səbəblərdən Ermənistan İstintaq Komitəsinin binası qarşısında etiraz aksiyaları təşkil edirlər.

Son olaraq ötən həftə əsgər valideynlərinin yaratdıqları "oğulların çağırışı" adlı təşkilat böyük piket keçirib, antixalq hökumətinə qarşı mübarizə aparacağına və hazırkı rejimdən tez bir zamanda qurtulmaq üçün hər şeyi edəcəyinə dair söz verib. Müharibədə həlak olanların ailələri onlara qarşı erməni polisi tərəfindən həyata keçirilən zorakılığa da etiraz ediblər. Bildiriblər ki, "21 sentyabr" işi bağlansa da, heç bir polis məmuru məsuliyyətə cəlb olunmayıb. Xatırladaq ki, 21 sentyabr 2022-ci ildə, yəni Ermənistanın Müstəqillik Günündə həlak olan hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanın oğullarının məzarlarına yaxınlaşmasına icazə verməmək üçün İrəvandakı "Yerablur" panteonuna gediblər. Polis məmurları aksiyada iştirak edən bəzi valideynləri həbs ediblər. Faktla bağlı cinayət işi başlanılsa da, heç bir nəticəsi olmadan dayandırılıb. Məhz bu məqam "Oğulların çağırışı"nın daha qəzəbli formada nümayişlər təşkil etməsi ilə nəticələnib.

Amma görünən odur ki, İrəvan rəhbərliyi ölkədə baş verən qarşıdurmalara cavab vermək iqtidarında olmadığından hər şeyi görməzdən gəlir. Çünki Paşinyan hökuməti yaxşı dərk edir ki, əgər baş verən hadisələrə, ölkədəki narazı kütlənin çağırışlarına cavab versə, gərək bütün uğursuzluqlarını qəbul etsin və baş nazir kreslosunu təhvil verib getsin. Düşünsək ki, Paşinyan həmin kresloya öz ağlının, bacarığının gücünə oturmayıb, onu sadəcə ora marionet kimi qoyublar, o zaman baş nazir üçün bu vəziyyətin ikiqat təhlükəli olduğu aydınlaşır. Elə bu səbəbdən də Ermənistan müharibədə ölən əsgərlərin valideynlərinin etirazları ilə çalxalansa da, hökumət rəhbərliyi heç nə olmamış kimi yanvarın 28-də ordu günü keçirib. Bu tədbirdə verilən mesajlar isə bizim üçün xeyli əhəmiyyət kəsb edir. Çünki Ermənistanın sabiq prezidenti, Xocalı qatili kimi tanınan Robert Köçəryan çıxışında ordularının əvvəlki mövqeyini bərpa edəcəyini və bu yolla ləyaqətli sülhə nail olacaqlarını bildirib. Son iki əsrdə Ermənistan və Azərbaycan arasında yaşanan qarşıdurmalarda separatçı, ekstremist, bir çox hallarda terrorçu meyillərə yön verən erməni kilsəsi də özünün məkrli niyyətindən əl çəkmədiyini göstərib. Katolikos II Qaregin Ermənistan ordusu təhlükəsiz gələcəyin və müstəqil dövlətçiliyin təminatçısıdır deyərək, Azərbaycana qarşı ərazi iddiası səsləndirib, Qarabağın guya işğal olunduğunu bildirib və ölkəni silahlanmağa çağırıb. Revanşistlərin bu fikirlərinə keçmişdə və hazırda Ermənistan hökumətində təmsil olunan şəxslər də qoşulub. Onlar silahlı qüvvələrinin keçmişdəki "şücaət"lərini təkrarlayacağına inandıqlarını bildiriblər.

Əlbəttə, səsləndirilən bu fikirlər reallıqdan xeyli uzaqdır. Çünki hazırda Ermənistan ordusunda xaos hökm sürür. Erməni hərbçilərinin silahlarını satması, Azərbaycanla şərti sərhəddə xidmətdən yayınma kimi hallar qarşısıalınmaz həddə çatıb. Hökumət rəsmiləri hətta bildiriblər ki, müharibə dövründə 10 min nəfər fərarilik edib. Əksər erməni ekspertlərinin də vurğuladıqları kimi, müharibədəki məğlubiyyətdən sonra ordu sıralarında özbaşınalıq, anarxiya dərinləşib. Sözsüz ki, bu vəziyyəti müharibə çağırışı edən revanşist qüvvələr də yaxşı müşahidə edir. Amma Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən və bunu milli ideoloji müstəvidə həyata keçirməyə çalışan erməni kilsəsi, lobbisi və onların dəstəklədikləri qruplaşmanın üzvləri Cənubi Qafqazda sülh prosesinə mane olmaq üçün cəmiyyətdə revanşizmi körükləyir. Köçəryan və Qareginin nitqlərində ləyaqətli sülhə yeni savaşla nail olmaq istədiklərini vurğulması da onların pozuculuq fəaliyyətlərini davam etdirdiyinə işarədir. Belə sərsəm bəyanatlarla çıxış edən isə təkcə separatçılar, revanşistlər deyil, Ermənistan hökuməti də eyni yolu izləyir. Bunu sübut etmək üçün baş nazir Nikol Paşinyanın ordunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirlərə nəzər salmaq kifayətdir. Hökumət rəhbəri bildirib ki, ölkəsinin müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir. Onun sözlərinə görə, son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Hökumət ölkənin hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib. Paşinyan onu da qeyd edib ki, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir. Baş nazir, həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini də vurğulayıb.

Amma ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında da bildirilib: "Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür. Nikol Paşinyanın "qoşunların güzgü prinsipi ilə geri çəkilməsi" fikrini yenidən təkrarlaması, "hücum etməmək haqqında pakt", "silahlanmaya birgə nəzarət mexanizmi" kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri birinci və ikinci dünya müharibələri arasındakı dövrü xatırladan "hücum etməmək haqqında pakt" kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır".

Lakin hələ də yuxularında "dənizdən dənizə böyük Ermənistan" görən, geosiyasi reallıqlardan uzaq ermənilər dərk etməlidirlər ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək, eyni zamanda hərbi müstəvidə fəaliyyətə başlamaq kapitulyant ölkə üçün daha ciddi, fəlakətli nəticələrə səbəb olacaq. Çünki bu ölkə heç hərbi strategiyasını açıq şəkildə bəyan etmək gücündə deyil. Təzada baxın: Ermənistan KTMT-də təmsil olunur, əsgərləri isə NATO geyimində fəaliyyət göstərir. Yəni bu ölkə müdafiə sahəsində nə qədər yenilik etmək istəsə də, əslində onların strategiyalarının sadəcə üstü bəzəkli və cəlbedicidir, mahiyyət etibarilə sıfıra bərabərdir.

Jalə QASIMZADƏ,

"Respublika".