Avropa Şurası Parlament Assambleyasının 2-ci plenar iclası Avropa Şurasının (AŞ) Baş katibi Mariya Buriçin parlamentarilərin suallarını cavablandırması ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropalı parlamentarilər onları maraqlandıran suallarla Baş katibə müraciət ediblər.
Sonra AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun məruzəsi əsasında hazırlanmış "İfrat sağçı ideologiya: Avropada demokratiya və insan haqları üçün çağırışlar" adlı qətnamə layihəsinin müzakirəsi olub. Əvvəlcə S.Seyidov çıxış edərək, Parlament Assambleyasını Avropada demokratiya və insan haqlarının qorunmasına və gücləndirilməsinə töhfə verməyə və bu qətnaməni qəbul etməyə çağırıb. Bildirib ki, insan haqları, demokratiya və qanunun aliliyi kimi ümumi dəyərlərə sadiqlik sülh üçün ilkin şərtdir. Bu dəyərləri sarsıtmağa, demokratiyanı rədd etməyə çalışan, insan hüquqlarını pozan, qanunun aliliyinə məhəl qoymayan ideologiyalar bu dəyərlərə müxalifdir. Bildirib ki, ifrat sağçı ekstremizm ksenofobiya, antisemitizm, islamofobiya və cəmiyyətlərimiz üçün ciddi təhlükə yaradan digər zorakılıq növləridir. İfrat sağçı ekstremizm Avropa ölkələrində sürətlə artan təhlükələrdən biridir.
O, ifrat sağçı ideologiyanın ictimai sahədə geniş yayılması insan hüquqları, demokratiya və hüquqi dövlət ilə bir araya sığmayan ideologiyalara qarşı qoruyucu tədbirlərin təkmilləşdirilməsi və uyğunlaşdırılması zərurətini qeyd edib.
Avropalı parlamentarilər qətnamə layihəsinin mövzusunun vacibliyini vurğulayıblar. Qətnamə layihəsi müzakirə olunduqdan sonra səsə qoyularaq qəbul edilib.
Qətnamə layihəsinin müzakirələri zamanı erməni deputatlar həmişə olduğu kimi destruktiv mövqelərini yenə nümayiş etdiriblər. Onlar ifrat sağçı ekstremizmdən elə ifrat sağçı ekstremistdən də zorakı danışıblar.
Plenar iclas Fransanın Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsi ilə bağlı məruzənin müzakirəsi ilə işini davam etdirib.