Avropa və Amerikanın siyasi oyuncağı
Digər xəbərlər

Avropa və Amerikanın siyasi oyuncağı

Ermənistanın Avropa Amerika ilə əlaqələrinin genişləndiyi bir dövrdə himayədarı olan Rusiyaya qarşı əks mövqeyi maraq doğurur. Rəsmi İrəvanın Qərbə meyli himayədarına üz çevirməsi hansı siyasi gedişin göstəricisidir? Qlobal güclərin Cənubi Qafqazdakı məramı nədir? Ermənistandakı rusfob aksiyaların keçirilməsi nədən xəbər verir? Regiondakı bu qarışıqlığı Azərbaycan Texniki Universitetinin professoru, fəlsəfə elmləri doktoru, politoloq Qabil Hüseynli şərh etdi.

Onun fikrincə, Cənubi Qafqazda Rusiyaya ən yaxın strateji ölkə Ermənistandır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Avrasiya birliyinin üzvü kimi Rusiya ilə sıx münasibətlərə sahibdir. Cənubi Qafqaza erməniləri "dartıb gətirən" məhz keçmiş Rusiya imperiyası olmuşdur. Rusiyanın Ermənistan ərazisində bir neçə hərbi bazası da var. Avropanın Amerikanın mövqeyi ilə ziddiyyət təşkil edən bu bazaların ən önəmlisi Gümrü şəhərində yerləşən 102-ci hərbi briqadadır ki, bu bazadan Rusiya NATO əleyhinə güc kimi istifadə edir. Buna görə etirazçılar çox vaxt bu bazanın önündə şüarlar səsləndirirlər.

Qərb Ermənistanı Rusiyanın ağuşundan çıxarmaq istəyir. Çünki Qərbin əsas strateji niyyəti Rusiyanı beynəlxalq təşkilatlardan təcrid etməkdir.

Qərb artıq bu prosesi Gürcüstanın timsalında həyata keçirməyə çalışır. Eynilə Ermənistanın da Avropaya sürətli inteqrasiyası üçün müəyyən cəhdlər edir. Cənubi Qafqaz ölkələri ilə yanaşı, hətta Orta Asiya ölkələri bu prosesə cəlb edilir. Görünür ki, artıq Ermənistanın hakim dairələri bu çağırışa müsbət reaksiya verir. Ermənistan KTMT-dən çıxmaq üçün müəyyən addımlar atır. Belə ki, yanvar ayında İrəvanda keçirilmiş son Zirvə toplantısının ev sahibi olmasına baxmayaraq KTMT-nin növbəti hərbi təlimlərinin Ermənistanda keçirilməsindən imtina etməsi Ermənistan ilə Rusiya arasındakı körpülərin yandırılmasını göstərir. Bu səbəbdən Rusiyanın Ermənistanda siyasi çevriliş etmək istəyi sirr deyil. Məhz Qarabağ ərazisinə çirkli pulların yuyulması üzrə "mütəxəssis" olan Ruben Vardanyanın gətirilməsi bu fikri təsdiq edir. Politoloq hesab edir ki, Ermənistandakı mövcud rejimi devirmək üçün Rusiya bu kimi addımları davam etdirəcək.

Avropa Amerikanın yeritdiyi bu siyasət şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi kimi dəyərləndirilir. Rusiyanı təkləmək cəhdləri məhz bundan xəbər verir. Son döyüşlərdə Ukraynanın müəyyən qədər üstünlüyü ələ alması bu prosesi daha da sürətləndirəcək. Bu üstünlük həm Qərbin üstünlüyü sayılır. Rusiyaya tətbiq edilən ciddi sanksiyalar da məhz bu planın bir parçasıdır.

N.ABDALOV,

"Respublika" .