Azərbaycanın QH-yə sədrliyi platformanın nüfuzunu yüksəltdi
Siyasət

Azərbaycanın QH-yə sədrliyi platformanın nüfuzunu yüksəltdi

Ölkəmizin 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı (QH) dünyanın ən nüfuzlu platformalarındandır. 120 dövlətin bir araya gəldiyi və Birləşmiş Millətlər Təşkilatından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi qurum olan QH-nin məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə xidmət etməkdir. Beynəlxalq problemlərin həlli və yeni dünyanın çağırışlarına cavab vermək missiyası çərçivəsində Qoşulmama Hərəkatı xüsusi əhəmiyyət kəsb edir.

Qlobal sülh, sabitlik və əməkdaşlıq proseslərində Azərbaycanın daha yaxından iştirakı, beynəlxalq məkanda ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi üçün Qoşulmama Hərəkatı kimi nəhəng bir platformanın önəmi böyükdür. “Bandunq prinsipləri”nə tam uyğun olaraq, bütün xalqların dinc yaşamasını və davamlı inkişafını təmin və təşviq edən Qoşulmama Hərəkatı olduqca geniş sferanı əhatə edir. Nəzərə alsaq ki, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə zəifləyir, bu məqamda QH-nin rolu ön plana çıxmaqdadır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Məhz bu xüsusda, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli və davamlı islahatlarla inkişaf etdirilməlidir. "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının fəsadları dünyanın hər yerində hiss olunur. Qoşulmama Hərəkatı böyük təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynayır və yeni dünya düzəninin formalaşmasında fəal iştirak edir. Təsadüfi deyil ki, COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olmuşdur.

Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad qazandı və 2016-cı ildə ölkəmiz 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Sonra isə hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrlik etməsinin təzahürü idi.

Danılmaz faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi müddətində təşkilatın təsir gücü beynəlxalq məkanda daha da genişlənmişdir. Ölkə başçımız 2019-cu ildə QH-nin Bakıda keçirilən sammitində bəyan etmişdir ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Məlum olduğu kimi, COVID-19 pandemiyasının tüğyan etdiyi dövrdə bəzi inkişaf etmiş dövlətlər ehtiyaclarından artıq vaksin almaqla vaksin təminatına ciddi ziyan vurmuşlar. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə olmuşdur. Bu, Azərbaycanı Qoşulmama Hərəkatının sədri kimi təşkilata üzv olan bütün dövlətlərin və xalqların hüquqlarının müdafiəçisinə çevirdi. Nəticədə ölkəmizin təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul olundu. Digər tərəfdən, 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə görülən mühüm işlərdən biri idi. Sammitdə ölkə başçımızın BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyasının keçirilməsi təklifi 150-dən çox ölkə tərəfindən dəstəkləndi. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövrü Hərəkatın tarixində əbədi olaraq qalacaq. Bir çox yeni təşəbbüslərin müəllifi olan Azərbaycan dövləti QH-yə öz töhfəsini daim göstərmişdir. Bu yeniliklərdən biri də Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması idi. Prezident İlham Əliyev bu təşəbbüslə Beynəlxalq Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış etmişdir. Bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycan dövləti tərəfindən reallaşdırıldı. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclası Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin parlament diplomatiyası üçün yeni bir addım idi. Bununla yanaşı, 2022-ci il iyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclər Sammitinin öz işinə başlaması dövlətimizin gənclər siyasətindən irəli gələn ənənəsinin bəhrəsi olaraq qiymətləndirilir.

Prezident İlham Əliyev QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində postpandemiyaya həsr olunmuş sammitin keçirilməsi ilə bağlı irəli sürdüyü təklifin nəticəsi olaraq Bakıda martın 2-də Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupu Zirvə toplantısı keçirilmişdir. Sammitdə postpandemiya məsələləri ilə yanaşı, yeni dünya nizamının formalaşması prosesində beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, "soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları olmuşdur.

Dünən isə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi. Bakı Konqres Mərkəzində baş tutan görüşün ana xətti "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusu idi. Kampala Sammitinə hazırlıq çərçivəsində nazirlərin bu görüşü 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısından sonra əldə edilən nailiyyətləri nəzərdən keçirməyə imkan yaratdı. Prezident İlham Əliyevin çıxışı zamanı bir sıra qlobal məsələlər ön plana çıxarıldı. Azərbaycanın artıq donor ölkəyə çevrildiyini diqqət mərkəzinə gətirən ölkə başçımız Ermənistanın tarixən törətdiyi cinayətləri, Fransanın neokolonializm əməllərini və qlobal təhdidləri bir daha vurğuladı: "Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir".

Xatırlatmaq lazımdır ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olanda bəzi siyasi dairələr Qarabağ məsələsini arqument gətirmişdilər. Lakin reallıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı anti-Azərbaycan təbliğatçılarının ölkəmizin əleyhinə qətnamə qəbul etdirmək arzusuna məhz Qoşulmama Hərəkatının üzvü olan ölkələr mane oldular. Belə ki, 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul edilməsi nəzərdə tutulan bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alınmışdır. Qoşulmama Hərəkatı Azərbaycanın haqq işini daim dəstəkləmişdir: "Xanımlar və cənablar, fürsətdən istifadə edərək, işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə Qoşulmama Hərəkatı ölkələrinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən xüsusilə 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edirəm". Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə vurğulamışdır.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları tələb etməsinə baxmayaraq, Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanında olduğu kimi, postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Bu sammit isə öz növbəsində Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin bariz göstəricisidir.

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Son bir neçə on ildə bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzə qalıb. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli xarakter alır. Halbuki, reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik hökm sürməlidir.

Nurlan ABDALOV,

"Respublika".