Vətən müharibəsi zamanı əldə edilən hərbi-siyasi qələbəmiz otuz illik işğala son qoydu. Torpaqlarımız düşmən tapdağından azad olunmaqla ərazi bütövlüyümüz bərpa edildi. Lakin mənfur düşmən hələ də müxtəlif təxribatlarla sülh prosesi üzrə adekvat addımlar atmaq niyyətində deyil və regionda destabilliyi artırmaq üçün əlindən gələni edir. Digər tərəfdən Xankəndi və Laçın yolunda yerləşən sülhməranlıların bölgədə qanunun, haqqın, ədalətin təmin edilməsinə imkan verməməsi mövcud vəziyyəti daha da çətinləşdirir. Qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan hələ də xülyalara qapılaraq ölkəmizə qarşı yeni revanşist iddialarla çıxış edir. Bütün əngəllərə rəğmən, Azərbaycan dövləti hərbi və diplomatik mübarizələrdən qalib ayrılır, Cənubi Qafqazın rifahı üçün əlindən gələni edir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını riyakarlıqla pozan, etinasız yanaşma sərgiləyərək regional təhlükəsizliyə kölgə salan, Hayastan Azərbaycanın daxili işlərinə burnunu soxmağa cəhd göstərsə də, hər dəfə fiaskoya uğrayır. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədlə yaradılan Laçın dəhlizindən öz çirkin hərbi-siyasi niyyətləri üçün istifadə etmələri idi. Bununla yanaşı, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma separatçı rejim ilə əlbir olaraq onları silahlandıran Paşinyan hər fürsətdə sülh çağırışlarını guya dəstəklədiyini bildirərək növbəti təxribatların planını qurur. Ərazilərin minalanmasını, separatçıların silah-sursatla təmin olunmasını həyata keçirən, üstəlik, təbii sərvətlərimizi talan edərək Ermənistana daşınmasını reallaşdıran mənfur haylar görünür fürsət verilərsə bu kimi təxribatları artırmaq niyyətindədirlər. Məhz bu xüsusda, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti regional sabitlik və təhlükəsizlik üçün olduqca önəmlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etdiyi kimi: "Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib... Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə, nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir... Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır".
Qeyd etmək lazımdır ki, qlobal məkanda ermənipərəst dairələri olduqca narahat edən sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suveren hüquqlarının bərpası olaraq anti-Azərbaycan dairələrinə mesaj xarakteri daşıyır. Ölkəmizin daxili işinə münasibət və ya müdaxilə edə biləcəyini zənn edən mənfurlar regional lider olan Azərbaycanın imperativləri ilə razılaşmalı və sülhün bərqərar olması üçün çalışmalıdırlar. Ərazidəki dinc əhaliyə qarşı hər hansı bir maneənin mümkünsüzlüyünü dəfələrlə xarici vətəndaşlar və media orqanları vasitəsilə sübut edən Azərbaycan dövləti bu kimi haqsız ittihamlara rəğmən, hər zaman dürüstlük, mübarizə və qətiyyət nümayiş etdirmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Bizim sözümüz imzamız qədər keçərlidir".
Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı Azərbaycana qarşı əsassız iddiası isə beynəlxalq səviyyədə növbəti dəfə fiaskoya uğrayıb. Revanşist meyillərin əbəs olduğunu, sülhün vacibliyini, regional təhdid halına çevrildiyini dərk etmək istəməyən Ermənistan diplomatik arenada növbəti "tərs şilləni" yeyərək yerinə otuzduruldu. Belə ki, Avropanın ən ali məhkəmə orqanı - Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 6 iyul 2023-cü il tarixdə Ermənistanın "Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair" tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib.
Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın qaldırdığı vəsatətin heç bir əsası yoxdur. Verilən qərara əsasən məhkəmə, Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurmasını, ölkəmizin bu barədə suveren hüquqa malik olmasını rəsmən tanımışdır. Qeyd edək ki, rəsmi İrəvan müraciətində iddia etmişdi ki, Azərbaycanın 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaq qərarı qanunsuzdur. Xatırladaq ki, mənfur düşmən iyunun 15-də də BƏM-ə müraciət edərək Laçın yolunun bağlanması ilə bağlı məlumat vermişdi. Lakin onlar unudurlar ki, törədilən hərbi təxribatlar, bununla yolun öz missiyasını icra etməsini məhdudlaşdıran addımlar Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir və bu xüsusda dövlətimiz dərhal Beynəlxalq Hüquq Məhkəməsini məlumatlandırmışdır.
Məhkəmənin ədalətli mövqeyi Azərbaycan tərəfindən birmənalı olaraq alqışla qarşılandı. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəmənin yekdil qərarını sosial şəbəkədəki paylaşımında da vurğuladı. Xarici İşlər Nazirliyi isə Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbini əsassız adlandırdı: "Biz Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd-nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarını alqışlayırıq. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdindən başqa bir şey deyil".
Qəbul edilməlidir ki, Azərbaycan hər hansı üçüncü ölkədə Qarabağ separatçıları ilə heç bir danışıqlar aparmayacaq, eləcə də öz suveren ərazisində beynəlxalq nəzarət mexanizmlərinin strukturuna icazə verməyəcək. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda DSX-nın nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suverenliyinin növbəti ifadəsidir ki, bu gün Avropada da ölkəmizin ədalətli mövqeyinə müsbət yanaşılır və dəstəklənir. Həm də regional təhdidlərin artması artıq kifayət qədər geniş vüsət alıb. Yoldan sui-istifadənin nəticəsidir ki, indi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyətdən ibarət ordu yaradılıb. Mütəmadi olaraq ərazilərimiz gizli yollarla minalanır və terror aktları törədilirdi. Bundan başqa, həmin ərazilərə köçürüləcək mülki insanlarımızın dinc yaşaması da böyük təhlükə altında idi. Reallaşdırılan bərpa-quruculuq işləri ilə yanaşı, ərazinin təhlükəsizliyinin də təmin edilməsi ən vacib məsələlərdəndir. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti məhz bu kimi halların qarşısını alır və alacaq.
Nurlan ABDALOV,
"Respublika".