Azərbaycan Arazdəyəndə növbəti uğur qazandı
Digər xəbərlər

Azərbaycan Arazdəyəndə növbəti uğur qazandı

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar rayonunun Arazdəyən bölgəsində tikilməkdə olan metallurgiya zavodu köçürülür. Bu barədə Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası açıqlama verib. Qurumdan bildirilib ki, Avropa İttifaqının missiyası avadanlıqların başqa yerə təhlükəsiz köçürülməsinə töhfə verir. Prosesin həyata keçirilməsinə Azərbaycan tərəfinin haqlı etirazının da səbəb olma ehtimalı var. Çünki zavodun tikilməsi üçün elə bir yer seçilmişdi ki, bu, Espo Konvensiyasının müddəalarına tamamilə zidd idi.

Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının bölgədəki ekosistemə böyük zərbə vuracağı heç kəsə sirr deyildi. Belə ki,  tullantıların Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalı idi. Ermənistan məhz sərhəddə Azərbaycan tərəfi ilə razılaşdırılmadan belə bir müəssisənin tikintisinə birtərəfli qaydada qərar vermişdi. Bu da "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulması demək idi. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalı idi. Lakin Ermənistan bütün bu qayda-qanunların üstündən keçərək, bölgə üçün ekoloji terror olacaq növbəti əməlini icra etməyə çalışırdı. Buna görə də, rəsmi Bakı adekvat tədbirlər gördü. Nəhayət, rəsmi Bakı Ermənistan hökumətinə diplomatik təzyiqlərini davam etdirərək qarşı tərəfin növbəti əsassız, qanunsuz fəaliyyətinin qarşısını almağa nail olmağı bacardı. Mümkündür ki, bunun nəticəsində zavodun inşasının davam etdirilməsinə Birləşmiş Ştatların "GTB Steel" şirkəti razı olmayıb, investorlar belə bir mübahisəli ərazidə əmlak sahibi olmaq istəməyiblər. Zavodun hansı əraziyə köçürüləcəyi rəsmi olaraq elan edilməsə də, bu barədə erməni mediasında ardıcıl xəbərlər tirajlanır. Bir çox mənbə tikintinin daha təhlükəsiz ərazidə aparılacağını yazır. Lakin zavodun Zod istiqamətinə köçürüləcəyi ilə bağlı iddialar da gündəmdədir. Ekoloq Rövşən Abbasov bildirir ki, əgər bu versiya doğrudursa, deyə bilərik ki, təhlükə hələ tam ötüşməyib. Çünki zavod Zodda daha böyük ekoloji fəlakətlərə səbəb ola bilər:

"İndi zavodun tikintisi üçün Zod istiqaməti düşünülür. Amma hazırda daha diqqətli olmalıyıq, çalışmalıyıq ki, zavod Tərtər çayının hövzəsinə düşməsin. Çünki Zodda elə yerlər var ki, o ərazilər Tərtər çayının hövzəsinə düşür və bu da gələcəkdə yenə Azərbaycan tərəfinin həm etirazına səbəb ola bilər, həm də çayın ekosisteminə təsir edə bilər. Onsuz da işğal dövründə Ermənistan ərazisində aparılan qızılçıxarma işləri Tərtər çayının suyunun keyfiyyətinə çox pis təsir etmişdi. Mən inanıram ki, bu dəfə zavodun tikintisini icra edəcək şirkətin sahibləri doğru yerin seçilməsini Ermənistana şərt qoysun. Çünki əgər bu dəfə də yeri doğru seçməzlərsə, bu zaman Azərbaycan tərəfi daha kəskin etiraz edəcək. Məlumdur ki, Ermənistan Espo Konvensiyasını imzalayıb. Bu Konvensiyaya görə, tikilən hər bir obyekt barədə qonşu ölkələrə məlumat verilməlidir, yəni qonşu ölkələrə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə sənəd göstərilməlidir. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi ekosistem komponentlərinə mümkün təsirləri qiymətləndirir və onun qarşısının necə alınacağını göstərir. Bundan sonra əgər həmin ölkələr etiraz etmirsə, tikintiyə başlanıla bilər. Yəni Ermənistanın istər Arazdəyəndə, istər Zodda tikmək istədiyi zavod Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır".

Yekunda onu qeyd etmək lazımdır ki, Ermənistan və Qarabağdakı separatçı rejimin qalıqları Qarabağ ermənilərinə humanitar yüklərin Bakının təklif etdiyi Ağdam-Xankəndi yolu ilə çatdırılmasına, bu yolun açılmasına qarşı çıxsalar da, yekunda bunun qarşısını ala bilmədilər və etnik ermənilərə ilk humanitar yük sentyabrın 12-də çatdırıldı. Bundan cəmi 3 gün sonra Ermənistanın Arazdəyəndə iri metallurgiya zavodunu inşa etmək qərarından daşınması rəsmi Bakının növbəti uğurudur.

Jalə QASIMZADƏ,

"Respublika".