Azərbaycan xalqı şübhəsiz ki, 2020-ci ili əsla unutmayacaq. 27 sentyabrda başlayan və 44 gün davam edən döyüşlər müharibənin taleyini tamamilə dəyişdi. Müharibə Azərbaycan xalqına çox şeyi yenidən göstərdi: Xalqımızın və dövlətimizin nə qədər güclü olduğunu, Azərbaycan əsgərinin Vətəni uğrunda ölümə gözüyumulu gedə biləcəyini, qəlbimizdə olan sonsuz Vətən sevgisini...
Müharibə müddətində düşmən tərəfinin yüzlərlə hərbi qulluqçusu qorxaraq döyüş meydanını tərk etsə də, Azərbaycan tərəfi bir saniyə belə geri çəkilmədi. Dövlətimiz müharibədən öncə də, sonra da sülh çağırışlarına prioritet istiqamət kimi yanaşıb. Lakin Ermənistan bu çağırışlara heç vaxt məhəl qoymayıb. Azərbaycanın sülh, əmin-amanlıq çağırışları ölkəmizin xarici siyasətinin müstəqil xarakterini nümayiş etdirir. Mənfur əməllərindən geri qalmayan Ermənistan tərəfi Vətən müharibəsində yenə müharibəni döyüş bölgəsindən kənara çıxarmağa çalışaraq əliyalın əhalini hədəf aldı. Belə ki, işğalçı ölkə 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı vaxtlarda raket hücumları etdi. Hücum nəticəsində 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi. Təəssüf ki, ölən və yaralananlar arasında azyaşlılar da var idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırdı. Ortada olan açıq-aşkar sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumları inkar etdi. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürdü. Raket hücumları BMT, Avropa İttifaqı və qardaş Türkiyə tərəfindən qınandı. Düşmən Gəncə şəhəri ilə yanaşı, döyüş zonasına daxil olmayan digər şəhərlərimizi atəşə tutdu. Birinci Qarabağ müharibəsində erməni mənfurlarının əliyalın əhalimizə yaşatdığı ağlasığmaz zülmlərə baxmayaraq, Azərbaycan ordusu döyüşü sırf döyüş zonasında apardı və qisasımızı döyüş meydanında aldı. "Le Monde" nəşrinin Şuşa uğrunda gedən döyüşlər zamanı yayımladığı bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri əslində müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
44 günlük İkinci Qarabağ müharibəsinin dünya mediasında işıq üzü görməsi onu göstərdi ki, bir çox xarici media qurumlarında erməni əsilli və ya ermənipərəst jurnalistlərin sayı çoxluq təşkil etməkdədir və onların müəllif olduğu yazılarda münaqişəyə qərəzli yanaşmalar açıq şəkildə hiss olunur. Bundan əlavə, bir çox inkişaf etmiş ölkələrdə erməni lobbisinin mətbuata təsiri güclüdür. Müharibə boyunca işğalçı ölkə özünü qurban kimi nümayiş etdirməkdən geri qalmadı və dünya mediasında Azərbaycana ləkə yaxmağa çalışdı. Medianın adına utanc gətirən bu cür addımlar insanları səhv yönləndirməklə ölkəmizi yanlış tanıdır. Ancaq mətbuat bütün konfliktləri obyektiv şəkildə işıqlandırmalıdır ki, əsl həqiqət gələcək nəsillərə də çatdırılsın. Dünyanın ən böyük informasiya agentliklərindən olan Associated Press əsasən Ermənistanın mövqeyindən çıxış etdi və Fransanın real üzünü bizə tanıtdı. Dünya gündəmini müəyyən edən ABŞ-ın nəhəng CNN informasiya kanalı da 44 günlük Vətən müharibəsinə çox geniş yer ayırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ildə Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində də qeyd etmişdi ki, erməni mediası dünyanı aldadır: "Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə təsdiq etmək olar. Mən tarixi həqiqətə və ya döyüş meydanında hər gün