"Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur".
"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamından.
Bu yazının müəllifi keçmiş Azərbaycan Neft və Kimya İnstitutunda (hazırda ADNSU) təhsilini başa vurduqdan sonra XX əsrin 70-ci illərinin əvvəllərində Bakının qocaman neftçıxarma rayonu olan Lenin (indiki Sabunçu) rayonunda əmək fəaliyyətinə başlamışdır.
1980-ci illərin ortalarına qədər "Azneft" İstehsalat Birliyinin bu rayonda yerləşən müxtəlif müəssisələrində, o cümlədən həmin əmək kollektivlərinin seçkili vəzifələrində çalışmışam. 1978-ci ildə 1200-dən çox partiya üzvünü birləşdirən "Leninneft" NQÇİ-nin partiya komitəsinin katibi seçildim.
1980-ci il 26 yanvar tarixində məlumat verildi ki, növbəti gün Sov.İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan Kommunist Partiyasının birinci katibi, Azərbaycan SSR Ali Sovetinin 10-cu çağırış deputatlığa namizəd Heydər Əliyevin rayonun bir neçə müəssisə və təşkilatlarında, o cümlədən "Leninneft" NQÇİ-nin 9 nömrəli neft mədənində seçicilərlə görüşü keçiriləcək.
Bu məlumatı alan kimi elə həmin gün NQÇİ-nin rəhbərləri ilə birlikdə 9 nömrəli neft mədənində olduq, müvafiq tövsiyələr verdik. Təyin olunan gün saat 08.30-da NQÇİ-nin rəhbərləri, mədənin sahə mühəndisləri və digər işçilər Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədimizlə görüşmək üçün müəssisənin əsas kontorunun binası qarşında yığışmışdıq. Bir saatdan sonra burada respublika rəhbərini qarşıladıq.
Həmin günlə bağlı təəssüratlarım o qədər zəngindir ki, onlardan bəzi epizodları yazıya əlavə etmək istərdim. Heydər Əliyev dispetçer pultunun fəaliyyəti ilə tanış olduqdan sonra neft quyusuna yaxınlaşdı və onun istismar vəziyyəti və debiti ilə maraqlandı. Sahənin mühəndis-texniki işçiləri tərəfindən dərhal dəqiq və əsaslı şəkildə praktiki izahatlar verildi.
Bundan sonra mədənin qırmızı guşəsində seçicilərlə görüş keçirildi. Buraya 100-dən çox neftçi toplaşmışdı, onlar əllərində tədbirlə bağlı müxtəlif portret və plakatlarla gəlmişdilər. Rəyasət heyətində Heydər Əliyev, eləcə də respublikanın bir sıra mərkəzi icra hakimiyyəti qurumlarının rəhbərləri, şəhər və rayon rəhbərliyi əyləşmişdi.
Neftçilərin çıxışları zamanı Heydər Əliyev onların arzu və istəklərini, seçici tapşırıqlarını maraqla dinləyir, həllini tapmamış problemləri barədə əlavə suallar verirdi. Onun üçün insanların həyatı çox vacib idi.
Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd Heydər Əliyevin valehedici və parlaq çıxışı iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. O, çıxışında Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf templərindən, həmçinin rayon müəssisələrinin, o cümlədən qocaman neft-qazçıxarma idarəsinin uğurlarından danışaraq seçicilərin tapşırıqlarının və neftçilərin müraciətlərinin yerinə yetirilməsi istiqamətində konkret işlərin görülməsinə xüsusi diqqət yetirdi.
Burada qeyd etmək istəyirəm ki, Heydər Əliyevlə tez-tez görüşən və bilavasitə onun idarəçiliyində çalışan insanlar vurğulayırdılar ki, ulu öndər çıxışlarına və ya müxtəlif sahələr üzrə mütəxəssislərlə söhbət etməyə hazırlaşarkən onu maraqlandıran məsələ ilə bağlı çoxsaylı elmi və informasiya məlumatları nəzərdən keçirər, qeydlər edər və istənilən mütəxəssislə bərabər yüksək səviyyədə danışmağa hazır olardı. Bir sözlə, neftçilərlə seçkiqabağı görüşündə də bu dahi insanın məsələyə necə dərin və ciddi münasibət göstərməyinin canlı şahidi olduq.
Tədbirin sonunda Heydər Əliyev toplantı iştirakçıları ilə hərarətlə sağollaşdı, onlara yeni uğurlar və qələbələr arzuladı. Mənə isə əlimi sıxaraq daha məhsuldar işləməyi, işdə daha çox inamlı və cəsarətli olmağı tövsiyə etdi.
Həmin görüşdən təxminən iki ay sonra Heydər Əliyevin məsləhəti ilə keçmiş SSRİ Nazirlər Soveti sədrinin müavini Leonid