Yaşadığımız müasir dövrdə olduqca ciddi siyasi-iqtisadi proseslər cərəyan edir. Bir çoxları baş verənləri dünyanın yeni nizamının formalaşması, beynəlxalq münasibətlər sisteminin yenidən inşa olunması ilə izah edirlər və qlobal güclərdən tutmuş kiçik ölkələrə kimi bütün dövlətlərin bu nizamda mümkün qədər əlverişli mövqelərə sahiblənmək istədiklərini düşünürlər. Ölkələrin daxilində baş verən kataklizmlər bəşər övladı üçün təəccüb doğurmayan proses olsa belə, qısa tarixi mərhələdə dövlətlərarası münasibətlər kontekstində baş verən sürətli dəyişikliklər siyasi analitika və proqnozlaşdırma üçün sözün əsl mənasında başağrısına çevrilib. Çünki son bir neçə ildə əski düşmən dövlətlər arasında nəzərəçarpacaq yaxınlaşma və hətta tərəfdaşlıq münasibətlərinin formalaşması bir tərəfdən, keçmiş müttəfiqlərin, hətta qardaş xalqların isə bir-birinə qənim kəsilməsi isə digər tərəfdən bir o qədər də asan izah olunan məsələlər deyil.
Vaxtilə yaxın dost və mehriban qonşular olan Azərbaycanla İran arasında münasibətlərin gərginlik dövrünə qədəm qoyması da bu qəbildən olan hallardan biridir. Rəsmilərin sərt bəyanatları, hərbçilərdən tutmuş deputatlara və ekspertlərədək, mediadan tutmuş sosial şəbəkələrdəki fəallara qədər geniş arealda müşahidə olunan qarşılıqlı ittihamlar heç də xoşagələn hal deyil.
AZƏRTAC Azərbaycan-İran münasibətlərinin tarixinə və bu tarixin izi ilə keçmişdən gələcəyə gedən yola nəzər salır.
Bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasındakı telefon danışıqlarında da bəhs etdiyimiz problemlər müzakirə edilib, situasiyadan çıxış yolları aranıb. Bəli, rəsmilər də yaxşı dərk edirlər ki, ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçimi yoxdur: bu, tarixi, siyasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb sadədir: Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında biri-biri ilə tarixi, mədəni və s. bağlara malik dövlətlərdir.
Tarixin izi ilə gedərkən, biz İranın dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında və qüdrətlənməsində, mədəni tərəqqisində azərbaycanlıların həqiqətən də böyük rol oynadığının şahidi oluruq.
Azərbaycanlıların müasir İran ərazisində hələ İslamın qəbulundan əvvəl yaşamış əcdadları IV əsrdən başlayaraq yaşayış məntəqələri formalaşdırmaqla yanaşı, hakimiyyətin və dövlətçiliyin də əsasını qoymağa başlamışdılar. Fars tarixçiliyində və ədəbiyyatında Əfrasiyab şah kimi qeyd edilən xaqan Alp Ər Tunqa ("Təbakəti Nəsəri" və "Divanı Lügatit-Türk") müasir İran ərazisində ilk azərbaycanlı hökmdar olub. Onun nəslindən olan sacilər, qəznəvilər və səlcuqlar sonradan İranla yanaşı, qonşu ölkələri də idarə ediblər. Daha sonra isə Atabəylər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri yaranıb ki, onları idarə edən azərbaycanlı hökmdarlar İranın hakimi-mütləqləri olublar.
İranın çiçəklənmə dövrü Sultan Mahmud Qəznəvinin hakimiyyəti illərinə düşür. Sultan Mahmud Hindistana 17 dəfə yürüş edərək, nəhayət, onun fəthinə nail olub. Qara Yuluq Osman bəydən sonra taxta oturmuş Uzun Həsənin dönəmində isə Ağqoyunlular Xorasandan Anadoluya, Qafqazdan Ərəbistan dənizinə qədər böyük bir ərazinin sahibi olublar.
1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı ilə yerli tayfaların Anadolu ətrafında birləşməsi və Ağqoyunlu dövlətinin dağılması ilə Təbrizdə elan olunan Səfəvilər sonradan xanədana çevrildi, 1736-cı ilədək ölkəni idarə etdi. Həmin sənədə Əfşarlar sülaləsinin yetirdiyi böyük azərbaycanlı Nadir şah səltənətinin sərhədlərini Hindistanın Dehli şəhərinədək genişləndirmişdi. Məhz Nadir şah Dehlinin fəthindən sonra əldə etdiyi nəhəng xərac sayəsində ölkəsində tam üç il ərzində vergiləri faktiki olaraq ən aşağı səviyyəyə endirmiş, İranın ağır yaralarını sağaltmışdı.
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra hakimiyyət uğrunda davam edən uzun mübarizədən sonra taxta çıxan Ağa Məhəmməd şah Qacar 1796-cı ildə paytaxtı Tehran olan Qacarlar dövlətini qurmuşdu. Qacarlar ta 1925-ci ilədək - Pəhləvi sülaləsi hakimiyyətə gələnədək İranı idarə ediblər.
Ümumiyyətlə, tarixə