Azərbaycanın iqtisadi inkişafını təmin edən, təkcə enerji ixracatçısı kimi deyil, həm də onu nəql edən tranzit ölkə kimi əhəmiyyətini artıran Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, bölgədə yerləşən ölkələrin öz enerji resurslarını dünya bazarına çıxarılmasında böyük rol oynayır. Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihə ölkələr arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verməklə yanaşı, regionda təhlükəsizliyin və sabitliyin bərqərar olunmasına ciddi təsir göstərir.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə ilk dəfə olaraq Azərbaycan qazının Türkiyə və Gürcüstana nəql edilməsi, "Şahdəniz" yatağının gələcək işlənilməsi üçün addımların atılması Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərin həyata keçirilməsinə zəmin yaratdı. 2011-ci ildə isə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Cənub Qaz Dəhlizi haqqında Bəyannamə energetika sahəsində Azərbaycan ilə Avropa arasında birgə əməkdaşlığın dərinləşməsinə və ölkəmizin zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına imkan yaratdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP-Trans-Anadolu qaz kəməri üzrə imzalanan müqavilə Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verdi. 2014-cü ildə geniş əməkdaşlıq və etibarlı tərəfdaşlıq münasibətləri əsasında ölkə başçımız İlham Əliyev tərəfindən təməli qoyulan Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başladı.
2018-ci il may ayının 29-da dünyanın ən böyük neft-qaz terminalı olan Səngəçal terminalında Cənub Qaz Dəhlizinin açılışı ölkəmizin həyatında çox mühüm bir hadisəyə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi energetika sahəsində Bakı-Tbilisi-Ceyhan layihəsindən sonra Azərbaycanın həyata keçirdiyi böyük strategiyanın davamı, ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövrünün başlanğıcı oldu.
Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: "Biz bu günü burada - Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur... O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır".
Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) regionda enerji təhlükəsizliyini və iqtisadi əlaqələri gücləndirməklə Cənub Qaz Dəhlizinin əsasını təşkil edir. Türkiyə ərazisindən keçən, Gürcüstan-Türkiyə sərhədindən başlayıb Türkiyə-Yunanıstan sərhədində yekunlaşan 1850 kilometrlik boru kəməri enerji şaxələndirilməsinə mühüm töhfə verir. İştirakçı ölkələr arasında regional əməkdaşlığa təkan verərək diplomatik və iqtisadi əlaqələri gücləndirən layihə geosiyasi gərginliyi azaltmaqla daha geniş enerji şəbəkələrinə inteqrasiyaya yol açır. Boru kəmərinin digər Avropa ölkələrinə, o cümlədən Bolqarıstan, Serbiya və Macarıstana da uzadılması planlaşdırılır ki, bu da öz növbəsində regional iqtisadi inkişafı sürətləndirməklə enerji bazarlarının inteqrasiyasını gücləndirəcək.
Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycandan təbii qazın Avropa bazarlarına nəqlini asanlaşdırır. TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) ilə birləşən və İtaliyanın cənubundakı son nöqtəyə çatmazdan əvvəl Yunanıstan və Albaniyadan keçərək 878 kilometrlik məsafəyə uzanan boru kəməridir. Boru kəməri Azərbaycanın