Dünya ölkələrinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıqları həm dövlətlər arasında əlaqələrin genişlənməsinə, həm də bu münasibətlərin davamlı olmasına mühüm töhfələr verir. Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim nümunə olmuşdur. Ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır.
İki dövlət arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuş, Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır. Şimal-qərb qonşumuz ilə əlaqələrin tarixi 1992-ci illərə təsadüf edir. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əsaslı zəmin yaratmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə iki dövlət arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Gürcüstanla ölkəmiz arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Şimal-qərb qonşumuzla əlaqələr özünü iqtisadi sahədə daha çox büruzə verir. İlk olaraq iki ölkəni bir-birinə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bundan başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər qurumlar çərçivəsində əməkdaşlıqlar da mühüm əhəmiyyət kəsb edir. Əlaqələrin genişlənməsində 1998-ci ildə baş tutmuş tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın da özünəməxsus rolu olmuşdur. Bununla yanaşı, 1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəmərinin işə salınması iqtisadi sahədəki irəliləyişlərə təkan verdi.
Ən vacib məqamlardan biri isə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi və fəaliyyətə başlaması idi. Belə ki, 2005-ci ilin may ayında sözügedən neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsi istifadəyə verilmişdir. Bu kəmər vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə Avropa bazarlarına neft nəql edilməkdədir. BTC boru kəməri, regiondan hasil edilən nefti dünya bazarlarına çatdırmağa imkan verməklə yanaşı, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına da zəmin yaratmışdır. Kəmərin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym, Gürcüstanda isə 46 düymdür.
Azərbaycan, həmçinin Gürcüstana ən çox investisiya yatıran ölkələr sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) timsalında dövlətimiz Gürcüstana 1.5 milyard ABŞ dollarından çox sərmayə yatırmışdır. Əlavə olaraq, SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindən biri hesab olunur. Şirkət şimal-qərb qonşumuzun sosial sahə üzrə layihələrinə təkcə 100 milyon ABŞ dolları dəyərində yatırımlar etmişdir. Bu addımlar iki ölkə arasındakı strateji əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında Gürcüstana səfəri zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləmişdir: "Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik".
Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində