Azərbaycan müəllimlərinin XVI qurultayı öz işini davam etdirir
Gündəm

Azərbaycan müəllimlərinin XVI qurultayı öz işini davam etdirir

Dekabrın 15-də Bakı Konqres Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb. Respublikada fəaliyyət göstərən məktəbəqədər, ümumi, orta ixtisas, peşə, ali təhsil və elm müəssisələrini təmsil edən 1600-dən çox nümayəndə və 300-dək qonağın iştirak etdiyi qurultayda Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edildi. 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərindən bəhs edən və "Heydər Əliyev milli təhsil strategiyasının banisidir" adlı videoçarxlar nümayiş olundu.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.

Milli təhsilin tərəqqisinə, təhsil işçilərinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşan ölkə başçısının ünvanladığı təbrik məktubunda deyilir: "Azərbaycan müəllimlərinin XVI qurultayının öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, ölkəmizin təhsil işçilərinə ən xoş arzularımı yetirir, hamınıza cansağlığı və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram. Bu qurultay "Heydər Əliyev İli" çərçivəsində keçirilməsi və ümummilli liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdardır. Ulu öndər genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşmış və misilsiz qayğı göstərmişdir...".

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayının ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilinə təsadüf etməsinin hər bir təhsil işçisi üçün qürurverici olduğunu söylədi. Ötən qurultaydan keçən 5 il ərzində görülən işlərdən, aparılan islahatların dinamik xarakter almasından, eyni zamanda növbəti illərdə Azərbaycan təhsil sisteminin inkişafı üçün müəyyənləşdirilən istiqamətlərdən bəhs edərək dedi: "Bundan əvvəlki qurultayda arzuladığımız işğalda olan torpaqlarımızın azad edilməsi bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinə, elminə müsbət təsir göstərən tarixi hadisədir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Böyük Qayıdış proqramında təhsillə bağlı bir sıra mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Belə ki, Şuşa, Füzuli, Zəngilan, Laçın və Tərtər rayonlarında müxtəlif təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması nəticəsində hazırda 7 təhsil müəssisəsində təhsil alan 550 şagirdin təlim-tərbiyəsi ilə 84 müəllim məşğul olur. Təbii ki, bu hər birimizin qürurla, iftixarla qeyd etdiyimiz məqamdır. Böyük Qayıdış ölkə təhsilinin növbəti onilliklərini müəyyənləşdirən bir prosesdir. Şuşanın ən böyük tarixi abidəsi olan Şuşa Realnı Məktəbi, Zəngilan, Qubadlı və Ağdamda məktəblərin tikilməsi bunun əyani sübutudur".

Genişmiqyaslı layihələrin reallaşdırıldığını qeyd edən nazir ilk olaraq 2020-ci ildə bütün dünyaya yayılmış COVID-19 pandemiyasının ümumi təhsil sisteminə mənfi təsirlərinin aradan qaldırılmasının qarşıda dayanan əsas vəzifə olduğunu bildirdi. Məktəbəqədər təhsilin ümumi təhsil sisteminin ən vacib hissəsi hesab edildiyini və bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1-5 yaş arası uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında xeyli irəliləyişlərin olduğunu diqqətə çatdırdı. Təhsilin bütün pillələrində əldə olunan nailiyyətlərdən, bu sahədə tətbiq olunan yeniliklərdən danışan E.Əmrullayev Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasından, ölkə başçısının sərəncamı ilə xaricdə təhsil proqramının davam etdirilməsindən və bu kontekstdə milli təhsil sistemində keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün atılan düşünülmüş addımlardan söz açdı. Bütün bunlarla bərabər, bu sahədə problemlərin olduğuna da diqqət çəkərək ümumtəhsil prosesində yanaşmaların, metodologiyanın dəyişməsinə ehtiyac olduğunu vurğuladı.

ADA Universitetinin rektoru Hafiz Paşayev sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklərin daim yenilənməli olduğunu qeyd etdi: "Tədris materialları gerçək həyata uyğunlaşdırılmalıdır. Gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi təmin olunmalıdır. Xüsusilə vurğulamaq istərdim ki, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq düzgün deyil. Dövlət strategiyasının tələbinə uyğun, demokratiya prinsiplərinə və xalqın milli adət-ənənələrinə, azərbaycançılıq ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdir. Onların kamilləşməsi, müəyyən peşəyə yiyələnməsi, həyata düzgün baxışının formalaşmasında ədəbiyyatın, xüsusən də klassik əsərlərin təsiri çox böyükdür. Bu yolla hətta tarixin də daha mükəmməl və həvəslə öyrənilməsinə nail olmaq olar. Odur ki, ədəbiyyat fənninin məzmununa, metodikasına, təşkilinə xüsusi diqqət ayrılmalıdır. Bu gün biz xalq olaraq Azərbaycanın suveren hüdudlarının bərpa olunmasında sonuncu nöqtəni qoyduq. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 3 il əvvəl qazandığı zəfəri davam etdirərək Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Bununla yanaşı, Böyük Qayıdış prosesi sürətlə və hərtərəfli şəkildə davam edir. Mürəkkəblə deyil, qanla yazılan yeni salnaməmiz, Azərbaycanın dünyaya açıq siyasəti bü günkü tədris prosesinin aparıcı istiqamətlərindən olmalıdır. Bu istiqaməti gənclərə anlaşıqlı, ruhlandırıcı və yaradıcı şəkildə çatdırmaq müəllimlərin üzərinə düşən vəzifədir. ADA Universiteti fəaliyyətdə olduğu 7 il ərzində keyfiyyətli müəllimlərin yetişdirilməsini prioritet məqsəd kimi qarşıya qoymuşdur. Əgər ilkin mərhələdə biz onları Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən və aparıcı universitetlərdə təhsilini bitirənlər arasında tapırdıqsa, sonrakı illərdə onların sırasına xaricdə təhsil Dövlət Proqramının məzunları da qoşuldu. Lakin qarşımızda duran təhsilin inkişaf prioritetlərini nəzərə alsaq keyfiyyətli müəllim yetişdirmək missiyası sadəcə xaricdən məzunların tapılmasından asılı ola bilməz. Bildiyiniz kimi, ADA Universiteti orta təhsil sahəsində də müəllimlərin hazırlığına töhfə vermək üçün Qori Müəllimlər Seminariyasının varisi olan Qazax Müəllimlər Seminariyasının tarixi binasını və onun maarifçi missiyasını bərpa etmişdir. Burada bir əsr əvvəl yandırılan elm işığını daha da gur yandıraraq yeni nəsil maarifçilər yetişdiririk".

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova, Bərdə şəhəri 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Vətən müharibəsi iştirakçısı Ceyhun Əsədov qurultayın plenar iclasında çıxış edərək milli təhsilimizin inkişafının dövlət siyasətinin prioritet istiqaməti olduğunu, ölkə başçımızın bu sahəyə xüsusi diqqət ayırdığını bildirdilər.

Həmin gün "Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili", "İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış", "Azərbaycan dili yeni çağırışlar müstəvisində", "Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası", "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", "Peşə təhsili və gələcək üçün bacarıqlar", "Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri", "Elm və ali təhsilin inteqrasiyası", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil", "Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi" mövzularında panel sessiyalar da keçirildi.

Qurultay işini bu gün yekunlaşdıracaq.

Mehparə ƏLİYEVA,

"Respublika".