"Humanitar məsələləri qəsdən silaha çevirmək Ermənistanın səmərəsiz strategiyasıdır"
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb:
"Biz sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşınları üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının sürətlə və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə işi davam etdiririk. Həmin vaxtdan 12 gün keçsə də, Ermənistanın tabeliyində olan qeyri-qanuni rejim yolları açmaqdan imtina edir.
Biz beynəlxalq tərəfdaşlarımızı səylərini ikiqat artırmağa, Ermənistana və onun qeyri-qanuni marionet rejiminə bu destruktiv siyasətə son qoymaq üçün təzyiq göstərməyə çağırırıq. "Boz zona"da status-kvonu saxlamaq və humanitar məsələləri qəsdən silaha çevirmək onların səmərəsiz strategiyasıdır".
Ermənipərəst senatora sərt cavab
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin amerikalı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendesin saxta iddialarına cavab olaraq "X" sosial şəbəkəsində etdiyi paylaşımda deyilir:
"Konqresmen Menendes ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, Senatın Xarici Əlaqələr Komitəsinə feyk məlumat və saxta şəkillərlə yalan danışır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar. Bu cür lobbiçilik, "pul danışır" yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir".
Məlumat üçün qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Bob Menendes erməni diasporu ilə sıx əlaqələri ilə tanınır. O, mütəmadi olaraq Azərbaycan dövləti əleyhinə əsassız və saxta ittihamlarla çıxış edir, Qarabağdakı separatizmə açıq dəstək verir.