Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələr hər iki dövlətin müstəqilliyini elan etməsindən bir il sonra qurulub. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin aprel ayının 27-də qurulub. 2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycanda səfirliyi yaradılıb. Azərbaycanın Macarıstandakı səfirliyi isə 2004-cü il sentyabrın 1-də açılıb. Macarıstanın Baş naziri Viktor Orbanın 2016 və 2019-cu il tarixlərində Azərbaycan Respublikasına səfərləri baş tutub. 2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatların üzvüdür. Bundan əlavə, zəngin tarixə sahib olan Macarıstan Avropanın ən çox turist qəbul edən ölkəsi hesab edilir. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Hər iki ölkə yüksək iqtisadi potensiala sahibdir. Enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əlaqələr, qarşılıqlı investisiyalar daha da artırılır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Bu il yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda rəsmi səfərdə olub. Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilib və Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulanıb.
Səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Viktor Orban Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə də "Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə"yə əsasən Azərbaycanla Macarıstanın strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələri əhatə etməsinə hüquqi zəmin yaradıb.
Səfər zamanı mətbuata bəyanatla çıxış edən V.Orban iki ölkə arasında əməkdaşlığın genişləndirildiyini bildirib: "Biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır".
Xatırladaq ki, 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını hər zaman ifadə edib.
İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi