Qərbi Azərbaycan İcması öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın hüquqlarını qorumaq üçün davamlı addımlar atır. Bu çərçivədə İcma beynəlxalq səviyyədə məsələnin həllinə səy göstərir. 44 günlük Vətən müharibəsindən öncə bu barədə gedən danışıqlar imkansız kimi görünsə də, bu gün artıq Qərbi Azərbaycan İcması Avropa ilə sıx dialoq aparır.
Qalib ölkə kimi regionda yaratdığımız yeni reallıqların fonunda Qərbi azərbaycanlı soydaşlarımızın doğma torpaqlarına qayıtması Azərbaycan dövlətinin gündəliyində əsas yer tutur. Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlanması siyasi və hüquqi baxımdan çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Belə ki, sözügedən sənədin yayımlanması İcmanın beynəlxalq səviyyədə tanınmasını təmin edir və haqq səsimizin dünyada yayılmasına xidmət göstərir. Xüsusilə, Qayıdış Konsepsiyasının vacib başlıqlar altında yayımlanması birbaşa Ermənistana qarşı ictimai fikrin formalaşdırılması üçün əsas alətdir.
Qərbi Azərbaycan İcması mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərərək həmin qurumları Qərbi azərbaycanlıların geri qayıdış hüququnun təmin olunması, eləcə də bununla bağlı monitorinqlər aparılmasına Aİ-nin müdaxiləsini xahiş etmişdi. İyunun 12-də bu müraciətlərə rəsmi cavab verən Aİ bildirib ki, bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu birmənalı şəkildə dəstəkləyir və bu məsələnin sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.
Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında davamlı sülhün yaradılmasında, münasibətlərin normallaşmasında və Cənubi Qafqazdakı sabitliyin bərqərar olmasında maraqlıdır. Məhz bu məqamda, qurumun Qərbi azərbaycanlı həmvətənlilərimizin hüquq və azadlıqlarının bərpası üçün atacağı addımlar olduqca böyük önəm kəsb edir. Bununla yanaşı, Avropa İttifaqının soydaşlarımızın öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olması və İcmanın fasiləsiz fəaliyyətinin nəticəsidir. Humanizm və beynəlxalq hüquq çərçivəsində Avropanın da əsas fəaliyyət prinsipi kimi soydaşlarımızın tez bir zamanda yurd-yuvalarına qayıdışını təmin etmək, heç şübhəsiz qurumun əhatə dairəsini və nüfuzunu önəmli şəkildə artıracaq.
Avropa və Qərbi Azərbaycan İcması arasındakı qarşılıqlı səmərəli dialoqun daha bir nümunəsi kimi, İcmanın bu il martın 27-də BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqət çəkməsini göstərmək olar. Qeyd edək ki, İcma öz müraciətində bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana səlahiyyətli missiyanın göndərilməsini rica etmişdir. Bununla yanaşı, Qərbi Azərbaycan İcması məsələyə beynəlxalq nəzəri cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar ilə davamlı təmaslar qurur. Bunun nəticəsi kimi, UNESCO-nun Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavabında bildirilib ki, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələ qurumun mandatına birbaşa aiddir və müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunur.
UNESCO-nun Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verməsi çox önəmlidir. Təşkilatın mətbuat xidmətinin bu barədə açıqlamasında qeyd edilir ki, UNESCO-nun İcmaya göndərdiyi məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin məhvi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbərliyinin artması, o cümlədən UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır. İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin məhv edilməsinin dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək. Qürurvericidir ki, BMT Katibliyi Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İcmanın rəhbər heyətinin